www.science.az
25.09.2018 09:12

Milli tarixşünaslığımıza dair konseptual tövsiyələr

Haqqında söhbət açacağımız kitab - Maykl Aksvörti “Nadir şah” (Bakı, 2018) “Şərq-Qərb” nəşriyyatı tərəfindən yenicə nəşr edilib. 

Kitab tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “İranın qılıncı. Nadir şah: tayfa döyüşçüsündən müstəbid fatehədək” adlı əsərinin Azərbaycan dilinə tərcüməsi, geniş ön söz, tarixi məlumatlar, qeydlər, şərhlər və son sözdən ibarətdir. Bu nəşr, heç şübhəsiz, görkəmli dövlət xadimi, böyük fateh, Əfşarlar dövlətinin banisi Nadir şah Əfşar və onun dövrü haqqında milli tarixşünaslığımızda müəyyən boşluğu dolduran zəngin faktoloji bazaya malik bir əsər kimi dəyərləndirilə bilər.

İlk növbədə kitabı ərsəyə gətirmiş bütün yaradıcı heyətə - başda hörmətli akademik Ramiz Mehdiyev olmaqla tərcüməçilərə, tarixi məlumatlar, qeyd və şərhlərin müəlliflərinə dərin təşəkkürümü bildirmək istərdim. Kitab bir çox yenilik və məziyyətlərlə fərqlənir. Müəllif Səfəvi dövlətinin tənəzzülündən başlayaraq, Nadir şahın həyatı, çoxşaxəli fəaliyyəti, böyük mübarizəsi, apardığı müharibələr, saray çəkişmələri və sairə haqqında elmi-populyar şəkildə dolğun, maraqlı məlumatlar verir, dövrün həqiqətlərini real boyalarla təsvir etməyə nail olur.

Eyni zamanda qeyd etməliyik ki, əsər bizim razılaşa bilmədiyimiz məqamlardan da xali deyil. Müəllif istər Nadir şaha, istər Azərbaycan türklərinə (azərbaycanlılara), istərsə də onların yaşadığı ərazilərə paniranist, panfarsist mövqedən yanaşır. Səbəb isə mövcud ədəbiyyatın əsasən həmin mövqedə duran müəlliflər tərəfindən yazılmasıdır. Bütün bunlardan kitabın ideya müəllifi və Azərbaycan nəşrinin elmi redaktoru, akademik Ramiz Mehdiyev əslində, müstəqil elmi araşdırma səciyyəsi daşıyan 70 səhifəlik geniş və dərin məzmunlu ön sözündə ətraflı bəhs etmiş, milli tarix və mənbəşünaslıq elmlərimiz üçün son dərəcə vacib konseptual, proqram xarakterli tövsiyə və mülahizələr irəli sürmüşdür. O, Nadir şah Əfşarın fəaliyyətini dövlətçilik baxımından dəyərləndirmək sahəsində mühüm addım atmış və azərbaycançılıq məfkurəsi nöqteyi-nəzərindən Nadir şah Əfşarın şəxsiyyətinə, eləcə də Vətən tarixi ilə bağlı bir çox məqamlara yenidən baxmışdır.

Akademik Ramiz Mehdiyevin son illər milli tariximizlə bağlı nəşr etdirdiyi çoxsaylı əsərlər - “Gorus 2010: absurd teatrı mövsümü”, “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində”, “Şah İsmayıl Səfəvi ali məramlı şəxsiyyət kimi”, “Tarixi idrakın elmiliyinə dair”, “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçü portreti”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabına ön söz və s. Azərbaycan tarixinin ətraflı və obyektiv araşdırılmasına mühüm töhfədir və bu sahədə mövcud boşluqları aradan qaldırır. Ən vacibi isə hörmətli akademik tərəfindən Vətənimizin keçmişinin tarixi reallıqlar əsasında və azərbaycançılıq ideologiyası işığında araşdırılmasıdır. Bu gün xalqımızın hələ də ərazi bütövlüyünü bərpa etmək üçün bədnam qonşularımızla bütün cəbhə boyu gərgin mübarizə apardığını, 70 illik sovetlər dönəmində tarix elmimizin güclü ideoloji təzyiq altında olduğunu və tariximizin bir çox şanlı səhifələrinin qonşu xalqlara mənsub alimlər tərəfindən özününküləşdirildiyini nəzərə alsaq, bu araşdırmaların əhəmiyyəti daha aydın dərk edilər və onların əslində, milli təəssübkeşlikdən qaynaqlandığı aydın olar.

Əsrlər boyu indi İran adlanan ərazidə soydaşlarımız böyük dövlətlər yaradıb, onları parçalanmaqdan qoruyub, yadellilərə sinə gərərək yaşadıb, ərazisini xeyli genişləndirib, dövlətçiliyini inkişaf etdirib. Bu mənada akademikin aşağıdakı fikirləri tamamilə haqlıdır və real tarixi faktlara əsaslanır: “Görünən odur ki, “İran” anlayışının etnik yox, sırf coğrafi məfhum olması faktını, bu məkanın ərəb əsarətinin bitməsindən 1925-ci ilə qədər, təxminən 1000 illik dövr ərzində türklər, o cümlədən, Azərbaycan türkləri tərəfindən idarə edildiyi həqiqətini dünyaya hələ çox xatırlatmalı olacağıq. Maraqlısı budur ki, İrana XI əsrdən bəri hökm edən Qəznəvilərin (962-1186), Səlcuqların (1038-1157), Elxanilərin (1256-1353), Cəlairilərin (1336-1432), Teymurilərin (1370-1506), Qaraqoyunluların (1380-1468), Ağqoyunluların (1378-1503), Səfəvilərin (1501-1736), Əfşarların (1736-1795), Qacarların (1795-1925) türk mənşəli olduqları nüfuzlu Qərb tarixçiləri tərəfindən əsla şübhə altına alınmır. Lakin söhbət ümumilikdə İranın dövlətçilik tarixindən düşdükdə, şərqşünasların əksəriyyəti nədənsə həmin sülalələrin qurduqları dövlətləri farsların adına çıxırlar!”

Əlavə etmək istərdim ki, eyni farslaşdırma siyasətinə əsrlərlə bu ərazidə azərbaycanlılar tərəfindən yaradılan maddi və qeyri-maddi mədəni sərvətlər də məruz qalıb. Bu gün dünyanın bir çox muzeylərini bəzəyən qədim sənət əsərləri, o cümlədən, məşhur Təbriz xalçaları “Persiya” adı altında nümayiş etdirilir.

Beləliklə, kitab eyni zamanda tariximizi təhrif edənlərə tutarlı cavab kimi səslənməsi baxımından diqqətəlayiqdir. Məlumdur ki, Azərbaycan tarixi bir sıra konyukturaya uymuş, müxtəlif ideoloji təsirlərə məruz qalmış “tarixçilər”, “alimlər” və “siyasətçilər” tərəfindən kobud şəkildə təhrif edilib və edilir, falsifikasiyaya məruz qalır, bəzən isə şərəfli tariximizin bütöv dövrləri inkar edilir, bədxahlarımız tərəfindən özününküləşdirilir. Fars salnaməçiləri və tarixşünasları, onların ardınca isə digərləri İran ərazisində qeyri-farsların yaratdıqları dövlətləri İran dövləti və ya iranlıların dövləti kimi təqdim etməyə xüsusi əhəmiyyət vermişlər və verməkdə davam edirlər.

Bütün bunlara və bir çox digər məsələlərə akademik Ramiz Mehdiyev “Azərbaycan nəşrinin elmi redaktorundan” adlı analitik yazısında münasibət bildirir. Yazı üç hissəyə bölünür və onların hər birində müasir elmimiz üçün son dərəcə vacib məsələlər qaldırılır, eyni zamanda, onların həlli yolları göstərilir.

Birinci hissədə - “Qərb tarixşünaslığında Nadir şah mövzusu (tarixə bir nəzər)” - Avropa müəlliflərinin Nadir şah haqqında əsərləri nəzərdən keçirilir, onların dolğun icmalı verilir. Müəllif ürək ağrısı ilə vurğulayır ki, həmin Avropa qaynaqları dilimizə tərcümə edilməyib və hətta məsləhət verir ki, əgər onları bu gün əldə etmək problemdirsə, onların fars dilinə tərcümələrinə üz tutulmalıdır. Daha sonra akademik yazır: “Mövcud boşluğun intensiv və keyfiyyətli şəkildə doldurulması, problemin ildən ilə, nəsildən-nəslə ötürülməməsi üçün tarixçilərimiz və mənbəşünaslarımız fəaliyyətlərini koordinasiya etməli, real nəticəyə hesablanan addımlar haqqında ciddi şəkildə düşünməlidirlər”.

Bununla əlaqədar AMEA-nın İctimai Elmlər bölməsinin nəzdində müvafiq Koordinasiya Şurasının yaradılmasını təklif edərdim. Eyni zamanda, artıq 40 ildən çox Şərqşünaslıq İnstitutunda çalışan bir mütəxəssis kimi problem barədə mülahizələrimi bölüşmək istərdim.

İndiyə qədər xalqımızın tarixinə və mədəniyyətinə dair tarixçi və mənbəşünas alimlərimiz tərəfindən çoxsaylı mənbələr tərcümə edilərək araşdırılıb, nəşr edilib, onların əsasında dissertasiyalar müdafiə edilib. Şərqşünaslıq İnstitutu olaraq, biz daim çalışmışıq ki, əməkdaşlarımızı məhz bu istiqamətə yönəldək. Onlar xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili və s. ilə bağlı ərəb, fars və türk mənbələri üzərində davamlı araşdırmalar aparırlar. Bu mənbələrin təkcə adların çəksək, çox böyük siyahı alınar. Problem ondan ibarətdir ki, bu əsərlər əksər halda geniş oxucu kütləsi üçün naməlum qalır, onlarla yalnız mütəxəssislər tanış olur. Çox təəssüf ki, bugünkü informasiya bolluğunda ölkə KİV-ləri ciddi elmi əsərlərə kifayət qədər diqqət yetirmirlər, onları daha çox bayağı, əyləncə xarakterli informasiya cəlb edir. Odur ki, elmi institutların apardıqları çox dəyərli tədqiqatlar, böyük zəhmət bahasına hazırlanan monoqrafiya və kitablar haqqında ictimaiyyətin bir çox hallarda xəbəri olmur.

“Nadir şah Əfşar irsi Maykl Aksvörti qələmindən” adlanan ikinci hissədə əsərin özü təhlil edilir. Öncə müəllif haqqında arayış verilir, daha sonra əsərin müsbət cəhətlərinə nəzər yetirilir: farsdilli və qərbdilli qaynaqlardan, müasir tarixşünaslığın nailiyyətlərindən geniş istifadə, Nadir şahın siyasi və psixoloji portretinin yaradılması, əsərin üslub xüsusiyyətləri vurğulanır. Bu yerdə akademik yazır: “Etiraf etməliyik ki, Azərbaycan tarixşünaslığında eyni zamanda, bir neçə dildən sərbəst şəkildə istifadə edə bilən, apardığı elmi axtarışları peşəkar həmkarları ilə qarşılıqlı əlaqə şəklində həyata keçirən tədqiqatçıların sayı olduqca məhduddur. M.Aksvörtinin əsəri bu mənada, yəni müasir elmin tələb etdiyi iş üslubunun mənimsənilməsi, öyrənilməsi baxımından da tədqiqatçılarımız üçün yaxşı örnək, gözəl bir nümunədir”.

Daha sonra Nadir şahın şəxsiyyəti və fəaliyyəti təhlil edilərək, onun öz dövrünün, mühitinin, gərgin mübarizəsinin yetirməsi olduğu vurğulanır. Bu zaman mövcud ədəbiyyat nəzərdən keçirilir və qiymətləndirilir. Akademik Ramiz Mehdiyev bir sıra konkret nümunə əsasında tarix elmimizin çağdaş dünya elminin inkişaf səviyyəsinə qalxması zərurətindən yazır və bu sahədə mövcud nöqsanları göstərir: “... Bizim tarixçilərin axsadıqları əsas istiqamət məhz faktların hərtərəfli təhlilinə, müqayisə və qarşılaşdırılmaya əsaslanan təqdimetmə, çatdırılma tərzidir. Əgər sözügedən qüsurun bir hissəsi, artıq vurğuladığım kimi, şəxsiyyətlərə bəslənən subyektiv rəğbətdən, yaxud qərəzdən qaynaqlanırsa, digər bir qismi əksər tədqiqatçılarımızın hələ də salnaməçilikdən təhlilə, analitik tarixə keçid edə bilməməsindən irəli gəlir”.

“Azərbaycanın tarixi irsinə yanaşmada bəzi Qərb müəlliflərinin mühüm xətası haqqında” adlandırılan sonuncu hissədə müəllif bu sahədə mövcud olan çox ciddi problemlər haqqında mövqeyini bildirir. Akademik yazır: “Nadirin Azərbaycan tarixindəki müstəsna yerini şərtləndirən və Qərb şərqşünaslarının göz yumduqları həqiqətlərdən biri də onun azərbaycanlıların yaşadıqları torpaqları ilk dəfə “Azərbaycan” adlanan inzibati vahiddə birləşdirməsi faktıdır”. Və əlavə edir: “Əgər biz hal-hazırda 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri əsasında iki yerə parçalanmış vahid, tarixi Azərbaycandan, onun konkret hüdudlarından, əyalət və şəhərlərindən əminliklə söhbət aça biliriksə, bunu ilk növbədə Nadir şaha, onun yaratdığı inzibati vahidə borcluyuq”.

Daha sonra görkəmli alim milli tariximizə bəzi xarici tədqiqatçılar, eləcə də yerli müəlliflər tərəfindən nümayiş olunan ədalətsiz, obyektivlikdən uzaq münasibəti qeyd edir: “Bir sıra əcnəbi tədqiqatçılar, həmçinin, bəzi Azərbaycan müəllifləri siyasi mərkəzləri İranın qeyri-türklər yaşadığı bölgələrində qurulan, yaxud sonradan hərbi-siyasi reallıqların diktəsi ilə paytaxtlarını İranın mərkəzi vilayətlərinə köçürmək məcburiyyətində qalan türk dövlətlərini heç bir tutarlı əsas gətirmədən milli tariximizin ayrılmaz tərkib hissəsi kimi qəbul etməkdən boyun qaçırırlar”.

Akademik Ramiz Mehdiyev bütün bunları nəzərdən keçirərək, ürək yanğısı ilə yazır: “Niyə Azərbaycanın öz dövlətçilik və mədəniyyət tarixi ilə öyünməsinə etiraz edilir, müxtəlif adlar altında buna maneələr yaradılır? Azərbaycan tarixçiləri haqqında danışdığımız mətləbləri daim diqqətdə saxlamalı, tariximizlə bağlı bu həqiqətlərin xaricdə akademik səviyyədə təbliğini əsas mənəvi vəzifələrdən biri kimi görməlidirlər”.

Məlumdur ki, Qərb tarixşünaslığında və ictimai fikrində indiki İran ərazisini “Persiya” adlandırmaq ənənəsi özünə möhkəm yer eləyib. Bununla yanaşı, Qərb tarixçilərinin antitürk, ariyasentrizm mövqeyi də məlumdur. Digər bir səbəb isə milli Azərbaycan tarixşünaslığının nisbətən gec formalaşmasıdır. Odur ki, milli tarixşünaslığımızın müasir tələblər əsasında inkişafı bu sahədə Qərb tarixçilərinin mövqeyinin dəyişməsinə şərait yarada bilər.

Tədqiqatına yekun vuraraq, görkəmli alim bu cür təşəbbüslərin davam edəcəyinə ümidvar olduğunu bildirir və belə bir inam ifadə edir ki, tariximizlə, mədəniyyətimizlə bağlı sanballı elmi araşdırmaların aparılması “milli kimliyimizi dərk etmək yolundakı işimizi xeyli asanlaşdıracaqdır”.

Düşünürəm ki, akademik Ramiz Mehdiyevin tariximizlə bağlı sanballı əsərlərindən sonra Azərbaycan tarixinə, onunla bağlı ayrı-ayrı hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılması prosesi daha da genişlənəcək, dərinləşəcək və ümumiyyətlə, intensiv xarakter alacaqdır. 70 il məhdud ideoloji-sinfi çərçivədə inkişaf edən tarix elmimiz hazırda milli tarixşünaslığa keçid mərhələsini yaşayır. Hörmətli akademikin son illər göstərdiyi səylər milli tarixşünaslığımızın obyektiv elmi-metodoloji prinsiplər əsasında formalaşması prosesinin sürətlənməsinə xidmət edir.

Yuxarıda qeyd olunduğu kimi, kitabda bir sıra digər məsələlərə də toxunulur. Müəllif tariximizin araşdırılmasına hərtərəfli dövlət dəstəyini nümayiş etdirərək, bu irsi yenidən xalqımıza qaytara biləcək, tarixi həqiqətlərin təhrifinə tutarlı cavab verəcək peşəkar mütəxəssislərin qarşısında konkret vəzifələr qoyur.

Bu gün xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, elmini, ədəbiyyatını, vahid xalq kimi formalaşması prosesini əks etdirən mənbələri tərcümə və tədqiq edərək xalqımıza çatdırmaq alimlərimizin müqəddəs borcudur. Bu sahədə, deyildiyi kimi, bir çox işlər görülüb və görülməkdədir. Bununla belə, yeni mənbələrin axtarışı və surətlərinin ölkəmizə gətirilərək elmi dövriyyəyə daxil edilməsi istiqamətində müntəzəm, məqsədyönlü iş aparılmalıdır. Eyni zamanda, Şərqin və Qərbin bir çox kitabxanalarında orta əsrlər azərbaycanlı müəlliflərinin qələminə məxsus, elmin və ədəbiyyatın müxtəlif sahələrinə aid yüzlərlə əlyazmalar saxlanılır. Bu əsərləri ölkəmizə gətirmək üçün uzun müddətli ezamiyyətlər təşkil olunmalıdır.

Son olaraq bir daha vurğulamaq istərdim ki, akademik Ramiz Mehdiyevin haqqında danışdığımız tədqiqatı bugünkü və gələcək nəsil tədqiqatçılara ünvanlanmış çox ciddi və dərin elmi araşdırmadır. Akademik R.Mehdiyev bu sahədə gələcək elmi fəaliyyətin nəzəri-metodoloji bazasını müəyyən etmiş və ayrı-ayrı istiqamətlərini göstərmişdir, alimlərimizə çox qiymətli tövsiyələr vermiş, strateji əhəmiyyətli gələcək tədqiqatların çərçivəsini müəyyənləşdirmişdir. Alimin milli dövlətçilik ənənələrinə dair mülahizələri, gəldiyi nəticələr elmi-nəzəri ümumiləşdirmə gücünə, mühüm ideoloji-siyasi əhəmiyyətə malikdir.

Düşünürəm ki, haqqında bəhs etdiyimiz kitabın giriş hissəsi tarixçilərimiz və mənbəşünaslarımız tərəfindən çox ciddi şəkildə öyrənilməli, qavranmalı, müzakirə edilməli, orada qaldırılan məsələlər, irəli sürülən tövsiyələr təhlil olunmalı və gələcək işlərdə rəhbər tutulmalıdır.

Gövhər Baxşəliyeva, millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik

525-ci qəzet