Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakının azad edilməsinin 100 illiyinə həsr olunan beynəlxalq simpozium başa çatıb
17.09.2018 09:50
  • A-
  • A
  • A+

Bakının azad edilməsinin 100 illiyinə həsr olunan beynəlxalq simpozium başa çatıb

Bakıda 13-16 sentyabr tarixlərində keçirilən “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium öz işini başa çatdırıb.

Simpozium AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin (ATAM) təşkilatçılığı ilə baş tutub.

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən keçirilən tədbir Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr edilib.

Simpoziumun bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və ATAM sədri Mehmet Ali Beyhan çıxış ediblər.

Y.Mahmudov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Azərbaycan və Türkiyə ən ağır zamanlarda bir-birlərinə dəstək olublar. 1915-ci ildə Çanaqqalada azərbaycanlılar, 1918-ci ildə isə Azərbaycanda türklər birlikdə savaşıblar”.

Alim bildirib ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində həyati əhəmiyyətə malik bir hadisədir. Akademik Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqının, o cümlədən Əliağa Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin fəal iştirak etdiyini söyləyib.

Y.Mahmudov Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövlətinin mövcud olmadığının sübuta yetirildiyini deyib.

Sonra çıxış edən professor Mehmet Ali Beyhan bildirib ki, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası hər iki ölkədə hər zaman təqdirlə qarşılanıb: “Qafqaz İslam Ordusunun hərbi hərəkatı və zəfəri Türkiyə və Azərbaycanın ən çətin vəziyyətlərdə bir-birinin köməyinə düşünmədən çatacağını ən bariz şəkildə nümayiş etdirib”.

Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlər məruzələrlə çıxış ediblər. Konfransda “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: