Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın son tunc-ilk dəmir dövrü tunc kəmərləri barədə tədqiqat əsəri
18.09.2018 09:59
  • A-
  • A
  • A+

Azərbaycanın son tunc-ilk dəmir dövrü tunc kəmərləri barədə tədqiqat əsəri

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşovanın müəllifi olduğu “Azərbaycanın tunc kəmərləri (son tunc — ilk dəmir dövrü)” monoqrafiyası nəşr olunub.

Azərbaycan, ingilis və rus dillərində olan elmi əsər Azərbaycanın son tunc-erkən dəmir dövrü qəbir abidələrindən tapılmış çoxsaylı və üzərində müxtəlif süjetli təsvirlərə malik tunc kəmərlərə həsr olunub.

Monoqrafiyada tunc kəmərləri təhlil edilərək onların təsnifatı verilib, istehsal üsulu, funksiyası və semantikası geniş araşdırılıb. Tunc kəmərlərin üzərindəki təsvirlərin elmi təhlili müqayisəli araşdırmalar əsasında aparılıb, tunc dövrü tayfalarının dini-ideoloji, mifik təsəvvürləri, dünyagörüşü, ətraf aləmə münasibətilə bağlı fikirlər təhlil edilib, yeni mülahizələr irəli sürülüb.

Tunc kəmərlərin kataloqu bu maddi mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.

Monoqrafiya arxeoloq, etnoqraf və tarixçilər, eləcə də incəsənətlə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktorları tarix üzrə elmlər doktoru Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlıdır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: