www.science.az
04.09.2018 09:25

Fizika İnstitutunun əməkdaşlarının tədqiqatı nüfuzlu nəşrdə

AMEA-nın Fizika İnstitutunun laboratoriya rəhbərləri - akademik Təyyar Cəfərov və professor Ayaz Bayramov tərəfindən hazırlanan “Məsaməli silisium və Günəş elementləri” (“Porous silicon and Solar Cells”) adlı fəsil Almaniyanın “Şpringer” nəşriyyatında ikicildli “Handbook of Porous Silicon” soraq kitabında çap olunub.

Kitabın redaktoru məsaməli silisumu kəşf edən və araşdıran məşhur ingilis alimi Leigh Kanhamdır. Kitab 110 fəsildən ibarətdir və fəsillərin müəllifləri Kanham tərəfindən dünyanın 40 ölkəsindən dəvət olunan, nano-strukturlu silisium texnologiyası və tədqiqatları sahəsində aktiv işləyən tanınmış alimlərdir.

Nəşrdə nano-məsaməli silisiumun texnologiyası, quruluşu, optik, lüminessensiya, elektrik, maqnit, termik xassələri, həmçinin materialın optoelektronika, foto-voltaika, hidrogen-voltaika, sensorika, akustika və bio-tibbdə istifadə edilməsinə aid fəsillər yer alıb.

Sözügedən kitabda T.Cəfərov və A.Bayramovun nano-məsaməli silisiumun fotovoltaik günəş elementlərində istifadə edilməsinə dair araşdırmalarının nəticələri və bu istiqamətdə son 30 ildə dünyanın elmi mərkəzlərində görülən işlərin icmalı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.