www.science.az
17.10.2018 14:38

Şərəfli ömür yolu

Belə bir deyim var: “Yaxşı insanları tanımaq xoşbəxtlikdirsə, onları tanıtmaq ikiqat xoşbəxtlikdir”.

17 oktyabr 2018-ci il tarixində Əməkdar elm xadimi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Akif Paşa oğlu Gərayzadənin anadan olmasının 80, elmi fəaliyyətinin 60 ili tamam olur!

Hər bir insan yaş üstünə yaş gəldikcə tez-tez keçdiyi həyat yoluna nəzər salır, onun acılı-şirinli anlarını yenidən yaşayır. Yola saldığımız əsrin 70-ci illərinin sonu əvvəlcə mühəndis, aspirant, bir qədər sonra isə bir yerdə işləyən həmkar kimi təmasda olduğum dəyərli ziyalı Akif Gərayzadəni həmişə ciddi, xoşxasiyyət, xeyirxah, heç kimin qarşısında gözükölgəli olmayan insan kimi tanıyıram. Bu illər ərzində Akif müəllimdə öz sənətinə vurğunluğun, elmdə ciddiliyin, dostluqda sadiqliyin, müsahibini təmkinlə sona qədər dinləmək bacarığının, vətəninə, xalqına hədsiz sevgisinin şahidi olmuşam. O, həm də istedadı ilə ölkəmizdə, keçmiş SSRİ məkanında və dünyada böyük­­­­­ nüfuz qazanmış alimdir. Respublikamızda torpaq fizikasının inkişafı, xüsusilə  torpağın energetikası, elektrik, maqnit, optik  xassələrinin öyrənilməsi məhz onun adı ilə bağlıdır.

A.Gərayzadə vətənimizin dilbər guşəsi olan Quba şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi Bakıda bitirdikdən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universitetinin) tələbə kollektivinə qoşularaq, taleyini fizika elminə bağlayır. Tələbəlik illərini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan SSRİ Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda görkəmli alim SSRİ EA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü V.R.Volobuevin laboratoriyasında  kiçik elmi işçi kimi fəaliyyətə başlayır. İlk dəfə olaraq A.Gərayzadə burada Azərbaycanın müxtəlif bitki qalıqlarında bioenerjinin toplanması ilə məşğul olur. Biosenozlarda torpaq əmələ gəlməsinə sərf oluna biləcək enerjini təcrübələr vasitəsi ilə müəyyənləşdirir. 1966-cı ildə aldığı nəticələrə dair “Bioloji məhsuldarlıq”  mövzusunda Sankt-Peterburq keçirilən Ümumittifaq konfransında məruzə ilə çıxış edir. Məruzə xüsusi əhəmiyyət kəsb etdiyi üçün Nyu Yorkda ingilis dilində çap olunur.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun o vaxtkı direktoru, Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət Mükafatı laureatı C.Muxtarovun təklifi ilə A.Gərayzadə Aqrofizika İnstitutunda aspiranturaya qəbul olunur. 1970-ci ildə SSRİ-də torpaq fizikası sahəsində tanınmış alim A.F.Çudnovskinin rəhbərliyi altında Sankt-Peterburqda “Azərbaycanın bir neçə torpaq tipində  istilik və hidrofiziki xassələr arasında əlaqə” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edən alim meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya ixtisasları üzrə texnika elmləri namizədi alimlik dərəcəsi adını alır. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır.

Akif müəllim 1976-cı ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılan Aerokosmik üsullarla torpaq-bioloji tədqiqatlar laboratoriyasına müdir təyin edilir. Bu müddətdə onun rəhbərliyi ilə Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun müvafiq laboratoriyaları ilə birlikdə müxtəlif çöl-tədqiqat işləri yerinə yetirilib. Aparılan çöl və laboratoriya tədqiqat işləri nəticəsi olaraq aerofoto  şəkillər əsasında  Mil düzünün Şimal hissəsinin şoran torpaqlarının öyrənilməsi, aerokosmik üsullarla torpaq-bioloji tədqiqatların aparılması, Qafqaz poliqonunda bir neçə təbii landşaftın spektr vasitəsi ilə tədqiqi, spektropolyarametrik üsulla torpaq örtüyünün məsafədən araşdırılması, torpaq-bitki-atmosfer ekosistemində enerji münasibətlərinin məsafədən öyrənilməsi nəzəriyyəsinin işlənilməsi və s.  həyata keçirilib.

A.Gərayzadənin apardığı elmi tədqiqat işlərinin əsas məzmunu torpaq-bitki-atmosfer sistemlərində enerjinin çevrilməsi ilə bağlıdır. Yorulmadan bu istiqamətdə elmi işlərini davam etdirən alim 1988-ci ildə Moskvada V.V.Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda “Torpaq-bitki-atmosfer sistemlərində enerjinin çevrilməsi” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə  müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsini alıb. 1990-cı ildə isə o, professor elmi adına layiq görülüb.

A.Gərayzadə respublikada və onun hüdudlarından kənarda torpaqşünaslığa dair aktual problemlərin tədqiqi ilə məşğul olan alim kimi tanınır. Onun torpaqların istilik xassələrinin tənzimlənməsi, münbitliyin artırılması üsullarına, günəş enerjisindən səmərəli istifadə, torpaqda istiliyin təsiri ilə suyun hərəkət dinamikası, torpaq əmələgəlmə prosesində bitki, iqlim amillərinin roluna həsr olunmuş əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Tanınmış alimin məqalələri xaricdə xüsusi maraq doğurduğu üçün ingilis dilinə tərcümə edilərək Soviet Soil Science jurnalında yenidən nəşr olunub.

O, Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin 5-ci və 9-cu Qurultaylarında ölkəmizi layiqincə təmsil edib. Alim 1998-ci ildə Fransada 16-cı, 2006-cı ildə ABŞ-da 18-ci Dünya Konqreslərində iştirak edib. 1988-ci ildə Bolqarıstanda “Fizika-kənd təsərrüfatı istehsalında”, 1993-cü ildə İranda “Kənd təsərrüfatı istehsalı”, 1996-cı ildə Türkiyədə “Torpaq deqradasiyası” mövzularında keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib. 1999-ci ildə Barselonada (İspaniya) keçirilən “Torpaq deqradasiyası” adlı beynəlxalq tədbirin idarə heyətinin üzvü olub.

A.Gərayzadə 2001-ci ildə Monpelye şəhərində (Fransa) “Torba-Soil-Society” Beynəlxalq Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilib. 2003-2005-ci illərdə NATO-nun qrantı əsasında Azərbaycan, Türkiyə və Gürcüstan alimləri ilə birgə “Torpaqların hidrokarbon çirklənməsinə dayanıqlığı” layihəsinin yerinə yetirilməsində iştirak edib.

Onun elmi tədqiqat işləri çoxcəhətli və müxtəlifdir. Akif müəllim torpaqda istilik, elektrik, optik və su-fiziki xassələri arasındakı asılılığın riyazi modellərini yaratmaqla, dielektrik nüfuzluğu əsasında torpaq səth sahəsinin, rənginin, elektrikkeçirmə əmsalları əsasında nəmliyin, duzlaşma dərəcəsinin, aerokosmik informasiya əsasında duzluluğun, bitkilərin günəş enerjisindən faydalı istifadə əmsalının, torpaqların istilikkeçirmə xassələrinin sxem-xəritələrinin tərtibi, torpaq-bitki- atmosfer sistemində enerjinin paylanması modelinin tərtibi sahəsində elmi tədqiqat işləri aparır.

A.Gərayzadənin elmi araşdırmalarının nəticələri müxtəlif illərdə kənd təsərrüfatında uğurla tətbiq olunub. Alimin tədqiqatları 4  monoqrafiya və  160-dan çox elmi məqalədə öz əksini tapıb. Onun 100-dən artıq elmi məqaləsi xarici mətbuatda dərc olunub.

Professor A.Gərayzadənin yarım əsrə yaxın bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyəti zəngindir. Onun kənd təsərrüfatı sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında da böyük xidmətləri olub. Alim elmi fəaliyyətlə yanaşı, respublikanın müxtəlif ali məktəblərində tədris işləri ilə də məşğul olub. O, eyni zamanda bir sıra xarici ölkələrdəki elmi qurumların üzvü seçilib. A.Gərayzadə Beynəlxalq Torpaqşünaslar İttifaqının və B.B.Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. Məhz onun əzmkar fəaliyyəti nəticəsində 2006-cı ildən ABŞ-da Azərbaycan Torpaqşünaslar Cəmiyyəti Beynəlxalq Torpaqşünaslar  İttifaqının tam hüquqlu üzvü seçilib.

A.Gərayzadə­­­ respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. O, daim elmi axtarışda olan, fundamental elmi işlərin aparılmasına maraq göstərən görkəmli alimdir.

Bu gün Azərbaycanda A.Gərayzadənin gərgin əməyi sayəsində torpaq fizikasının nəzəri və təcrübi problemləri üzrə elmi məktəb formalaşmaqdadır. Alimin elmi məktəbinin davamçıları hazırda ölkəmizdə torpaq fizikasının bir sıra aktual problemlərini öyrənir, tədqiq edir, monoqrafiya və dərsliklər hazırlayırlar.

Professor A.Gərayzadə torpaqda istilik və şüanın əksetmə qabiliyyətinin formalaşması və respublika üzrə yayılma mexanizminin öyrənilməsi üzrə tədqiqatçıdır.

O, 1992-ci ildən Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın üzvüdür.

Akif müəllimin çoxşaxəli fəaliyyəti respublikamızın elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. O, öz insani keyfiyyətləri və xüsusi  mövqeyi ilə daima seçilib.

A.Gərayzadənin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib və o, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Görkəmli alim Akif Gərayzadəni 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

Əlövsət Quliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Çingiz Gülalıyev, Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.