Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi müzakirə olunub
03.10.2018 12:03
  • A-
  • A
  • A+

“Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi müzakirə olunub

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamının yerinə yetirilməsi ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tədbir təşkil olunub.

İclasda “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi müzakirə olunub.

Tədbirdə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndələri iştirak ediblər.

İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.4.3 saylı maddəsində "Azərbaycan dilində internet resursların, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi" məsələləri nəzərdə tutulub. O, bu sənədlərin imzalanması ilə Azərbaycan dilinin elektron məkanda istifadəsinin vaxtının çatdığını söyləyib.

İclasda layihənin tətbiqi, həyata keçirilməsi mexanizmi, icra müddəti, beynəlxalq təcrübə əsasında dəyərləndirilməsi kimi məsələlər müzakirə olunub.

DİM-nin sektor müdiri Vəli Hüseyn, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdir müavini Səbinə Əliyeva və Dilçilik İnstitutunun şöbə müdiri, professor Mayıl Əsgərov təqdim etdikləri layihə ilə bağlı fikirlərini bölüşüblər.

Sonda təkliflər dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: