Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans işə başlayıb
07.09.2018 15:44
  • A-
  • A
  • A+

“Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Akademiyanın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muxtar respublikanın Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov, eləcə də Türkiyə və İrandan elm adamları iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Naxçıvan Universitetində baş tutan konfransı giriş sözü ilə muxtar respublikanın Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov açıb.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: İslam mədəniyyətinin yaşadıldığı məkan” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, Naxçıvan şəhəri 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçilib. O, Naxçıvanın bəşər sivilizasiyasının ilk məskənlərindən olmaqla, həm də dini-mədəni abidələrlə zəngin olduğunu söyləyib.

Naxçıvan şəhərinin qədim və zəngin tarixə malik olduğunu bildirən akademik vurğulayıb ki, burada ilkin şəhər mədəniyyətinin beş min illik tarixi var: “Bu ərazinin Böyük İpək Yolu üzərində yerləşməsi, şəhərin Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərib. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görüb, öz qeydlərində bu haqda bəhs ediblər”.

Alim orta əsr mənbələrində Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatların olduğunu bildirib.

İ.Hacıyev Naxçıvanın Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin, həmçinin Naxçıvan şahlığının, eləcə də Azərbaycan Atabəylər dövlətinin həm siyasi, həm də mədəniyyət mərkəzi olduğunu diqqətə çatdırıb: “Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı, bu şəhərin İslam mədəniyyətinin paytaxtı olmağa tam əsas verir”.

Akademik bildirib ki, milli dəyərlərin hifz olunduğu və yaşadıldığı muxtar respublikada bəşər mədəniyyətinin əvəzsiz inciləri olan Əlincə qalası, Möminə xatun, Gülüstan türbələri, Qarabağlar Türbə Kompleksi, Əshabi Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və Xanəgah Abidələr Kompleksi kimi onlarca abidə var.

Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada 211 məscid fəaliyyət göstərir və onlardan 74-ü yeni tikilib, 95 məscid, 23 dini ziyarətgah isə yenidən qurulub və ya bərpa olunub: “Nuh peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında inşa olunan məscid kompleksi muxtar respublikanın ən böyük və memarlıq quruluşu ilə fərqlənən ibadət ocağı olacaq. Nuh peyğəmbərin məzarüstü türbəsinin burada olması, “Qurani-Kərim”də adıkeçən Əshabi-Kəhf ziyarətgahı, imam övladlarının dəfn olunduğu imamzadələr, məscidlər Naxçıvanda islami dəyərlərin illərlə qorunaraq günümüzədək gəlib çatmasından xəbər verir”.

Tədbirdə akademik Nailə Vəlixanlının “Bölgədə İslam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu”, İstanbul Universitetinin müəllimi, professor Oktay Bellinin “Naxçıvanda olan türk-İslam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti”, Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaşın “İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu” və Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlının “XII-XIII əsrlər Araz ətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzusunda məruzələri dinlənilib.

Beynəlxalq konfransda elm adamlarının “Naxçıvanda İslam mədəniyyətinin tarixi”, “Naxçıvanın İslam mədəniyyəti: arxeologiyası və memarlığı”, “Naxçıvanın İslam mədəniyyəti ədəbiyyat və folklorda” və “Naxçıvanın İslam mədəniyyəti mənbələrdə” adlı bölmələrdə 50-yə yaxın müxtəlif mövzularda məruzələri dinləniləcək.

2 gün davam edəcək tədbirdə iştirakçıların Naxçıvanın bir çox tarixi yerlərinə gəzintisinin təşkili də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: