www.science.az
22.10.2018 12:57

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb.

Çoxcildliyin 71-ci kitabındakı materiallar 2015-ci ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir.

Kitabda Prezident İlham Əliyevin Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri zamanı “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxışı, terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr barədə materiallar yer alıb. Nəşrə dövlətimizin başçısının Sammitlə bağlı hazırlanmış xüsusi buraxılışda dərc olunmuş “Ümumi strategiyanın formalaşdırılması” məqaləsinin mətni daxil edilib. 

Bundan başqa, kitabda Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri zamanı Birgə Bəyannaməni imzalamasına, Marneulidə “Çay evi” Tədris Mərkəzi ilə tanışlığına, Fransaya işgüzar, Belarusa rəsmi və Çin Xalq Respublikasına dövlət səfərlərinə, dövlətimizin başçısına Çinin Renmin Universitetinin “Tarix üzrə Fəxri professor” diplomunun təqdim edilməsi mərasiminə dair informasiyalar toplanıb.

Bu cilddə Prezident İlham Əliyevin müxtəlif nitq və çıxışları, KİV-lərə bəyanatları, həmçinin məktubları ilə tanış olmaq mümkündür.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Yaponiya, Monteneqro, Rusiya, Pakistan, Malta, Avstraliya, ABŞ, Böyük Britaniya və digər dövlətlərin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Dünya Bankı, ATƏT, BMT və başqa təşkilatların yüksəkvəzifəli şəxslərini, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul etməsi barədə materiallar daxil edilib.

Kitabda, həmçinin Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqinin, Azərbaycan Respublikası V çağırış Milli Məclisinin ilk iclasında, ISESCO Baş Konfransının Bakıda keçirilən XII sessiyasının açılışında çıxışlarının mətnləri də verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.