www.science.az
07.09.2018 13:04

AMEA-da Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium keçiriləcək

Sentyabrın 13-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.

Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Beynəlxalq tədbirdə “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələr dinləniləcək.

Simpozium sentyabrın 16-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.