www.science.az
20.09.2018 09:04

Alim ömrünün işığı

Ömrünü kimya elminin inkişafına və gənc nəslin yetkinləşməsinə həsr etmiş akademik Rəfiqə Əliyeva bütün qüvvəsini, bilik və bacarığını kimya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan görkəmli alimin yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkəsində fəaliyyət göstərərək əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf etmişlər. Akademik Rəfiqə Əliyevanın araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur.
Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdi. Bu tədqiqatları inkişaf etdirmək üçün o, universitetdə yeni və müasir bir elm mərkəzi - Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaratmışdır. Laboratoriyanı ekoloji tədqiqatlar baxımından ölkədə ən qabaqcıl elm mərkəzinə çevirə bilmiş və ekologiyanın aktual problemləri ilə bağlı işlərlə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfələrini vermişdir. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan akademik Rəfiqə Əliyeva bir sıra nüfuzlu elmi qurumların və cəmiyyətlərin üzvü idi. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişmişdir.
Respublikanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində almışdır. Əmək fəaliyyətinə 1956-1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlamışdır. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləmiş və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər şərəfli bir həyat yolu keçmişdir. 1970-ci ildə analitik kimya ixtisası üzrə "Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün "d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildə analitik kimya ixtisası üzrə professor elmi adını almış və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışmışdır. 2001-ci ildən ömrünün sonuna kimi BDU-da onun təşəbbüsü ilə yaradılmış "Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Bu sahədə Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.
Akademik Rəfiqə Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparmış, germaniumun fotometrik təyini üçün yüksək analitik xarakteristikaları ilə seçilən metodika təklif etmişdir. Bu metodika mürəkkəb tərkibli nümunələrdə germaniumu təyin etmək üçün tətbiq edilmişdir. Onun rəhbərliyi ilə piroqallol, tiofen və asetilaseton əsasında sintez edilmiş üzvi birləşmələrlə Cu(II), Ni(II), Fe(III), Al(III), Sn(IV), Ge(IV), Ti(IV), Zr(IV), Th(IV), U(VI), Mo(VI), W(VI) ionlarının təyini üçün fotometrik təyinat metodikaları işlənib hazırlanmışdır. Göstərilən elementlərin təyini üçün təklif olunan fotometrik metodikaların yüksək analitik göstəricilərə malik olduğu müəyyən edilmişdir. İşlənmiş metodikalar həmin elementlərin təbii və sənaye obyektlərində təyini üçün tətbiq edilmişdir. Piroqallol əsaslı azobirləşmələrlə bir çox metal ionlarının əmələ gətirdiyi bərk halda kompleks birləşmələr sintez edilmiş, müxtəlif fiziki-kimyəvi analiz metodları ilə onların quruluşu və xassələri öyrənilmişdir.
Akademik Rəfiqə Əliyeva tərəfindən -diketonlar əsasında azobirləşmələrin ilk dəfə olaraq qeyri-üzvi ionların fotometrik təyini üçün reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərin kvantkimyəvi hesablamalara görə elektron sıxlıqları hesablanmışdır. Alınmış nəticələrə əsasən, bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Rentgen quruluş analiz metodu ilə reagentlərin çoxunun quruluşu müəyyən edilmişdir. İlk dəfə olaraq Cu(II), Co(II), Ni(II), U(VI) ionları ilə -diketon əsaslı azobirləşmələrlə binar və müxtəlifliqandlı komplekslərin 20-dən çox monokristalı yetişdirilmişdir. Sintez olunmuş kompleks birləşmələr rentgen quruluş analizi metodu ilə tədqiq edilmişdir.
Akademik Rəfiqə Əliyeva tərəfindən qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində də ətraflı tədqiqatlar aparılmışdır. O, ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. Təcrübi faktların təhlilinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə edilən üçüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleks əmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Bu sahədə akademik Rəfiqə Əliyevanın apardığı elmi tədqiqatlar çoxillik təcrübəyə malik, tanınmış alimlərin diqqətini cəlb etmişdir.
Akademik Rəfiqə Əliyeva tərəfindən Cu(II), Cd(II), Pb(II), Zn(II), Fe(III), Ni(II), Co(II), Th(IV), U(VI) və Pd(II) ionlarının sintetik sorbentlərlə qatılaşdırılma metodları tədqiq edilmişdir. Onun rəhbərliyi ilə polibutadien və malein anhidridi-stirol sopolimerləri əsasında xelatəmələgətirici polimer sorbentlər sintez edilmişdir. Fiziki-kimyəvi metodlar vasitəsi ilə sintez olunmuş sorbentlərin tərkibi, quruluşu və fiziki-kimyəvi xarakteristikaları təyin edilmişdir. Polibutadien və malein anhidridi-stirol sopolimerləri əsasında olan sorbentlərin sorbsiya xassələrinin ədəbiyyatdan məlum olan sorbentlərin xassələri ilə müqayisəsi göstərmişdir ki, sintez olunmuş sorbentlər daha yüksək sorbsiya tutumuna və üstün kinetik xassələrə malikdirlər. Yuxarıda adı çəkilən metal ionlarının polimer sorbentlərdən sorbsiya və desorbsiyasının optimal şəraiti müəyyən edilmişdir. Potensiometrik titrləmə metodu vasitəsi ilə bəzi ağır metal ionlarının alınmış sorbentlərlə komplekslərinin davamlılıq sabitləri təyin edilmiş və sorbentlərin metalların ayrılması üçün effektivliyi proqnozlaşdırılmışdır. Onun rəhbərliyi altında göstərilən ionların neftayırma zavodlarından alınan çirkab sularında, neft şlamında, neft çıxarılan zaman alınan suda, dəniz suyunda effektiv atom-absorbsion və sorbsion-fotometrik təyinat metodikaları hazırlanmışdır. İlk dəfə olaraq Cd(II) və Pb(II)-nun qara ciyər, böyrək, mədə və bağırsaq tutumunda təyini metodikaları işlənib hazırlanmışdır.
Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş "Analitik kimyanın əsasları” 2 cilddə və "Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilmişdir.Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafında mühüm rol oynamışdır.
Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə "Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeçiliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilmişdir. Yerinə yetirilmiş işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə etmişdir. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilmiş, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənib hazırlanmışdır.
Akademik Rəfiqə Əliyeva ABŞ, Türkiyə, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur. O, Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D 02.011 şifrli Dissertasiya Müdafiə Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin və kimya fakültəsinin elmi şuralarının üzvü olmuşdur.
Rəfiqə xanım tələbəlik illəri də daxil olmaqla ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr etmişdir. O, həyatının ən ağır dövrlərində- ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində məlum səbəblərlə bağlı qaragüruhçu qüvvələrin ona qarşı göstərdikləri təzyiqlərə, belə demək mümkünsə, repressiyalara ləyaqətlə sinə gərdi. Onu universitetdən çıxarmaq istəyən qara qüvvələrlə necə mübarizə apardığını yaxşı xatırlayıram. Mən o vaxtlar Kimya fakültəsinin dekanı idim, yadımdadır ki, biz bəzən saatlarla nahaqdan yaradılan komissiyalara, cürbəcür sorğu-suallara cavab verməli olurduq. İşdən sonrakı vaxtlarda mən onun otağına gedib vəziyyəti birgə müzakirə edirdik, çıxış yolları axtarırdıq. Mən o vaxtlar bu alimin dəyanətinə, iradəsinə, dərin məntiqinə, parlaq zəkasına heyrət edirdim.
Rəfiqə xanım böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qurmuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Nəslin qurmaq, yaratmaq, xeyirxahlıq etmək, əl tutmaq kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən bir ziyalı xanım idi. Daxilən təvazökar, mənəvi keyfiyyətləri zəngin olan bu insan tələbələrin böyük himayədarı idi. Bəzən kasıb bir tələbənin qolundan tutub mənim otağıma gətirir, onun rastlaşdığı problemlərin həllini istəyirdi. Həmin tələbəyə maddi yardım göstərir, ev şəraiti ilə maraqlanır, qısası, onu ana qayğısı ilə əhatə edirdi. Tanımadığı, hansı rayonda doğulduğunu bilmədiyi bir tələbə Rəfiqə xanımın böyük ürəyinin istisi ilə əhatə olunurdu. Adi bir tələbə qızın dərdini başa düşən, ona kömək edən Rəfiqə xanım öz problemlərini qəti qabartmazdı. Şəxsi işləri ilə bağlı heç kəsi narahat etmək istəməzdi. Təvazökarlığından irəli gələn mənəvi böyüklüyündən yubileylərini də keçirməyə icazə vermirdi. Yadımdadır, 2002-ci ildə 70 yaşı tamam olurdu, nə qədər xahiş etdik ki, gəlin yubileyi qeyd edək, razılaşmadı. Dedi ki, ölkəmizin bu qədər problemi, qaçqını, köçkünü var, mənə yubiley keçirmək yaraşmaz. 75 illik, 80 illik yubileylərində də razılaşmadı. Özüylə bağlı digər məsələlərdə də yanaşması belə idi, istər dövlət təltifləri olsun, istərsə digər fəxri titullar. Rəfiqə xanımın elm və təhsilin, kimya elminin inkişafından başqa bir istəyi yox idi. Mənimlə birgə bir neçə kitabın həmmüəllifidir, yaxşı xatırlayıram, həmin kitabların ərsəyə gəlməsi üçün nə qədər ürəkdən çalışırdı, onların üzərində necə həvəslə və yaradıcılıqla işləyirdi, kitab çap olunanda isə necə fərəhlənirdi. Universitetdə böyük əzmkarlıqla və gərgin zəhmət hesabına yeni və müasir bir laboratoriya yaratdı - Ekoloji kimya və ətraf mühitin mühafizəsi laboratoriyası. Bu laboratoriyanı ekoloji tədqiqatlar baxımından ölkədə ən qabaqcıl elm mərkəzinə çevirə bildi. Ora istedadlı və bacarıqlı gəncləri cəlb etdi, onlara ana qayğısı da göstərdi. Neçə-neçə alim yetişdirdi. Uzun illər kimya üzrə müdafiə şurasının sədr müavini kimi məhsuldar fəaliyyət göstərdi. Məhz bu qayğıkeşliyinin, zəhmətsevərliyinin, elm və təhsil yolunda fədakarlığının nəticəsidir ki, bu günlərdə - 6 sentyabr 2018-ci il tarixində "Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurası Azərbaycanın tanınmış ictimai xadimi, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, "Şöhrət” ordenli, əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyevanın adının əbədiləşdirilməsi məqsədi ilə "Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis etmişdir. Belə hadisələr bizi çox fərəhləndirir. Çünki vəfatından sonra da insanlar tərəfindən dəyərləndirilmək, tələbələri tərəfindən sevilmək hər adama qismət olan xoşbəxtlik deyil. Rəfiqə xanıma həyatda qazandığı səmimi hörməti hələ də dəyərləndirirlər, onun böyük xidmətlərini xatırlayırlar, qiymət verirlərsə, bu o deməkdir ki, akademik Rəfiqə xanım Əliyeva əbədiyaşarlıq statusu qazanmış insanlardandır.
Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə o, 2000-ci ildə "Əməkdar elm xadimi”, 2009-cu ildə "Şöhrət” ordeni ilə təltif edilmişdir. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin adamı” və "2001-ci ilin işgüzar qadını” seçilmişdir. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri fərman”ı ilə təltif olunmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi "İlin alimi” fəxri adına, "Ekologiya” və "Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülmüşdür. Akademik Rəfiqə Əliyeva "Sevil” qadınlar cəmiyyətinin fəxri sədri olmuşdur.
Akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaqdır.
 
Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin rektoru, akademik
"Azərbaycan" qezeti, 20 sentyabr 2018-ci il