www.science.az
18.10.2018 09:33

Xorvatiyalı alim Coğrafiya İnstitutunda məruzə ilə çıxış edib

Xorvatiyanın Okeanologiya və Balıqçılıq İnstitutunun Okeanın kimyası və çöküntüləri laboratoriyasının rəhbəri, fəlsəfə doktoru Qrozdan Kuspiliç AMEA-nın Coğrafiya İnstitutunda “Xəzərin Azərbaycan sahillərində sahilyanı və keçid sularının ayrılması” mövzusunda məruzə ilə çıxış edib.

Alim Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində həyata keçirilən “Sahilyanı və keçid sularının ayrılması” pilot işi barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, sözügedən layihə Azərbaycan da daxil olmaqla, altı keçmiş sovet respublikasını əhatə edir.

Q.Kuspiliç məruzəsində layihədə nəzərdə tutulmuş su laboratoriyalarının vəziyyətinin yaxşılaşdırılması, onların İSO standartlarına uyğun fəaliyyətlərinin davam etdirilməsi, Azərbaycanda çay-hövzə idarəetmə planlarının hazırlanması və bu sahədə potensialın artırılmasından danışıb.

Bundan əlavə, sahilyanı suların ayrılması, onların vəziyyətinin öyrənilməsi və yaxşılaşdırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.