www.science.az
26.09.2018 08:49

Bolqarıstan Elmlər Akademiyasının sədri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olub

Sentyabrın 25-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, riyaziyyat sahəsində görkəmli Azərbaycan alimlərindən, son illərdə riyaziyyat və mexanika sahələri üzrə aparılan tədqiqatlardan, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat istiqamətlərinin yaradılması sahəsində görülən işlərdən danışıb.

Görüşdə riyaziyyat və mexanika sahələri üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, mühazirələrin oxunması məqsədilə alimlərin qısamüddətli və uzunmüddətli səfərləri, seminarlarda və birgə elmi araşdırmalarda iştirakı və digər prioritet sahələrə dair əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

M.Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə BEA-nın Riyaziyyat və İnformatika, Mexanika institutları arasında əməkdaşlıq müqavilələrinin imzalanmasını təklif edib, bu sahələrdə birgə tədqiqatların aparılmasının hər iki ölkənin gələcək birgə elmi işləri üçün zəmin yaratdığını vurğulayıb.

Akademik Y.Revalski isə Azərbaycan və Bolqarıstan riyaziyyatçıları və mexaniklərinin birgə tədqiqatlarına, təcrübə mübadilələrinə lazımi dəstəyi göstərəcəklərini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.