www.science.az
04.09.2018 14:04

Goranboy rayonu ərazisində tunc dövrünə aid yaşayış yeri aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən rayonun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb.

İnstitutun aparıcı elmi işçisi, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov bildirib ki, tunc dövrünə aid olan yaşayış yerinin üzərində antik və orta əsrlərin maddi-mədəniyyət nümunələrinə rast gəlinir. Tapıntı Şəfəq kəndindən 500-600 metr şimal-qərbdə, qədim dərə yatağının sol sahilindədir. Hündür-konusvari formalı təpədən ibarət olan yaşayış yeri iki hektardan artıq ərazini əhatə edir.

Ekspedisiya tərəfindən yaşayış yerinin cənub və şərq yamacında yoxlama qazıntıları həyata keçirilib. Arxeoloji tədqiqatlar zamanı mədəni təbəqənin qalınlığının 10 metrdən artıq olduğu müəyyənləşdirilib. Ərazidə tunc, antik və orta əsrlərə aid saxsı və daş məmulatları aşkarlanıb. Tunc dövrünün saxsı məmulatı qara, boz və qonur rəngli küp, küpə, bardaq, boşqab və digər qabların hissələrindən ibarətdir.

Yaşayış yerində arxeoloji qazıntı işlərinin daha da genişləndirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.