Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
21.09.2018 14:19
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbir Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev “Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında” 14 iyul 2017-ci ildə Sərəncam imzalayıb. Buna uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun 2017-ci il 27 iyul tarixli Sərəncamı ilə “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq olunub. Alim elmi konfransın həmin sərəncama əsasən təşkil edildiyini bildirib.

“Görkəmli alim və elm təşkilatçısı” mövzusunda məruzə edən bölmə sədri Həsən Abdullayevin zəngin elmi fəaliyyətinə qısa nəzər salıb. Bildirib ki, görkəmli alim Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. O, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərib, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaradıb. Akademik İ.Hacıyev alimin uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna rəhbərlik etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, ömrünün çoxunu yarımkeçiricilər fizikasına həsr edən H.Abdullayev 15 monoqrafiya, 250-dən artıq ixtira, o cümlədən 500-dən çox elmi məqalənin müəllifi olub. O, ABŞ, Yaponiya, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib, dünya miqyasında fizikanın aktual problemlərinə həsr olunan məruzələrlə çıxış edib.

Diqqətə çatdırılıb ki, Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkilinə mühüm töhfələr verib. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə selen, tellur kristalları, onların mürəkkəb birləşmələri, həmçinin dünyada ilk dəfə böyük ölçülü selen monokristalı alınıb, selen əsasında bir sıra yeni yarımkeçirici cihazlar yaradılıb.

Vurğulanıb ki, görkəmli alim elmi nailiyyətlərinə və böyük elmi-təşkilatçılıq fəaliyyətinə görə SSRİ-nin ən yüksək ordenlərinə, Azərbaycan Dövlət mükafatına, “Əməkdar elm xadimi” fəxri adına, SSRİ EA-nın S.İ.Vavilov adına medalına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına və digər mükafatlara layiq görülüb.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun “Akademik Həsən Abdullayev Azərbaycan elminin intibahı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Azərbaycanda astronomiya elminin və seysmologiya mərkəzlərinin inkişafında akademik Həsən Abdullayevin rolu” və Naxçıvan Dövlət Universitetinin “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, dosent Fərman Qocayevin “Akademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə digər çıxış edənlər Həsən Abdullayevin zəngin elmi fəaliyyətindən söz açıb, alimlə bağlı  xatirələrini  bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: