Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova İrlandiyada elmi ezamiyyətdə olub
04.10.2018 12:04
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova İrlandiyada elmi ezamiyyətdə olub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova “Rəqəmsal verilənlər və Sənaye 4.0 mühitində əmək bazarında peşə bacarıqlarına olan tələb və təklifin proqnozlaşdırılması metodlarının inkişafı” mövzusunda 7-ci tematik seminarın işində iştirak etmək üçün İrlandiyanın Dublin şəhərində ezamiyyətdə olub. Tədbir Avropa Komissiyası və İrlandiyanın Təhsil və Peşə Bacarıqları Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminarın sessiyalarından biri Şərq Tərəfdaşlığında təmsil olunan ölkələrdə ötən bir il ərzində peşə bacarıqlarının proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılması istiqamətində baş vermiş yeniliklər və görülmüş işlərə dair ölkə təqdimatlarına həsr olunub. Tədbirdə AMEA-nın müxbir üzvü M.Məmmədova Avropa Təhsil Fondu tərəfindən ölkədə Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması istiqamətində mühüm addımların atılması, ekspert dəstəyinin göstərilməsi və Milli ekspert qismində gördüyü işlər və tədqiqatlar barədə məlumat verib.

Azərbaycanlı alim öz çıxışında Observatoriyanın arxitekturası, idarəetmə prinsipləri, funksiyaları, tələb və təklifə dair müxtəlif məlumat bazalarının Elektron hökümət portalı vasitəsilə inteqrasiyası və verilənlər bazasına yerləşdirilməsinin təşkili, hüquqi, texniki əsaslarını təqdim edib. M.Məmmədova, həmçinin təmsil etdiyi elmi qurumda əmək bazarının çoxaspektli tədqiq olunduğunu və alınmış elmi-praktiki nəticələrin Milli Observatoriyanın metodoloji əsaslarının işlənilməsində istifadə edildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: