www.science.az
01.10.2018 14:05

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması AMEA-nın həyata keçirdiyi xüsusi layihə əsasında çapdan çıxıb

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ikinci böyük poeması olan “Xosrov və Şirin” nəfis şəkildə çapdan çıxıb. Kitab AMEA-nın həyata keçirdiyi xüsusi layihəyə uyğun olaraq çapa tövsiyə edilib.

Nəşrin layihə rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Nizami irsinin xalqımıza çatdırılmasında mühüm addım sayıla biləcək bu kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbbibəyli redaktorluq edib.

Əməkdar rəssam Fəxrəddin Əlinin poemadakı müxtəlif əhvalatlarla və obrazların düşdüyü vəziyyətlə bağlı çəkdiyi rəsmlər əsərin süjet xəttini tamamlamaqla yanaşı, oxucunun hadisələrin cərəyan etdiyi tarixi dövrlə daha yaxından tanış olmasına, bir növ hadisələrin iştirakçısına çevrilməsinə şərait yaradır. 

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin kitaba yazdığı geniş “Ön söz”də Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının dünya ədəbiyyatındakı yerindən bəhs edib. Nizami yaradıcılığına yeni rakursdan baxmağın vacibliyini vurğulayan alim əsərdə türklüyü və türk ruhunu göstərən beyt və hissələr üzərində xüsusi dayanıb. O, sovet ideologiyasına əsaslanan ədəbiyyatşünaslığın Nizami əsərlərinin məzmun və mahiyyətini uzun illər təhrif etdiyini vurğulayıb və Azərbaycanın müstəqil olduğu hazırkı dövrdə həmin səhvlərin düzəldilməsi istiqamətində görülən və görüləcək işlərə toxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.