Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
24.09.2018 12:25
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, daha sonra elmi-tədqiqat müəssisələrinə direktor vəzifəsini tutmaq üçün mətbuatda dərc edilən müsabiqə ilə bağlı iştirakçılara məlumat verib.

İ.Hacıyev, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan Duz Muzeyinin açılış mərasimində çıxışından irəli gələn vəzifələrdən danışıb. Alim Duzdağla bağlı fundamental tədqiqatların aparılmasının vacibliyini bildirib. Bundan əlavə, bölmədə 2019-cu ildə nəzərdə tutulan beynəlxalq konfransın “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusuna həsr ediləcəyini bildirib.

İclasda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” mövzusunda elmi məruzəsi dinlənilib. Bildirib ki, Gəmiqaya ətrafında qeydə alınan abidələr sistemli şəkildə öyrənilib, aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib, bu ərazidə yaşamış insanların həyat tərzi, məşğuliyyəti və qonşu tayfalarla mədəni-iqtisadi əlaqələri araşdırılıb.

T.Xəlilov Gəmiqaya ətrafında yeni qeydə alınan Antik və Orta əsrlər dövrünə aid abidələrdən də söz açıb.

Gündəliyə çıxarılan digər məsələ Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü ilə bağlı olub. Bu barədə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə çıxış edib.

Daha sonra Təhsil və kadrlar şöbəsinin müdiri Filurə Sadiqova və Elmi-təşkilat şöbəsinin baş mütəxəssisi Rəşad Zülfüqarov qurumun elmi-tədqiqat müəssisələrində 3-4 sentyabr 2018-ci il tarixlərində aparılan yoxlamanın nəticələri ilə bağlı məlumat verib.

2018-2019-ci il üçün payız-qış mövsümünə hazırlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə İşlər idarəsinin baş mütəxəssisi Abbasəli Maqsudov çıxış edib. O, qış mövsümünə hazırlıqla əlaqədar elmi-tədqiqat müəssisələrində mövcud su, qaz, işıq, istilik sistemlərinin texniki baxışdan keçirildiyini, lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra “Naxçıvan tarixi qaynaqlarda” kitabının hazırlıq prosesi haqqında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərliİncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev məlumat verib.

Sonda cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: