www.science.az
24.10.2018 14:10

Azərbaycanlı alimlər İsraildə keçirilən beynəlxalq seminarda iştirak ediblər

22-23 oktyabr tarixlərində İsrail Elmlər və Humanitar Akademiyasında "Zəlzələ seysmologiyası və geodinamika" mövzusunda seminar keçirilib.

Tədbir AMEA ilə İsrail Elmlər və Humanitar Akademiyası arasında bağlanmış rəsmi sazişə əsasən baş tutub.

Seminarın keçirilməsində məqsəd seysmologiya və geodinamika sahəsində hər iki ölkədə aparılan prioritet tədqiqatlarla tanış olmaq, birgə araşdırma perspektivlərini müəyyənləşdirmək və elmi əlaqələri inkişaf etdirmək olub.

İsrail universitetlərindən və geoloji xidmətindən 20-dən çox alimin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, yer elmləri üzrə elmlər doktoru Qulam Babayev və həmin müəssisənin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov təmsil ediblər.

Seminarın açılış mərasimində İsrail Elmlər və Humanitar Akademiyasının prezidenti, professor Nili Cohen və akademik Fəxrəddin Qədirov çıxış edərək tədbirin önəmini qeyd edib, iclasın seysmoloji və geodinamik təhlükəli problemlərin öyrənilməsi istiqamətində mütəxəssislər üçün mühüm platforma olduğunu söyləyiblər.

Daha sonra seminar öz işini İsrail Elmlər və Humanitar Akademiyasının Yer elmləri üzrə vitse-prezidenti, professor Zvi Ben-Avrahamın və akademik F.Qədirovun sədrliyi ilə dörd seksiyada davam etdirib. Azərbaycanlı alimlər burada dörd elmi məruzə ilə çıxış ediblər. AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Azərbaycanın seysmik şəbəkəsi və görülən işlər" haqqında iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.  

Tədbir iştirakçıları Azərbaycanın seysmik və geodinamik şəbəkəsinin Şərqi Aralıq dənizi-Ərəbistan-Qafqaz sintaksisində aktiv textonikanın və seysmik təhlükənin  öyrənilməsində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

İki gün davam edən seminarın sonunda gələcək tədqiqatların aparılması üçün birgə elmi proqramın hazırlanmasının vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.