www.science.az
11.09.2018 16:47

Geologiya və Geofizika İnstitutunun alimlərinin tədqiqatları beynəlxalq miqyasda yüksək qiymətləndirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyevin rəhbərliyi ilə Yerin daxili quruluşu, maddə tərkibinin geologiya və geofizikasının nəzəri modellərinin elmi əsaslarının işlənilməsi sahəsində geniş tədqiqatlar aparılır. İnstitut alimlərinin bu sahədəki tədqiqatları deformasiyaya uğrayan bərk cismlərin qeyri-xətti elastodinamikası əsasında müasir riyazi metodların və informasiya texnologiyalarının tətbiqi ilə yerinə yetirilir.

Araşdırmalar zamanı əldə olunmuş elmi nəticələr Cənubi Koreyanın "Geomexanika və mühəndislik" beynəlxalq jurnalında "Deformasiyaya uğrayan mühitlərdə elastiki parametrlərin təyini və Yerin nəzəri modellərində tətbiqi" adlı məqalədə əks olunub.

Sözügedən elmi məqalə ABŞ-ın "American Journal of Civil Engineering" jurnalının redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilib və onlar GGİ-nin alimlərinə məktub  ünvanlayıblar. Məktubda məqalənin mövzusu və qeyri-xətti elastikodinamika, tarazlığın dayanıqlılığı, elastiki potensiallar, fiziki, mexaniki və sıxlıq parametrləri haqqında alınmış nəticələr yüksək qiymətləndirilib.

Bundan əlavə, H.Quliyevə "American Journal of Civil Engineering" jurnalının redaksiya heyətinə üzv olmaq və nəşrə baş redaktorluq etmək təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.