Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“MTCMP 2018” konfransı çərçivəsində Superkompüter texnologiyaları üzrə təlim-seminar keçirilib
25.09.2018 09:14
  • A-
  • A
  • A+

“MTCMP 2018” konfransı çərçivəsində Superkompüter texnologiyaları üzrə təlim-seminar keçirilib

Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunmuş “Fizikanın kondensə olunmuş mühitlərində müasir istiqamətlər” (Modern Trends in Condensed Matter Physics – “MTCMP 2018”) mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Üç gün davam edəcək konfrans kondensə olunmuş hal fizikasının akademik H.B.Abdullayevin elmi irsi ilə sıx əlaqəsi olan sahələrini, eləcə də, Azərbaycanda inkişafı onun adı ilə bağlı olan digər elm sahələrini (radiasiya fizikası, astrofizika, fiziki kimya, kristalloqrafiya, biofizika, idarəetmə sistemləri) əhatə edir.

Konfrans çərçivəsində tədbirin açılış günündə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təlim-seminar keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev təlim-seminarın superkompüter texnologiyaları, eləcə də big data analitikası problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib. 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) İnformasiya Texnologiyaları Laboratoriyası (İTL) və Meksika Milli Avtonom Universitetinin məsul şəxsləri iştirak ediblər.

Tədbirin ilk günü BNTİ İTL-in direktoru Vladimir Korenkovun “CERN Böyük Adron Kollayderi üçün paylanmış hesablamalar”, İTL-in qrup rəhbəri Vladimir Gerdtin “Kvant hesablamaları və kvant məlumatlarına giriş”, İTL-in “HybriLIT” heterogen platformasının baş analitiki Maksim Zuevin “Superkompüter GOVORUN. Elmi hesablamaların yeni imkanları” və İTL-in əməkdaşı Nikita Balaşovun “Bulud texnologiyalarına giriş” mövzusunda məruzələri dinlənilib.

Məruzələrə dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlim-seminarın növbəti günündə “Diskret Furye çevirməsinin artan və azalan operatorlarının cəbri xüsusiyyətləri”, “AZ-IFAN” Məlumat Mərkəzinin qrid və bulud infrastrukturu” və digər mövzularda məruzələr təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: