www.science.az
06.09.2018 15:00

Darxan Kıdırəli yenidən Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunub

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən VI Sammitində dövlət başçılarının qərarı ilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli yenidən bu qurumun rəhbəri təyin olunub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri Beynəlxalq Türk Akademiyasının işini yüksək dəyərləndiriblər.

Bildirilib ki, Türk Şurasına üzv dövlətlərin orta məktəblərində tədris olunacaq “Ortaq türk tarixi” dərsliyi, “Atalar mirası”, “Türk barometr” layihələri, BMT-də və UNESCO-da türk dünyasının mədəniyyət, ədəbiyyat və tarixi şəxsiyyətləri ilə bağlı keçirilən beynəlxalq simpoziumlar, forumlar, 90-dan çox elmi əsərin işıq üzü görməsi akademiyanın türk dünyasına bəxş etdiyi töhfələrdəndir.

Qeyd edək ki, akademiya son iki ildə Azərbaycan ilə bağlı fəaliyyətini xeyli genişləndirərək müxtəlif layihələr həyata keçirib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Astanada qazax dilində çapdan çıxan “Elinə yol açmış” kitabının təqdimatı olub. Eyni zamanda, Astanada keçirilən III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilib.

Akademiya hazırda “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərslikləri üzərində işlər aparır.

Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.