www.science.az
11.09.2018 09:38

Akademik İsa Həbibbəyli - Biblioqrafiyadan görünən bioqrafiya

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik İsa Həbibbəyli” (Bakı, 2018) biblioqrafiyası işıq üzü görmüşdür. Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəyliyə (1949) həsr edilmişdir.

Akademik İsa Həbibbəyli akademik humanitar və ictimai elmlər sahəsində, mədəniyyət və cəmiyyət həyatında nüfuzlu ad yaratmış simadır. O, çoxcəhətli elmi fəaliyyət sferasında və ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə yaxından və fəal iştirak etməklə əsl mənada tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirməkdə davam edir. Akademik İsa Həbibbəyli elmdə, mədəniyyət və cəmiyyət həyatında nüfuzlu adını çoxyönlü nadir istedadı, geniş və miqyaslı fəaliyyəti, universal və sanballı elmi yaradıcılığı, tükənməz enerjisi və əməyi sayəsində qazanmışdır. Biblioqrafiyada üç dildə - Azərbaycan, ingilis və rus dillərində bütövlükdə akademikin ömür yolunu, o cümlədən, 1964-2018-ci illər arası mətbu fəaliyyətini işıqlandıran 3325 adda göstərici bunu əyani şəkildə göstərir. “Göstərici haqqında” oxuyuruq: “Biblioqrafiyada İsa Həbibbəylinin kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, rus və başqa dillərdə çap olunmuş əsərləri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi, elmi rəhbəri və opponenti olduğu elmi işlər, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapmışdır”.

Biblioqrafiya çağdaş kitabşünaslığa xas mükəmməl giriş hissəsindən başlanır. AMEA-nın müxbir üzvü Kamran Əliyev və filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Böyük ömrün illəri və əsərləri” adlı zəngin mündəricəli ön sözündə akademik İsa Həbibbəylinin həyat və yaradıcılığı geniş şərh olunur, akademikin Azərbaycan ədəbiyyatşünaslığında yeri, elmə gətirdiyi yeniliklər, ədəbiyyat tarixçiliyi və tənqidşünaslıq əsərləri, nüfuzlu nəzəriyyəçi və Cəlil Məmmədquluzadəşünas alim kimi yorulmaz fəaliyyəti, habelə elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim olaraq xidmətləri müfəssəl işıqlandırılır, alim şəxsiyyətinə böyük dəyər verilir. Daha sonra “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”, “Akademik İsa Həbibbəyli: Mükafatları” bölmələrində alim və ictimai xadimin keçdiyi mənalı həyat yolu, elm və ədəbiyyat naminə əzm və fədakarlığı, ictimai amalı və bu yolda qazandığı zəfərlər fakt və sənədlərdə əksini tapır.

“Akademik İsa Həbibbəylinin fikirlərindən seçmələr”, habelə “Görkəmli şəxsiyyətlər İsa Həbibbəyli haqqında” bölməsi akademikin ömür marafonunun zirvə məqamlarını, elmi-ictimai nüfuzunu, yaradıcılığının ədəbi-tarixi dəyərini daha yaxından görməyə, duymağa və qiymətləndirməyə imkan yaradır. Belə ki, İsa Həbibbəyli haqqında: Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Elçin, Anar, Mahmud Kərimov, Bəkir Nəbiyev, Cavad Heyət, Rasim Əliquliyev, İsmayıl Hacıyev, Rudolf İvanov, Teymur Kərimli, Əziz Mirəhmədov, Yaşar Qarayev, Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Yavuz Akpınar, Vilayət Quliyev, Azad Nəbiyev və b. onlarla görkəmli şəxsiyyətlər, akademiklər, elm xadimləri, ziyalılar, şair və yazıçılar yüksək fikir söyləmiş, söz demişlər.

Giriş hissəsindən sonra biblioqrafiyanın əsas mündəricəsini qapsayan bölmələr gəlir və hər üç dildə geniş materialı ehtiva edən dörd hissə (I, II, III, IV hissələr), hər hissə bir neçə fəsil, yarımfəsil və bəndlərdən ibarət olmaqla akademikin hərtərəfli fəaliyyət və yaradıcılığına müəyyən bir rakursdan, ümumiləşmiş baxış bucağı və istiqamətdən nəzər salmağa imkan yaradır və hər dəfə alimin obrazını yenidən, ömür salnaməsinin başqa bir tərəfindən göz önündə canlandırır.

Biblioqrafiyanın I hissəsi “Akademik İsa Həbibbəylinin əsərləri” adlanır və akademiki oxucuya olduqca zəngin mündəricəli, rəngarəng tematikalı, müxtəlif janrlarda kitabları, monoqrafiyaları, elmi, tənqidi, bədii, publisist məqalə və əsərlərindən tanıdır. Bu hissə, təbii ki, ən geniş həcmdə olub,1908 adda göstəricini əhatə edir. Burada akademik İsa Həbibbəylinin “Kitabları” (64 adda), o cümlədən, “Xarici dillərdə və xarici ölkələrdə nəşr olunmuş kitabları” ilə (65-dən 86-ya) yanaşı, “Tərtibçi-müəllifi olduğu kitablar” (87-dən 124-ə), “Kitablarda və dövri mətbuatda nəşr edilmiş şeirləri”, “Mahnıları”, “Ssenariləri” (125-dən 151-ə) haqqında müfəssəl məlumat yer alır; çoxsaylı məqalələri - “Kitablara və toplulara daxil edilmiş məqalələri” (152-dən 547-yə), “Elmi toplularda və jurnallarda dərc olunmuş məqalələri” (548-dən 809-a), “Qəzetlərdə dərc olunmuş məqalələri” (810-dan 1299-a); o cümlədən, “Müsahibələri” (1300-dən 1343-ə), “Xarici dillərdə və xarici ölkələrdə nəşr olunmuş məqalələri” - hər ölkə ayrılıqda vurğulanmaqla: Almaniya, Belçika, Bolqarıstan, Çin, Fransa, Gürcüstan, İran, Koreya, Qazaxıstan, Litva, Macarıstan, Misir, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Türkmənistan, Ukraynada (1344-dən 1496-ya) və vətəndə “Xarici dillərdə məqalələri” (1497-dən 1536-ya) geniş əksini tapır; habelə “Redaktoru olduğu və ön söz yazdığı nəşrlər” (1537-dən 1743-ə), “Elmi məsləhətçisi olduğu nəşrlər” (1744-dən 1778-ə), “Rəyçisi olduğu nəşrlər” (1779-dan 1833-ə), “Layihə müəllifi və rəhbəri olduğu nəşrlər” (1834-dən 1846-ya), “Tərcümələri”, “Azərbaycan Respublikası Milli Məclisinin iclas və sessiyalarında çıxışları” barədə (1847-dən 1908-ə) dürüst informasiya verilir. Beləliklə, “Akademik İsa Həbibbəylinin əsərləri” biblioqrafiya aynasında alim ömrünün bütövlükdə siqlətini göstərməklə yanaşı, baş vurduğu sahələrin coğrafiyasının genişliyini, fəth qıldığı üfüqlərin əyaniliyini də ortaya qoyur.

Akademik İsa Həbibbəylinin ilk kitabı 1984-cü ildə çap olunmuş “Romantik lirikanın imkanları” monoqrafiyasıdır. Monoqrafiya İsa Həbibbəylini elmi ictimaiyyətə romantizmşünas alim, problemin nəzəri üfüqlərini genişləndirmiş bir ədəbiyyatşünas kimi tanıtmışdır. Sonrakı kitablarında - “Ədəbiyyat nəzəriyyəsi” (1985), “XX əsr Azərbaycan yazıçıları” (1992), “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları” (2004), “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007), “Ədəbi şəxsiyyət və zaman” (2017) və s., habelə onlarla mətbu məqalələrində bu sahədəki tədqiqlərinin davam etdiyini və geniş işləndiyini görür, milli ədəbiyyat tarixində romantizm, realizm, postmodernizm, magik realizm ədəbi cərəyanlarının müstəsna yerinin müasirlik səviyyəsindən dərk olunmasında akademikin ardıcıl səylərinin səngimədiyinin şahidi oluruq. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli bu gün Azərbaycan ədəbiyyatşünaslığında “ədəbi cərəyanlar” nəzəriyyəsi üzrə ən nüfuzlu simalardan biri olaraq tanınır.

İsa Həbibbəylinin ədəbi növlərin və janrların yenidən təsnif edilməsi, satiranın müstəqil ədəbi cərəyan kimi təqdim olunmasına dair tədqiqatları da onun ədəbiyyat nəzəriyyəçiliyi istiqamətindəki fəaliyyətinin göstəriciləri kimi diqqəti cəlb edir. Eyni zamanda, İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri”nə dair geniş həcmli tədqiqatı da nəzəriyyəçi təfəkkürü ilə yazılmış tədqiqat işi kimi bu aktual problemi ilk dəfə sistemli şəkildə təqdim etməyə xidmət edir. İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi” kitabındakı çoxsaylı təriflər, sxemlər və bölgülər də onun həmin istiqamətdə nəzərə çarpan fəaliyyətinin göstəriciləridir.

“Biblioqrafiya”da akademik İsa Həbibbəylinin ədəbiyyat tarixçiliyi sahəsindəki tədqiqatlar da öz əksini tapmışdır. Əsas ağırlığı XX əsrin əvvəllərinə aid olan bu sahədəki fəaliyyət genişlənərək Nizami Gəncəvidən Məhəmməd Füzuliyə, Mirzə Fətəli Axundzadəyə, Cəlil Məmmədquluzadəyə, Məhəmməd ağa Şahtaxtlıya və Səməd Vurğuna... qədərki çoxəsrlik tarixi dövrləri əhatə edir.

Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadə haqqında “Cəlil Məmmədquluzadə” adlı ilk məqaləsini İsa Həbibbəyli 11 avqust 1976-cı il tarixində “Azərbaycan müəllimi” qəzetində dərc etdirmiş, daha sonra “Bir şəklin izi ilə (Cəlil Məmmədquluzadənin müasirləri ilə əlaqələrinin öyrəniməsi haqqında)” tədqiqat-yazısı ilə “Azərbaycan” jurnalının 1981-ci il 8-ci sayında, “Cəlil Məmmədquluzadənin seminariya müasirləri” məruzəsi ilə isə 1982-ci ildə Gənc alimlərin Respublika konfransında çıxış etmişdir. Bu informasiyanı bizə biblioqrafik göstəricilər verir. Bugün bizim ədəbiyyatşünaslıqda, yüz ildən çox yaşı olan Cəlil Məmmədquluzadəşünaslığın son mərhələsi və ən böyük uğurları akademik İsa Həbibbəylinin adı ilə bağlıdır. “Cəlil Məmmədquluzadə və mühiti” münasibətlərini araşdırmaqla ədəbiyyatşünaslığımıza yeni bir istiqamət gətirmiş İsa Həbibbəyli həm özünəqədərki Cəlil Məmmədquluzadəşünaslığın köklü postulatlarını (Mirzə Cəlil realizmi və Molla Nəsrəddinçiliklə bağlı) dərinləşdirməyə nail olmuş, həm də əsasını qoyduğu “mühitşünaslığ”ın işığında Mirzə Cəlil irsinin açılmamış qatlarına yollar açmışdır.

Belə ki, bütün 1980-ci illər ərzində yazıçının bioqrafiyasına ayna tutan yeni materiallarla mətbuatda çıxış edərək, İsa Həbibbəyli “Ədəbiyyat və incəsənət” qəzetinin 1990-cı il 20 aprel sayında dərc etdirdiyi “Cəlil Məmmədquluzadə nə vaxt anadan olmuşdur?” araşdırması ilə klassikin ömür yaşını üç il cavanlaşdırmağa nail olmuş, Cəlil Məmmədquluzadənin 1866-cı ildə deyil, 1869-cu ildə doğulduğunu dəlil və sənədlərlə sübuta yetirmişdir. Eyni zamanda, Mirzə Cəlilin bugün bütün dünyaya dağılmış nəsil şəcərəsinin izinə düşərək, İranda, Fransada və Polşada yaşayan nəvələri ilə görüşə bilmiş,”Ədəbiyyat qəzeti”nin 12 iyun 1998-ci il sayında ilk dəfə “Mirzə Cəlilin nəticəsi ilə müsahibə” dərc etdirmişdir. Onu da vurğulamaq yerinə düşər: hazırda Cəlil Məmmədquluzadə barəsində hansısa bir informasiyanın varlığı güman olunan dünyanın elə bir arxivi yoxdur ki, akademik İsa Həbibbəylinin iti nəzərlərindən yayınmış olsun.

Akademik İsa Həbibbəyli böyük klassik haqqında “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının əsas tarixləri” adlı ilk kitabını 1986-cı ildə çap etdirmiş, bununla da Mirzə Cəlilşünaslıq kitabxanasını zənginləşdirən neçə-neçə nəşrlərinə rəvac vermişdir: “Cəlil Məmmədquluzadə” (1987), “Cəlil Məmmədquluzadə və ədəbi mühiti: metodik vəsait” (1990), “Zamanın dühası” (1992), “Əsrin dühası: fotoalbom” (1993), “Cəlil Məmmədquluzadə” (1994), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (1997), “Cəlil Məmmədquluzadə” (2002), “Cəlil Məmmədquluzadə: biblioqrafik göstərici” (2005), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Təkmilləşdirilmiş 2-ci nəşri” (2009), “Cəlil Məmmədquluzadə: tanıtma kitabı” (2009). Bundan əlavə, akademik İsa Həbibbəylinin klassiklərə və müasirlərə həsr etdiyi neçə-neçə kitablarında, habelə mətbuatda, qəzet və jurnallarda Mirzə Cəlil haqqında onlarla məqalə və tədqiqatları yer almışdır.

Akademik İsa Həbibbəylinin “tərtibçi-müəllifi olduğu kitablar”ın sırasında da ilk yerdə Mirzə Cəlil adı gəlir. İlk dəfə o, 1990-cı ildə Cəlil Məmmədquluzadənin geniş ədəbi-mədəni ictimaiyyətə məlum olmayan dram əsərlərindən ibarət “Pyeslər” kitabını çap etdirmiş, daha sonralar da ədibin 300-ə qədər yeni əsərlərini üzə çıxararaq, “Cəlil Məmmədquluzadə. Cümhuriyyət” (2002), “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma” (2003), “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” (2007; 2010) kimi orijinal kitablar buraxdırmış, klassikin əsərlərini “Cəlil Məmmədquluzadə. Əsərləri. 4 cilddə” (2004) və “Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. 2 cilddə” (2009) nəşr etdirmişdir. Akademik İsa Həbibbəylinin hazırladığı dördcildlik bugünəcən Cəlil Məmmədquluzadə külliyyatının ən mükəmməl nəşri hesab olunur. Akademikin Mirzə Cəlil irsini müasir oxuculara tanıdan geniş maarifçilik fəaliyyəti ilə yanaşı, dünya miqyasında alovlu təbliğatçısı kimi ardıcıl  çalışmaları da diqqət çəkir. Belə ki, biblioqrafiyada bu nəşrləri görür və əmin oluruq: “İsa Həbibbəyli şəxsi təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin əsərlərini Misirdə ərəb dilində, Pakistanda urdu dilində, Macarıstanda, Litvada, Gürcüstanda və Özbəkistanda yazıçı haqqında müqəddimələrlə birlikdə tərcümə etdirib kitab halında nəşr etdirmişdir” (s. 22-23).

Akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadəşünas tədqiqatçı kimi araşdırmaları bütövlükdə “Molla Nəsrəddin” jurnalı, molla nəsrəddinçilik məktəbi və realizm ədəbi cərəyanının öyrənilməsindəki uğurları ilə tamamlanır. “Ədəbi yüksəliş” (1985), “Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığının əsas tarixləri” (1987), “XX əsr Azərbaycan yazıçıları” (1992), “Ədəbi şəxsiyyət və zaman” (2017) kitabları ilə yanaşı, toplularda, habelə müxtəlif mətbuat orqanlarında çap olunan yüzlərlə məqalələri, “Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq” (2002), “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi” (2012) monoqrafik kitabçaları, tərtibçi-müəllifi olduğu “Məmməd Tağı Sidqi. Məktəb hekayətləri” (1996), “Məhəmmədağa Şahtaxtlı. Seçilmiş əsərləri” (2006), “Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı” (2009), “Məmmədli Qulam. Molla Nəsrəddin: salnamə” (2009), “Əliqulu Qəmküsar: taleyi və sənəti” (2011), “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” (2012), “Eynəli bəy Sultanov. Publisistika (rus dilində)” (2016), “Eynəli bəy Sultanov. Məqalələr” (2017) və s. göstəricilər bu uğurlardan danışır. Biblioqrafiyaya Ön sözünün müəllifləri faktı dəqiq konstatasiya edir: “Ümumiyyətlə, İsa Həbibbəyli böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin onlarla müasiri haqqında ilk dəfə söz açmış, bu maarifçi ziyalıların fəaliyyətinə dair yüzlərlə sənədi üzə çıxarmış, barəsində geniş məlumat vermiş, onların qarşılıqlı əlaqələrinin mahiyyətini elmi şəkildə aydınlaşdırmışdır. Bütövlükdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” epoxasının mükəmməl elmi salnaməsini yaratmışdır” (s. 24-25).

Akademik İsa Həbibbəyli o ədəbiyyatşünaslardandır ki, dəsti-xəttində milli ideologiya, azərbaycançılıq, dövlətçilik ümdə notları təşkil edir. Çağdaş Azərbaycançılıq məfkurəsinin təməl prinsipləri və prioritetlərini müəyyən edən Ulu Öndər Heydər Əliyev haqqında ədəbiyyatşünas-alimin “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti” (1998), “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” (2002), “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” (2013), “Ədəbiyyatda Heydər Əliyev obrazı: Tarixi gerçəklikdən ideala” (2018) kitabları da həmin qəti oriyentasiyanı bir daha təsdiq edir. İsa Həbibbəylinin “Azərbaycançılıq konsepsiyası haqqında”kı məqaləsində müstəqil dövlətçilik və milli ideologiya məsələləri nəzəri cəhətdən şərh olunur. Bundan başqa, 1997-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 2005, 2010, 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, Beşinci çağırış üzrə ölkə parlamentinin Elm və təhsil komitəsinin sədri akademik İsa Həbibbəylinin ictimai-siyasi fəaliyyəti də biblioqrafiya aynasında aydın görünür. Millət vəkilinin “Azərbaycan Respublikası Milli Məclisinin iclas və sessiyalarında çıxışları”nın ayrıca göstəricilərdə əksini tapması, Azərbaycan Respublikasinin “Elm haqqında” (2015), “Məktəbəqədər təhsil haqqında” (2016), “Peşə təhsili haqqında” (2017) qanunlarının hazırlanıb qəbul olunmasına dair məlumatlar həmin səmərəli çalıışmaları bilavasitə təsdiq edir.

Akademik İsa Həbibbəylinin miqyaslı yaradıcılığında Naxçıvan tematikası məxsusi yer tutur. Maraqlıdır ki, uzaq 1964-cü ildə, hələ orta məktəbin son siniflərində gənc İsa Həbibbəylinin ilk mətbu qələm təcrübələri publisistikadan başlanır. “Pambıqçı uşaqlar”, “Danzik kənd klubu” (1966), “Bəhmən baba”, “Həkimsiz məntəqə” (1967), “Naxçıvan tərənnüm olunur” (1969), “Naxçıvan abidələri” (1970), “Arpaçayı daşa bilməz” (1974) və s. onlarla məqaləsi “Azərbaycan pioneri”, “İşıqlı yol”, “Şərq qapısı”, “Gənc müəllim”, “Azərbaycan gəncləri”, “Kommunist” və s. qəzetlərdə dərc olunaraq, bütün 60-cı və 70-ci illər ərzində doğma yurdun qaynar həyatına, problemlərinə, mənzərələrinə işıq salır. Publisistik yaradıcılığını İsa Həbibbəyli elmi fəaliyyəti ilə daim paralel davam etdirərək, çoxsaylı araşdırma və məqalələrində, elmi-kütləvi janrda qələmə aldığı “Əsrin dörddə biri” (1992), “Naxçıvan Dövlət Universitetinin yetirmələri” (1992), “Araz üstə Universitet” (1996), “Naxçıvan Dövlət Universiteti. Salnamə” (1998), “Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti” (2000), “Mustafa Kamal Atatürk və Naxçıvan” (2006), “İntibahın 15 ili” (2010) və s. kitablarda təqdim edir. İsa Həbibbəyli iri həcmli (804 s.) “Nuhçıxandan Naxçıvana” (2015), “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (2017), “Duzdağ mozaikası” (2017) monoqrafik araşdırmalarında çağdaş dövrün əsl “Naxçıvannamə” epopeyasını yarada bilmişdir. Akademik İsa Həbibbəyli eyni zamanda üç cilddə hazırlanmış fundamental “Naxçıvan tarixi”nin (2013-2015) həmmüəllifi və elmi redaktorlarından biridir.

Akademik İsa Həbibbəyli 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru, təşkilatçısı və qurucusu kimi çalışmış, həmçinin, yarım əsrdən artıq pedaqoji fəaliyyəti dövründə respublikada ali təhsil quruculuğunun inkişafında mühüm xidmətlər göstərmişdir. Alimin elm təşkilatçılığı və pedaqoji səyləri biblioqrafik göstəricilərin - dərslik, metodiki vəsait və proqram səciyyəli məqalələrin dili ilə danışır (“Ədəbiyyat nəzəriyyəsi”, “Tələbələrin elmi-tədqiqat işlərinin təşkili yolları”, “Naxçıvan Dövlət Universiteti əməkdaşlarının elmi əsərləri: biblioqrafik göstərici”, “Naxçıvan. Seçmə kurs: metodik göstərici” və s.) Önəmlidir ki, akademik İsa Həbibbəylinin həmmüəllif olduğu ümumtəhsil məktəblərinin XI sinfi üçün “Ədəbiyyat” dərsliyi bugün də məktəblərdə uğurla istifadə olunur.

Akademik İsa Həbibbəylinin elm tarixinə və elmin müasir inkişafı problemlərinə, habelə Milli Elmlər Akademiyasının fəaliyyətinə həsr olunmuş tədqiqatları da “Biblioqrafiya”da əhatə olunmuşdur. Bu araşdırmalar elmi mühitdə və Azərbaycan Milli Elmlər Akademiyasında proseslərdə, “Elm haqqında” Qanun ətrafında gedən mübahisələr və müzakirələrdə İsa Həbibbəylinin yaxından iştirak etdiyini, məsuliyyətli bir elmi missiyanı ardıcıl olaraq yerinə yetirdiyini nəzərə çarpdırır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu haqqında 3 dildə yazılmış tanıtma kitabı, bir sıra görkəmli elm xadimlərinə həsr olunmuş portret-oçerkləri İsa Həbibbəylinin elmi mühitə dair araşdırmalarının genişləndiyini göstərir. Bundan başqa, “Biblioqrafiya”da göstərildiyi kimi, İsa Həbibbəyli AMEA-nın yubiley tədbirlərində rəsmən səsləndirilmiş “Akademiya marşı”nın və “Elm məbədi” adlı sənədli filmin ssenari müəllifidir. Elmi təfəkkürlə yanaşı, bədii təfəkkürə də önəm verən İsa Həbibbəylinin “Əsərləri”nin 10-cu cildinə şeirləri, mahnıları, esseləri, hekayə, etüd, tərcümə və bədii publisistikası daxildir. “Yollar şeirdən başlamışdı” adlanan kitabdakı (2016) yazıların iziylə (1968-2017) biblioqrafiyada ayrıca gedib, müəllifin bədii yaradıcılıq yolunu da soraqlamaq olur.

“Akademik İsa Həbibbəyli” biblioqrafiyasının II hissəsi akademikin elm təşkilatçılığı, elmi kadrların hazırlanması sahəsindəki xidmətlərini, “Elmi məsləhətçisi, elmi rəhbəri və opponent olduğu elmi işlər”i qeydə alır, əks etdirir. Akademik İsa Həbibbəylinin elmi rəhbərliyi ilə 1998-2018-ci illər ərzində Azərbaycan ədəbiyyatşünaslığının köklü problemlərinə həsr olunmuş 66 fəlsəfə doktorluğu, elmi məsləhətçiliyi ilə 6 elmlər doktorluğu dissertasiyaları müdafiə olunmuş, daha 25 elmlər doktorluğu və 13 fəlsəfə doktorluğu işləri hazırlanır. Bu illər ərzində akademik 15 dissertasiya müdafiəsində rəsmi opponent qismində çıxış etmişdir. Akademik İsa Həbibbəylinin rəhbəri, məsləhətçisi və rəsmi opponenti olduğu alimlər sırası əksərən bugünün Azərbaycan filoloji fikir korpusunu təmsil edir. Və bu yerdə sanki quru rəqəmlərlə danışan göstəricilərin arxasından biz akademikin çağdaş humanitar elmə, milli ədəbiyyatşünaslığa istiqamətverici və hami obrazını görə bilirik. Bütövlükdə 128 göstəricini (1909-dan 2037-yə) ehtiva edən II hissənin özünəməxsusluğu burasındadır ki, akademikin bu sahədəki elmi fəaliyyətinin nəticələri ilə yanaşı, elmi prosesə, perspektiv işlərə qarşı son dərəcə həssaslığı və məsuliyyətini də görükdürə bilir.

Biblioqrafiyanın ən orijinal bölümlərindən biri III hissədir və akademik İsa Həbibbəylinin “Həyat və yaradıcılığı, elmi-ictimai fəaliyyəti haqqında” yazılanları əks etdirir. Nəhəng ədəbiyyat siyahısından ibarət göstəricilərdə (2038-dən 3293-ə) alim haqqında biblioqrafiya və biblioqrafik göstəricilər (1998; 2001; 2004; 2005; 2006, 2010), monoqrafiya və kitablar (T.Kərimli, “Şərqin qapısından dünyaya”, 2009; Y.Seyidov, “Akademik İsa Həbibbəyli”, 2009, 2014; 2017 (rus dilində); V.Məmmədov, “Böyük alim haqqında kiçik xatirələrim”, 2009; A.Şükürov, “Akademik İsa Həbibbəyli”, 2016), toplular (“Ömrün illəri və əsərləri”, 2 kitabda. 2009, 2011), “Kitablara və elmi toplulara daxil edilmiş məqalələr”, “Qəzetlərdə dərc olunmuş məqalələr”, “Xarici dillərdə (türk, rus, ingilis dillərində) haqqında yazılanlar”, “Akademik İsa Həbibbəyli poetik nümunələrdə” kimi təsnif olunub, sıralanıb akademik İsa Həbibbəyli haqqında söz deyir, fikir yaradır. Biblioqrafiyanı vərəqləyib, yarım əsrin mətbu yazılarını (1967-2018) andıqca göz önündə dəyərli və miqyaslı bir alimin, şəxsiyyətin, ədəbiyyatşünas və tənqidçinin, elm və maarif fədakarı-təşkilatçının, ictimai-siyasi xadim və mütəfəkkirin, zəngin mənəvi cəhətləri sadalamaqla tükənməyən insanın obrazı canlanır.

Biblioqrafiyanın maraqlı bölümlərindən biri də “Əlavələr” səhifəsidir. “Akademik İsa Həbibbəylinin nəsil şəcərəsi” adlanan oçerk və göstəricidə İsa Həbibbəylinin doğulub boya-başa çatdığı Naxçıvanın Şərur rayonu Danzik kəndinin qədim, orta əsrlər və müasir dövr tarixi, Həbibbəylilər nəslinin kökü orta əsrlərə gedən və əsrdən-əsrə Azərbaycan və Türkiyə torpaqlarını dolaşan taleyi və “bütövlükdə dərin kökləri ilə Naxçıvan mahalına bağlanan” nəsil şəcərəsi təsvir olunur; ağır zəhmət və çətinliklərdən keçsə də, sovet dönəmində də bəylik mənsəbini, buna uyğun rəftar və nüfuzunu qoruyub saxlayan nəslin bugünü izlənir, layiqli sələflərin layiq xələflərini əks etdirən şəcərə göstəricilərdə və əyani illüstrasiyada (təsviri rəsm əsərində) təcəssüm olunur. Digər bir əlavə “Akademik İsa Həbibbəyli təsviri sənətdə” adlanır və alimin portretinin qrafikada, mozaikada, yağlı boyada, xalçaçılıqda, mis döymə üzərində, ağac üzərində oyma və heykəltaraşlıqda, dostluq şarjında rəngarəng təsvirini verən sanballı işlərin göstəricilərini (3294-dən 3325-ə) təqdim edir.

Biblioqrafiya hər bir mükəmməl biblioqrafik nəşrə məxsus “Köməkçi göstəricilər” hissəsi ilə tamamlanır (güman ki, texniki xəta olaraq kitabda “IV” əvəzinə “VI hissə” kimi verilib). Əvvəlki hissələrdə xronoloji qaydada və tematik başlıqlarda izlənən göstəricilər bu dəfə əlifba sırası ilə, özünəxas bir səliqədə: “Əsərlərinin əlifba göstəricisi”, “Xarici ölkələrdə nəşr olunmuş əsərlərinin əlifba göstəricisi”, “Xarici ölkələrdə nəşr olunmuş məqalələrinin əlifba göstəricisi”, “İsa Həbibbəyli haqqında yazan müəlliflərin əlifba göstəricisi”, “Redaktorların və rəyçilərin əlifba göstəricisi”, “Tərcüməçilərin əlifba göstəricisi” bölümlərində təqdim olunur.

Çağdaş kitabxanaşünaslığın və kitab nəşrinin yüksək standartlarını nümayiş etdirən “Akademik İsa Həbibbəyli” biblioqrafiyasının tərtibçi müəllifləri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur. Kitabın elmi redaktorları AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Kərimli və professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur. Mükəmməl nəşrə görə kitabın yaradıcı kollektivi ilə birgə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasını, geniş elmi-ədəbi ictimaiyyəti, çoxsaylı filoloq və ədəbiyyatsevər oxucu auditoriyalarını təbrik etmək olar. 

AMEA-nın müxbir üzvü Tehran Mustafayev

525-ci qəzet