www.science.az
10.09.2018 10:14

Göygöl rayonunda son tunc-erkən dəmir dövrünə aid kurqanlar tədqiq edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə-Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb.

Əsas tədqiqatlar Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin H.Əliyev parkına yaxın ərazisində, Gəncə-Şəmkir yolunun sağında, Quru qobunun sol tərəfində və Quşqara bələdiyyəsinin ərazisində yerləşən kurqan tipli qəbirlərdə olub. Arxeoloji qazıntı işlərinə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilib. Qazıntılar nəticəsində müəyyən edilib ki, əslində kurqan kimi təqdim edilən abidələr sadəcə kurqan tipli qəbirlər olub və Azərbaycanın son tunc dövrü köçəri tayfalarının adət-ənənələrini və həyat tərzini əks etdirir.

Kurqan tipli qəbirlərin üstü çay daşı ilə örtülüb. Daşların arasına möhkəmlik yaratmaq və suyun kameraya dolmasının qarşısını almaq məqsədilə ağ torpaq, əhəng qatı verilib. Qəbirlərin üzərindəki daş yığını və torpağın bir hissəsi ətrafda olan istixanalardan gətirilən qalıqlardan və əkin sahələrindən toplanılan daşlardan ibarətdir. Kurqan tipli qəbirlərdən yalnız ikisində skelet qalıqlarına və son tunc - ilk dəmir dövrünə aid saxsı qabların hissələrinə rast gəlinib.

Ekspedisiya tərəfindən cari mövsümdə həm də ətraf ərazilərdə arxeoloji kəşfiyyat işləri aparılıb. Rayonun Yeni Göyçə kəndindəki alban məbədində aparılan arxeoloji tədqiqatlar məbədin IV-V əsrlərdə tikildiyini, lakin XIX əsrdə abidədə yenidən bərpa işləri aparıldığını söyləməyə əsas verir. Məbədin tavanına saxsı qabların doldurulması akustikanın yüksəldilməsinə xidmət edib. Qablar divarların arasında üzü aşağıya doğru yerləşdirilib.

Göygöl rayonunda arxeoloji tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.