www.science.az
26.09.2018 15:06

AMEA-da akademik Həsən Abdullayevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Bu ilin avqust ayında görkəmli fizik alim, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 ili tamam olub.

Sentyabrın 26-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alimin yubiley yığıncağı keçirilib.

Öncə tədbir iştirakçıları I Fəxri xiyabanda akademik Həsən Abdullayevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə çıxış edərək bildirib ki, akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi Prezident İlham Əliyevin Sərəncamının icrasından irəli gəlir. O, Həsən Abdullayevin elmi və ictimai fəaliyyətindən, alimin  xalqımızın sosial-mədəni tərəqqisinə verdiyi töhfələrdən söz açıb. Qeyd edib ki, 75 illik ömrünün 50 ili Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olan, sıravi əməkdaşdan akademiyanın prezidenti vəzifəsinə qədər yüksələn Həsən Abdullayevin yorulmaz fəaliyyəti elmə sanballı yeniliklər gətirməklə yanaşı, bir sıra müasir elm və sənaye sahələrinin, yüksək texnologiyaların yaranmasına və inkişafına səbəb olub.

“Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə əsl elmi renessans, intellektual dirçəliş mərhələsi kimi daxil olub" - deyən akademik A.Əlizadə prioritet sahələrin formalaşması, yeni qurumların yaradılması, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi və s. kimi vacib məsələlərin alimin adı ilə bağlı olduğunu bildirib.

AMEA rəhbəri alimin yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, H.Abdullayevin səyi ilə 1954-1955-ci illərdə  Azərbaycan Dövlət Universitetində yarımkeçiricilər ixtisası üzrə qrup, onun təşəbbüsü və rəhbərliyi ilə 1956-ci ildə ilk Yarımkeçiricilər fizikası adlı kafedra yaradılıb, istedadlı tələbələr Fizika İnstitutuna cəlb edilib.

Akademik Həsən Abdullayevin 13 il akademiyaya rəhbərlik etdiyini söyləyən natiq həmin illərdə institutların nəzdində təcrübi konstruktor büroları və təcrübə zavodlarının yaradıldığını, elmi-tədqiqat işlərinin istehsalatla əlaqəsinin gücləndirildiyini bildirib. Qeyd edib ki, alimin təşəbbüsü ilə Fiziologiya və Fəlsəfə sektorları instituta çevrilib, dövlət əhəmiyyətli işlər aparan Fotoelektronika və Kosmik tədqiqatlar institutları, Mikrobiologiya, Molekulyar biologiya sektorları, yeni regional elmi mərkəzlər, laboratoriya, kafedra və şöbələr yaradılıb.

A.Əlizadə görkəmli alimin yaratdığı elmi məktəbin müasir dövrdə də uğurla fəaliyyət göstərdiyini, öz yeni nailiyyətləri ilə bütün dünyada tanındığını vurğulayıb.

Yubiley tədbirində AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, H.Abdullayevin elmi fəaliyyəti əsasən yarımkeçiricilər və onların praktiki tətbiqi ilə bağlı olub. Yarımkeçiricilər fizikasının inkişaf proqramının həyata keçirilməsi, elmi istiqaməti yarımkeçiricilər fizikası olan Fizika İnstitutunun təməlinin qoyulması bilavasitə alimin rəhbərliyi ilə olub.

Nazim Məmmədov görkəmli alimin akademiyada elektrokimya, biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika və s. fundamental elm sahələrinin yaradılması və inkişafında da böyük xidmətləri olduğunu deyib. Qeyd edib ki, alim və elm təşkilatçısı, pedaqoq və ictimai xadim olan Həsən Abdullayev çoxsaylı elmi kadrlar hazırlayıb, mindən çox elmi əsərin, o cümlədən 400-ə yaxın xarici patentlərin müəllifi olub.

Daha sonra, yubiley Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun direktoru Aleksandr Levçenko, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Yaponiyanın Chiba Texnologiya İnstitutunun professoru Kazuki Vakita, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun görkəmli alimlə bağlı xatirə çıxışları ilə davam edib.

Sonda akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.