Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan üçün yeni perspektiv: nağdsız iqtisadiyyat
16.10.2018 09:16
  • A-
  • A
  • A+

Azərbaycan üçün yeni perspektiv: nağdsız iqtisadiyyat

Bu il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edən sərəncam imzaladı. Əslində nağdsız ödənişlərin genişləndirilməsi Azərbaycan üçün yeni mövzu deyil.

Prezident seçildikdən cəmi 1 il sonra - 2004-cü ildə İlham Əliyev "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmiş, 2005-ci ildə isə "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalamışdı. Bu problem sonralar da dövlət başçısının diqqət mərkəzində olmuşdu. Prezident 2013-cü ildə nağdsız hesablaşmaların səviyyəsinin yüksəldilməsinə qarşıdakı dövrdə çox ciddi fikir veriləcəyini, maliyyə sistemində şəffaflığın artırılması üçün xüsusi tədbirlər görüləcəyini bəyan etmişdi. Bundan sonra - 2016-cı ildə "Nağdsız hesablaşmalar haqqında” qanun qəbul olunmuş və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdi. Lakin Proqram 3-5 il əvvəl deyil, məhz indi qəbul olundu və bunun ciddi səbəbləri var.

Birincisi, bu tip proqramların qəbul edilməsi üçün iqtisadi inkişaf bəlli bir səviyyəyə çatmalı və səbatlı xarakter almalıdır. Son 15 ildə Azərbaycan iqtisadiyyatı ciddi bir inkişaf yolu seçmişdir. BVF-in statistikasına əsasən, 2017-ci ildə Azərbaycanda pulun alıcılıq qabiliyyəti pariteti (AQP) nəzərə alınmaqla hesablanmış adambaşına ÜDM 2005-ci ildəkinə nisbətən 2,4 dəfə artaraq 17,5 min beynəlxalq dolları ötmüşdür.

Ölkənin valyuta ehtiyatları təqribən 45 milyard ABŞ dolları həcmindədir. Təkcə bu ilin ilk 9 ayı ərzində qeyri-neft sənayesində ÜDM-i 10,8 faiz, kənd təsərrüfatınınkı isə 4,3 faiz artmışdır; iqtisadiyyata 9 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır; xarici ticarət dövriyyəsi 37, qeyri-neft ixracı təxminən 14 faiz çoxalmışdır. Beynəlxalq reytinq agentlikləri bu iqtisadi inkişaf trendlərinin yaxın illərdə də qüvvədə qalacağı haqqında nikbin proqnozlar verirlər.

İkincisi, rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə irimiqyaslı tədbirlər görməkdən ötrü ölkədə müəyyən maddi-texniki hazırlıq (infrastruktur) olmalıdır. Bu sahədə son illərdə nəzərəçarpacaq irəliləyişlər baş vermişdir. İqtisadi subyektlər arasında ödənişləri saniyələr ərzində və təhlükəsiz formada həyata keçirməyə imkan verən Milli Ödəniş Sistemi (MÖS) yaradılmış, dövlət başçısının 2004-cü və 2005-ci illərdə imzaladığı fərman və sərəncamlar əsasında aramsız olaraq təkmilləşdirilmişdir. 2017-ci il ərzində MÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 210 mlrd. manatı ötmüşdür. "Hökumət Ödəniş Portalı”nda (HÖP) 1000-dən çox ödəniş terminalı vasitəsi ilə 400-dən artıq dövlət xidməti (vergi, rüsum, icarəhaqqı, inzibati cərimələr və s.) üzrə ödənişlər həyata keçirilir. 2017-ci ildə bu portalda ümumi məbləği 2,1 mlrd. manat olan 36,6 mln. ödəniş əməliyyatı emal olunmuşdur. 2016-cı ildən "Banklararası Kart Mərkəzi” (BKM) fəaliyyət göstərir. İndi ölkədə hər 10 min nəfərə təqribən 6 min ödəniş kartı, 2,5 bankomat, 70 POS-terminal düşür, pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında işləyənlərin əməkhaqları kart vasitəsilə verilir.

Nəhayət, üçüncüsü, ictimai rifah və ümumi intellektual-mədəni səviyyə elə bir həddə çatmalıdır ki, əhali telekommunikasiya xidmətlərindən sərbəst istifadə edə bilsin. 2005-ci ildə Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 8-i idisə, indi təxminən 80-dir. Ölkə ərazisi tamamən (100 faiz) mobil rabitə ilə əhatə olunur. 2005-ci ildə hər 100 nəfərə 27 mobil telefon nömrəsi düşürdüsə, indi təxminən 110 nömrə düşür. Bu göstəricilər ən müasir ödəniş sistemlərinin geniş miqyasda tətbiq olunması üçün yetərincə yüksəkdir. Hərçənd ki, əks-təsir də mövcuddur: əhalinin telekommunikasiya xidmətlərindən geniş istifadə etməsi həm ictimai rifaha, həm də ümumi iqtisadi mədəniyyət səviyyəsinin yüksəlməsinə əlavə təkan verir.

Baş vermiş dəyişikliklər onu göstərir ki, indi Azərbaycan iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə keçməyə artıq hazırdır.

"Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas məqsədi odur ki, vətəndaşlar, biznes subyektləri və dövlət strukturları arasındakı iqtisadi əməliyyatlarda nağdsız ödənişlər artsın və qarşılığında nağd dövriyyənin həcmi minimuma endirilsin. Bəlkə də bu məqsəd kiməsə "balaca məsələ” kimi görünə bilər, amma bu tamamilə yanlış təəssüratdır.

İş burasındadır ki, əməliyyatların nağd pulla aparılması bir sıra neqativ proseslərə yol açır. Hər şeydən əvvəl, iqtisadi dövriyyənin bir hissəsi (bəzən əhəmiyyətli hissəsi) rəsmi qeydiyyatdan kənar qalır, formallaşmır. İqtisadiyyat, ilk növbədə ticarət (və ələlxüsus pərakəndə ticarət) öz mütəşəkkilliyini qismən itirir. Pul banklar vasitəsi ilə deyil, birbaşa ödəndiyinə görə bank sektorunun sərəncamındakı maliyyə resursları ola biləcəyi (daha doğrusu - olmalı olduğu) səviyyədən aşağı düşür. Bankların kreditvermə imkanları (başqa sözlə, ölkənin investisiya imkanları) zəifləyir. Üstəlik, qeyri-formal gəlirlərdən vergi ödənmir və deməli, nağd iqtisadiyyat həm dövlət büdcə vəsaitlərinin, həm də sosial müdafiə fondlarının vəsaitlərinin lazımınca artırılmasını əngəlləyir. Bu isə vətəndaşların, xüsusilə büdcədən əməkhaqqı alanların (o cümlədən, əksər müəllim, həkim və elmi işçilərin), pensiyaçıların, sosial müavinət alanların dolanışığına mənfi təsir göstərir. Hələ o da var ki, korrupsiyanın əsas maliyyə mənbəyi məhz qeyri-formal (rəsmiləşməyən) pul dövriyyəsidir. Onun fəsadları isə yaxşı məlumdur.

Hazırda Azərbaycanda nağd və nağdsız pul dövriyyələri 3-ün 1-ə nisbətindədir. Proqram ona hədəflənmişdir ki, yaxın illər ərzində nağd pulla aparılan iqtisadi əməliyyatların xüsusi çəkisi az qala 2 dəfə azaldılsın və 74 faizdən 40 faizə endirilsin. Bunun nəticəsində iqtisadi dövriyyənin şəffaflaşacağı və "kölgə” iqtisadiyyatının məhdudlaşacağı, vergi bazasının genişlənəcəyi, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artacağı, bank sektorunun investisiya imkanlarının güclənəcəyi gözlənilir.

Proqramın əsas ideyası ondadır ki, dövlət tənzimləməsində ağırlıq mərkəzi "nağd ödənişlərin məhdudlaşdırılması”ndan "nağdsız ödənişlərin genişləndirilməsi”nə keçirilsin. Bu iki iqtisadi siyasət tipi eyni hədəfə tuşlansa da, fərqli "fəlsəfələrə” əsaslanır. Birinci üçün prioritet qadağanedici tədbirlər, ikinci üçün isə təşviqedici mexanizmlərdir.

İqtisadiyyatın tənzimlənməsində qadağanedici və təşviqedici alətlərdən paralel surətdə istifadə olunması bütün ölkələr üçün səciyyəvi olan normal haldır. Məsələ bunların hansı nisbətdə tətbiq edilməsindədir. Bir çox inkişaf etmiş ölkələr (Belçika, İtaliya, İspaniya, Fransa) nağd pulla aparılan ödənişlərə məhdudiyyət qoyur (tutalım, "bir alqı-satqı əməliyyatında 2 min avrodan artıq məbləğ nağd pulla ödənə bilməz” kimi). Bəzi ölkələrdə (Hindistan, Yunanıstan) bankdan nağd pul çıxararkən vergi ödənilir ("nağdlaşdırma vergisi”). Elə ölkələr var ki, (Hindistan, İtaliya, Cənubi Koreya) müəyyən tip əməliyyatların nağd pulla aparılmasına, ümumiyyətlə, icazə vermirlər.

Bu cür inzibati məhdudiyyətlər, əlbəttə, faydasız deyil, lakin onlar iqtisadi təşviqlərlə "gücləndirildikdə” daha effektiv olur. Sinqapur, Cənubi Koreya, Yunanıstan rəqəmsal şəkildə aparılan ödənişlər müqabilində vətəndaşlara vergi güzəşti təklif edir. Gürcüstan, Hindistan, Yunanıstan, İtaliya, Cənubi Koreya elektron ödənişlər aparan istehlakçılar arasında lotereyalar keçirib böyük uduşlar paylayır. İtaliyada yol hərəkəti qaydalarının pozulmasına görə cəriməni yerindəcə kartla ödəyənlərə 30 faiz endirim verilir. Qeyri-ənənəvi sayıla biləcək təşviqlər də var. Misal üçün, Hindistanda qatar biletlərini elektron formada alan sərnişinlərin icbari sığorta haqqını onların əvəzinə dövlət ödəyir, yəni sərnişinlərə faktiki surətdə endirim verilir.

Azərbaycanda isə vəziyyət belədir ki, müxtəlif ölkələrdə nağd ödənişlərə tətbiq edilən əsas inzibati məhdudiyyətlərin hamısı bizdə də tətbiq olunur və əksinə, müxtəlif ölkələrdə nağdsız ödənişlərə tətbiq edilən əsas iqtisadi təşviqlərin heç birindən istifadə olunmur. Başqa sözlə, bu sahədəki tənzimləmə yalnız qadağanedici səciyyə daşıyır. Proqramın başlıca qayəsi bu vəziyyəti köklü surətdə dəyişmək, rəqəmsal ödənişlərin genişlənməsini əngəlləyən institusional maneələri aradan qaldırmaq və tənzimlənmənin əsas ağırlığını təşviq mexanizmləri üzərinə keçirməkdir.

Proqramda nəzərdə tutulan tədbirlərin bir çoxu "çarpaz xarakterlidir”, yəni başqa dövlət sənədlərində də əksini tapmışdır. Bu tədbirlərin bir qisminə (elektron ödənişlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi, mikromaliyyə institutlarının ödəniş sistemlərinə inteqrasiyası) "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, digərlərinə (rəqəmsal iqtisadiyyatın formalaşdırılması və davamlı inkişafına nail olmaq üçün effektiv tənzimləmə mexanizminin yaradılması) "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rast gəlmək mümkündür. Bu cür eyniyyətlər təbiidir, çünki proqram həm də Strateji Yol Xəritələrində əksini tapmış vəzifələrin konkretləşdirilməsi mahiyyəti daşıyır.

Eyni səviyyəli digər tənzimləmə sənədləri ilə "çarpaz vəzifələr” daha ciddi maraq doğurur. İnkişaf etmiş ölkələrin idarəetmə praktikasında "çarpaz proqramlaşdırma” çox geniş tətbiq olunur və hətta belə də demək olar ki, adi haldır. Müxtəlif dövlət proqramlarında və inkişaf konsepsiyalarında ifadə olunan hədəflər bir-biri ilə mütləq uzlaşdırılmalıdır. Məsələn, aydındır ki, bir proqram ÜDM-də sənayenin, digəri kənd təsərrüfatının, üçüncüsü xidmətlərin, bir başqası isə tikintinin xüsusi çəkisini artırmağı planlaşdıra bilməz. Məlum məsələdir ki, bu payların cəmi əvvəl-axır 100 faizdir və eyni vaxtda bunların hamısını artırmaq sadəcə mümkün deyil.

Bu baxımdan, vergi sisteminin təkmilləşdirilməsi məsələləri xüsusi əhəmiyyət kəsb edir. Hazırda Vergilər Nazirliyi bu sahədə kompleks tədbirlər hazırlayır. Bu məqsədlə biznes qurumlarından, elmi-iqtisadi dairələrdən, qeyri-hökumət təşkilatlarından, ictimaiyyətdən xeyli sayda təkliflər də toplanmışdır. Ümumən məlum olan budur ki, islahatın əsas istiqamətlərinə vergi sisteminin sadələşdirilməsi, vergi yükünün yüngülləşdirilməsi, ƏDV-nin əhatə dairəsinin genişləndirilməsi və dərəcəsinin diferensiallaşdırılması daxil olacaqdır (hazırda Azərbaycandakı 850 min vergi ödəyicisinin 97 faizi sadələşdirilmiş vergi ödəyir, amma ümumi vergi daxilolmalarında sadələşdirilmiş verginin payı təxminən 5 faizdir). Bu dəyişikliklər sözügedən proqramda da əksini tapmışdır, çünki effektiv vergi sistemi nağdsız ödənişlər üçün formalaşdırılacaq yeni institusional mühitin ayrılmaz tərkib hissəsidir və rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Proqramdakı "çarpaz xarakterli” ən mühüm prioritetlərdən biri də qeyri-formal məşğulluğun azaldılmasıdır. Qeyri-rəsmi məşğulluq təkcə dövlətə yox, vətəndaşların özlərinə böyük zərər vurur. Təəssüf, amma bir çox vətəndaşlarımız hələ də bilmirlər ki, onların işçiliyi rəsmiləşmədiyi təqdirdə gələcəkdə faktiki surətdə pensiyasız qala bilərlər. Bu problem bizim iqtisadiyyatımızda, xüsusilə də inşaat sektorunda çox ciddi xarakter almışdır və təsadüfi deyil ki, 2017-ci ildə ölkə Prezidenti 3287 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nı təsdiq etmişdir. Həmin planda nəzərdə tutulan bəzi tədbirlər (məsələn, işəgötürənləri və işçiləri əməkhaqların rəsmiləşdirilməsinə həvəsləndirmək üçün tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi) bu Proqrama da daxil edilmişdir.

Strateji xarakterli müxtəlif tənzimləmə sənədlərində (proqram və konsepsiyalarda) problemlərin bu cür "çarpaz” formada əks olunması həm də iqtisadi siyasətin sistemli şəkildə aparılmasının göstəricisidir.

Proqramın ən mühüm üstünlüklərindən biri hədəflərin ölçüyəgələr şəkildə ifadə olunmasıdır. İstər xarici ölkələrdə, istərsə də Azərbaycanda bir çox dövlət proqramlarının və konseptual inkişaf sənədlərinin gözlənilən səmərə ilə "işləməməsinin” başlıca səbəbi məhz hədəflərin qeyri-müəyyənliyidir. Məsələn, əgər inkişaf strategiyasının məqsədi sadəcə "vergi dərəcələrinin optimallaşdırılması” kimi ifadə olunursa, bu o deməkdir ki, həmin strategiyanın hədəfi, ümumiyyətlə, yoxdur. Çünki vergi ödəyiciləri üçün optimallıq vergi dərəcələrinin mümkün qədər aşağı (ideal halda 0 faiz), hökumət üçünsə - mümkün qədər yuxarı olmasıdır. Bu iki - təbiətən bir-birinə əks olan - maraq arasında tarazlıq intervalı vergi dərəcələrinin dövlət üçün qısa, orta və uzun müddətli perspektivdə optimallıq sahəsi hesab edilə bilər. Həmin intervalın hədləri dəqiq göstərilməyənə qədər "vergi dərəcələrinin optimallaşdırılması” bunların artırılmasını da, azaldılmasını da eyni müvəffəqiyyətlə nəzərdə tuta bilər.

Ona görə də hədəflər dəqiq, ölçüyəgələr şəkildə ifadə olunmalıdır və sözügedən proqram bu mənada kifayət qədər təkmildir. Nəzərdə tutulur ki, proqramda əksini tapmış tədbirlərin icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat, xüsusi çəkisi isə hər il 7 faiz artacaqdır. Nağd ödənişlərin payı, qeyd edildiyi kimi, 40 faizə düşəcəkdir. Proqramın əhatə etdiyi 4 istiqamətin hər birinin - yəni institusional mühitin təkmilləşdirilməsinin, bank sektorunda iqtisadi fəallığın artırılmasının, rəqəmsal ekosistemin formalaşdırılmasının və maliyyə savadlılığının yüksəldilməsinin - bu fundamental dəyişikliklərə verəcəyi töhfədə konkret ifadəsini tapmışdır.

Proqramın bir üstünlüyü də onun "qiymətinin” bəlli olmasıdır. "Proqramın qiyməti” dedikdə onun icrası üçün tələb olunan maliyyə vəsaitinin həcmi nəzərdə tutulur. Proqramın büdcəsiz tərtib edilməsi onun effektiv gerçəkləşdirilməsi qarşısında yaranan əsas maneələrdəndir. "Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda isə icra üçün tələb olunan ümumi məbləğ (28-37 mln. manat) həm 4 istiqamət üzrə, həm də hər istiqamətə daxil olan prioritet tədbirlər üzrə konkretləşdirilmişdir, daha doğrusu - konkret xərc maddələrinin cəmi kimi hesablanmışdır.

"Qiymətinin” və hədəflərinin konkret, ölçüyəgələr şəkildə müəyyənləşdirilməsi sayəsində proqramın icrasının monitorinq və qiymətləndirilməsi nisbətən asan olacaqdır. Yeri gəlmişkən, bu məsələdə də ciddi bir yenilik var. Cənab Prezidentin Proqramın təsdiqi haqqında Sərəncamının 3-cü bəndində qeyd olunur ki, monitorinq və qiymətləndirmə Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılacaqdır. Bu o anlama gəlir ki, Mərkəzi Bankla İİTKM arasında müqavilə bağlanacaqdır və sifarişçi icraçıya, onun gördüyü işin müqabilində müəyyən bir haqq ödəyəcəkdir. Bu bütün dünyada qəbul edilmiş normal praktikadır və ümid etmək olar ki, gələcəkdə Azərbaycanda da geniş tətbiq olunacaqdır.

Proqramın qarşısında yarana biləcək əsas risk, məncə, ondan qaynaqlanır ki, onun icrası bir sıra adamlara, o cümlədən qeyri-rəsmi iqtisadi fəaliyyətdən gəlir götürənlərə, büdcədən vergi yayındıranlara, rüşvət alanlara (rüşvət, məlum olduğu kimi, rəqəmsal ödənişlə çox nadir hallarda verilir) qətiyyən sərf etmir və onlar Proqramın yerinə yetirilməsinə mane olmağa çalışa bilərlər.

Doğrudur, rəqəmsal texnologiyalar ödənişləri rahat, təhlükəsiz və daha az xərclə aparmağa şərait yaradır və bunun üçün rəqəmsal sahibkarlığın və elektron ticarətin inkişaf etdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının, o cümlədən smart ödəniş vasitələrinin tətbiqi, rəqəmsal bankçılığın genişlənməsi, regionlarda maliyyə inklüzivliyinin artırılması və digər bu kimi tədbirlər nəzərdə tutulur. Amma bu tədbirlər dövlətin, gəlirini qanuni yolla qazanan sahibkarların, vətəndaşların maraqlarına nə qədər uyğun gəlsə də, yuxarıda sadalanan adamlara sərf etmir.

Bu riskin neytrallaşdırılması üçün proqramın icrasına məsuliyyət daşıyan dövlət qurumları - vətəndaşların inamına və dəstəyinə arxalanaraq - iradə və əzm nümayiş etdirməli olacaqlar.

Proqramın daha bir fərqli cəhəti onun layihəsinin dövlət qurumları ilə alimlər tərəfindən birgə hazırlanmasıdır. Bu olduqca mühüm bir yenilikdir. Müasir dünyada dövlət-alim əməkdaşlığı ictimai-iqtisadi tərəqqinin qaçılmaz şərtlərindən birinə çevrilmişdir. "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev doğru qeyd edir ki, "Həyata keçirilən iqtisadi islahatların elmi xarakterini və mövcud problemlərə konstruktiv yanaşmanı təmin etmək üçün Azərbaycanın iqtisadi-elmi mühitinin iqtisadi quruculuq prosesində yaxından iştirakına şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadçı alimlər ölkə ziyalılarının əsas hissəsini təşkil etməklə yanaşı, həm də iqtisadi islahatların təbliğində və həyata keçirilməsində əsas qüvvə kimi çıxış edirlər”.

"Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” iqtisadçı alimlərin ölkəmizdə gedən iqtisadi quruculuq proseslərində iştirakının gözəl bir nümunəsidir - amma yalnız bir nümunəsi! Bir müddət əvvəl AMEA İqtisadiyyat İnstitutu mütəxəssislərinin Strateji Yol Xəritələrinin ekspertizasında və yekun layihəsinin hazırlanmasında böyük həvəslə çalışdıqlarını da ayrıca qeyd etməyə dəyər. Ümumən, son illərdə institut dövlətin iqtisadi idarəetmə orqanları ilə əlaqələrini genişləndirməyə, tədqiqat mövzularını ölkə iqtisadiyyatının real ehtiyac və tələblərinə uyğunlaşdırmağa, tədqiqat nəticələrini iqtisadi strukturlarla operativ bölüşməyə çalışır. Təkcə bu il ərzində institutun mütəxəssisləri iqtisadi məsələlərlə bağlı müxtəlif dövlət qurumlarında hazırlanmış 10-dan çox sənədin - qanun layihəsi, inkişaf konsepsiyaları və proqramlarının peşəkar ekspertizasını həyata keçirmiş və təkmilləşdirilməsi üzrə təkliflər vermişdir. Bu məsul işlərdə AMEA rəhbərliyinin kollektivə verdiyi mənəvi dəstəyi də minnətdarlıqla qeyd etmək istərdim.

Doğrusu qürur duyuruq ki, "Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsinin hazırlanmasında Mərkəzi Bankın və MasterCard Advisors şirkətinin mütəxəssisləri ilə yanaşı, AMEA İqtisadiyyat İnsitutunun əməkdaşları da iştirak etmişlər. Və inanırıq ki, Azərbaycan Respublikası Prezidentinin imzası ilə təsdiqlənmiş bu proqram, doğru-dürüst icra ediləcəyi təqdirdə, dövlətimizə və vətəndaşlarımıza böyük faydalar gətirəcəkdir.

Nazim İmanov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor

"Azərbaycan" qəzeti, 16 oktyabr 2018-ci il

  • Paylaş: