www.science.az
19.09.2018 15:00

AMEA Birləşmiş Veteranlar Şurasının hesabat - seçki yığıncağı keçirilib

AMEA Birləşmiş Veteranlar Şurasının (BVŞ) 2013-2018-ci illərdəki fəaliyyəti haqqında hesabat - seçki yığıncağı keçirilib.

İclası BVŞ sədrinin müavini Eldar Quliyev açaraq gündəlikdəki məsələlər barədə iştirakçılara məlumat verib. O, 28 iyun 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunan "Veteranlar Haqqında Azərbaycan Respublikasının Qanunu"nun qəbul edildiyini xatırladıb. Bildirib ki, sözügedən sənəd veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə, yaşayış sahəsi ilə təminatına, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinə, ictimai faydalı fəaliyyətdə iştirakına imkan verir.

Sonra şuranın sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun BVŞ-nin 5 il ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib. O, hazırda AMEA-da 1633 veteranın çalışdığını, 2014-2018-ci illər ərzində 588 veterana Əmək veteranı adı və vəsiqəsinin verildiyini söyləyib. Bildirib ki, sözügedən veteranlardan 29-u akademik, 37-si AMEA-nın müxbir üzvü, 224-ü elmlər, 553 nəfəri isə fəlsəfə doktorudur. Bundan əlavə, 2 nəfər Böyük Vətən Müharibəsi, 16 nəfər Əfqanıstan, 92 nəfər Qarabağ müharibəsi və 4 nəfər Silahlı Qüvvələr veteranıdır.

2014-2018-ci illərdə 133 veterana birdəfəlik müavinətin verildiyini deyən R.Qasımov vurğulayıb ki, 75 nəfər veteran yeməkxanada güzəştli nahardan istifadə edib, 100 nəfər isə müalicə və istirahət üçün sanatoriyalara göndərilib.

O, ümumilikdə 2013-2018-ci illərdə BVŞ-nin 14 iclasının keçirildiyini diqqətə çatdırıb.

R.Qasımov çıxışının sonunda veteranların xalqımızın genofondu olduğunu, onları qorumaq, diqqət və qayğı göstərməyin vacibliyini vurğulayıb.

Daha sonra Neft-Kimya Prosesləri İnstitutunun BVŞ sədri Rauf Əzizov, Fizika İnstitutunun BVŞ sədri Hidayət Nuriyev, Dilçilik İnstitutunun BVŞ sədri Kamilə Vəliyeva, İqtisadiyyat İnstitutunun BVŞ sədri Balacaxanım Talıbova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun BVŞ sədri Paşa Zamanov, Təcrübə-Sənaye Zavodunun BVŞ sədri Hüsən Rzayev və Şamaxı Astrofizika Rəsədxanasının BVŞ sədri Sabir Əliyev çıxış edərək hesabat ətrafında fikir və təkliflərini bildiriblər.

İclasda Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi, RH-nin Həmkarlar Təşkilatının sədri Zülfüqar Fərzəliyev çıxış edərək veteranların qaldırdığı problemlərin həllinə toxunub. O, AMEA-nın Azad Həmkarlar İttifaqının institutların həmkarlar təşkilatlarını tibbi ləvazimatlar və dərmanlarla təchiz etdiyini, bu addımın mütəmadi planlaşdırıldığını diqqətə çatdırıb. Bundan əlavə, AMEA-nın və Səhiyyə Nazirliyinin birgə kollegiya iclasında akademiyanın poliklinikasının açılması üçün ilkin razılığın əldə olunduğunu və bu məsələnin tezliklə öz həllini tapacağını deyib.

Z.Fərzəliyev, həmçinin AMEA-nın bütün veteranlarının vəsiqə ilə təmin ediləcəyini, güzəştli yeməkdən istifadə üçün kartların hazırlanmasının akademiya rəhbərliyinə təklif olunacağını söyləyib.

Yekun qərarda AMEA Birləşmiş Veteranlar Şurasının fəaliyyəti qənaətbəxş hesab edilib. Qanunda göstərilənləri rəhbər tutaraq yerlərdə veteran fəallarının əməyinin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, veteran şuralarında aparılan işlərin təkmilləşdirilməsi, gənclərin mənəvi vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi qərara alınıb.

Bundan əlavə, BVŞ-nin AMEA-nın Azad Həmkarlar İttifaqı ilə yaradılmış əlaqələri daha da genişləndirməsinə, elmi müəssisə və təşkilatlarda işləyən veteranların maddi rifah halının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi üçün institutların veteran şuraları ilə həmkarlar təşkilatları arasında əlaqələri gücləndirilməsinə qərar verilib.

Yığıncaqda daha sonra AMEA BVŞ-nin sədri, sədrinin müavini və üzvlərinə seçkilər keçirilib. Eldar Quliyev AMEA BVŞ-nin sədri, Z.Fərzəliyev isə sədrinin müavini seçilib.

E.Quliyev göstərilən etimada görə, akademiya rəhbərliyinə və BVŞ-nin üzvlərinə təşəkkürünü bildirib, yeni heyətə fəaliyyətində uğurlar arzulayıb.

İclasında sonunda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.