www.science.az
04.09.2018 09:48

Şərəfə layiq

Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsiydim və Azərbaycan Televiziyası ilə bir neçə daimi veriliş aparırdım.

Həmin yeni yaranan verilişlərdən biri “Necəsən, əziz dost?” adlanırdı və bu proqramın ilk buraxılışı studiyada deyil, açıq havada - indi hər gün yanından keçdiyiniz, Filarmoniya bağındakı Büllur fəvvarənin aşılışı münasibətilə elə oradan təşkil edilmişdi.

O zamanlar televiziyanın Gənclik redaksiyasının baş redaktoru olan jurnalist və yazıçı Yusif Kərimov təklif etmişdi ki, bu veriliş üçün ayrıca mahnı başlığı hazırlaya bilsəniz, pis olmaz.

Mahnı bircə günün içində yaranmışdı.

Sözləri yazıb vermişdim elə bizim kimi yolunu təzəcə başlayan, sonralar Gülara xanım Əliyeva ilə birgə işləyəcək, onun vəfatından sonra isə “Dan ulduzu”nun rəhbəri olacaq gənc pianoçu və bəstəkar Həsənağa Qurbanova.

Gecəylə mahnını bəstələmişdi, Züleyxa Mirismayılovaoxumuşdu, lentə almışdıq və birinci veriliş həmin nəğməylə başlanmışdı.

Elə ekrana gələn kimi bəyənilən təzə verilişin ilk saylarından birini Azərbaycan kinosunun sabahı olacaq gənclərə həsr etmişdik.

O dövrdə çox məşhur və nüfuzlu - kino nəhənglərinin dərs dediyi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda, eləcə də Moskvadakı ikiillik Ali rejissorluq və ssenariçilik kurslarında təhsil alan, illər sonra hamısının mədəniyyətimizdə sanballı yeri və sözü olacaq tələbə gəncləri dəvət etmişdik.

Vaqif Mustafayev onlardan biri idi.

Verilişin yazılışından sonra Vaqiflə Dağüstü parkdakı “Dostluq” restoranına getdik.

Müəllimi Eldar Ryazanovun son dərəcə maraqlı dərs saatlarından, yeni baxdığı, böyük ekranlara çıxmayan xarici filmlərdən, Moskva sərgüzəştlərindən danışırdı.

O gündən yadımda qalan belə bir əhvalatı da danışdı ki, hansısa filmə baxırlarmış, tələbə yoldaşlarından olan çox qəşəng bir qız deyir ki, mən bu filmin rejissoruna ürəyimi verərdim.

Vaqif də dərhal qayıdır ki, mən bundan da yaxşısını çəkərəm!

Vaqif belə söyləmişdi, gülüşmüşdük, amma indi həmin sözlər yadıma düşür və anlayıram ki, bunlar sadəcə söz deyil, əslində, Vaqifin bütün ömrü üçün bir açarmış, düsturmuş.

Qarşısına məqsəd qoymaq və nə qədər çətin olsa da, ilk baxışdan lap mümkünsüz təsir bağışlasa da, o hədəfə doğru can atmaq və istəyinə hökmən yetişmək.

Bu, Vaqif Mustafayevin xarakteridir, mahiyyətidir və həyatda da, sənətdə də nəyə nail olubsa, hamısında Allahın bağışladığı fitri istedadla yanaşı, bu vacibdən-vacib məziyyətinin də ayrıca yeri var.

Vaqif böyük kinoya gələndə Azərbaycan kinosunun yaşı artıq səksənə çatmışdı. Görkəmli kino xadimlərimiz də, ad çıxarmış filmlərimiz də vardı və sanki yeni söz demək, elə ilk gəlişdən parlaya bilməkçün imkanlar çox məhdud idi.

Lakin Vaqif yolunun siftəsindən, ilk işlərindən “mən gəlmişəm” deyə bildi, səksəndirməyi bacardı, sevildi və beləcə, Azərbaycan kinosunun sabahının həm də onunla bağlı olduğunu bəyan etmiş oldu.

Dünya kinosu 1895-ci ildə anadan, daha dəqiqi, atadan olub.

Bu, xalqımız, yurdumuz üçün böyük iftixardır ki, Lui və Ogüst Lümer qardaşlarının dünyanı heyran qoyan ixtirasının yaranmasından, kinematoqrafın təvəllüdündən düz üçcə il sonra artıq Azərbaycanın da ilk filmləri çəkilib.

İndi dünya kinosunun 123 yaşı varsa, Azərbaycan kinosu 120 yaşındadır.

Hətta dünya kino sənayesində bu gün ən aparıcı mövqe tutan bir çox ölkələrin belə bu qədər köhnə ekran tarixi yoxdur.

Və kinomuzun taleyi lap əvvəldən neftlə yol yoldaşlığı edib.

Aleksandr Mişonun yadigarı olan ilk filmlərimiz “Bibiheybətdə neft buruğunda yanğın” və “Balaxanıda neft fontanı” adlanırdı.

Bu, bəlli tarixi hadisələri əks etdirən sənədli süjetlər idi.

XIX yüzilin sonu, XX əsrin əvvəllərində neft bumu yaşayan Bakıda 1916-cı ildə çəkilən ilk bədii filmimiz də “qara qızıl”la bağlı olmuşdu.

Bu, İbrahimbəy Musabəyovun povesti əsasında filmləşdirilmiş və baş rolda Hüseyn Ərəblinskinin oynadığı “Neft və milyonlar səltənətində” idi.

Və qismət elə gətirib ki, Azərbaycan kinosunun taleyi ilə həmişə əlaqədar olmuş, daim kinomuzun sabit mövzularından sayılmış neftə dair Vaqif Mustafayev də film yaradıb.

Onun da 2010-cu ildə öz ssenarisi əsasında ekranlaşdırdığı dördhissəli “Azərbaycanın neft tarixi” adlı publisistik filmi var.

Amma Vaqifin çoxlu sənədli filmləri arasında əziz paytaxtımıza həsr etdiyi və 1990-cı illərdə çəkdiyi “Bakı, Bakı” adlı bir film var ki, o kinolentdə mən də düşüncələrimi bölüşmüşəm.

Qısa çıxışımda elə bu gün də qüvvədə qalan bir arzumu dilə gətirmişdim ki, yaxşı olar şəhərimizdə bir “Bakı muzeyi” yaradılsın.

Şəhərlərimiz arasında öz əsrarəngiz aləmi və mühiti ilə seçilən, ölkəmizin, millətimizin tərcümeyi-halında silinməz izlər buraxan, hər küçəsi füsunkar, hər əski binası neçə şəcərənin nisgilli və məsud xatiratını yaşadan doyulmaz Bakımız haqqında haçansa belə bir muzey qurularsa, təbii ki, onun ilk qəhrəmanlarından və əsas surətlərindən biri də elə neft olacaq.

Neft bizə Tanrının lütf etdiyi sərvətdir ki, o zənginlikdən keçmişlərdə də çox bəhrələnmişik, gələcəkdə də həmin təbiət payının faydalarını çox görəcəyik.

Lakin Azərbaycanın və Bakının ən başlıca sərvəti olan neftdən də qat-qat üstün olan nemətlərimiz, sərvətlərimiz var.

Bu, qiymətə sığmayan insanlarımız, quran-yaradan, istedadlı, parlaq Vətən Övladlarıdır.

Və inanıram ki, haçansa hökmən yaradılacaq Bakı, paytaxt muzeyini neftimizin macəralı tarixçələri, cəsur neft qəhrəmanlarımızın surətləri ilə yanaşı, Bakını Bakı, Azərbaycanı Azərbaycan edən, yurdumuza şöhrət, qürur, fəxr gətirən dəyərli insanların çöhrələri və fədakar əməllərinin nişanələri də bəzəyəcək.

Söz yox ki, Vaqif Mustafayev də sərvətlərimiz sırasında o şərəfli qatardakı ilklərdən biri olacaq.

Vaqif Mustafayev Azərbaycan kinosuna qanad vermiş, onu dünya miqyasında tanıtdırmağa, sevdirməyə nail olmuş azlardandır.

Azərbaycan kinosunu təmsil edərək Yer üzünün ən mötəbər film müsabiqələrində və festivallarda Vaqif qədər ödüllər və uğurlar qazanan rejissorumuz olmayıb.

Dünya kino seli içərisində Vaqif Mustafayevin ayrı-ayrı əsərləri görsənir və etiraf edilirsə, seçdirilərək, üstün tutularaq Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Kanadada, Yaponiyada, Türkiyədə və digər ölkələrdə yüksək mükafatlara layiq görülürsə, bu, bir tərəfdən ölkəmizə, Azərbaycan kinosuna başucalığı gətirir, digər tərəfdən də bir çağırışa, dəvətə çevrilir ki, yeni Vaqiflərimiz yaransın.

Vaqif Mustafayevin yaratdığı “Musiqili xaş” (1984), “Bəyin oğurlanması” (1985), “Yaramaz” (1988), “Nakəs” (1991), “Fransız” (1995), “Milli bomba” (2004), unudulmaz Heydər Əliyev haqqındakı sənədli-publisistik filmlər cərgəsi və sayı öz yaşından çox olan digər bir-birindən xoşagəlim ekran əsərlərinin hər biri milli kino salnaməmizi və milli mədəniyyət xəzinəmizi süsləyən incilərdir.

Vaqifin özünəməxsus dünyaduyumunu, həyat və sənət fəlsəfəsini, həqiqətlərə baxışda incə yumoru və kinayəsini əks etdirən əvəzsiz incilər.

Hamının baxıb yanından keçdiklərində heç kimin görmədiklərini görmək bəsirətliliyi və üstəlik, həm də bunları indiyəcən kinomuzda bənzərinə rast gəlmədiyimiz göyçəklik və plastika ilə, zərif Şərq zövqü ilə Qərblicəsinə göstərə bilmək ustalığı Vaqifin fitrətindədir.

Belə qabiliyyətlərə sonradan yiyələnmək olmur, göylərin səxavəti ilə bu işığın bağışlandığı insan elə həmin keyfiyyətlərlə doğulur və əvvəldən qeyri-adi olur.

Peşəkar vərdişlər isə asta-asta vaxtın gətirdiyi tamamlayıcı, cilalayıcı cizgilərdir.

XX yüzildə Azərbaycan tarixinin ən həlledici simalarından biri nadir dövlət və siyasət adamı Heydər Əliyev oldu.

Müasir Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni və elmi həyatının 40 ilə çatan iri bir dövrü Heydər Əliyevin bilavasitə iştirakı, coşqun fəaliyyətləri, ağıllı və uzaqgörən idarəçiliyi ilə ötmüşdür.

Ömrünün son illərindəki nitqlərindən birində ulu öndər Heydər Əliyev qəti inamla “Mən Azərbaycanda həmişə olacağam” söyləmişdi və bu da artıq onsuz yaşadığımız çağlarda vaxtın sübuta yetirdiyi danılmaz həqiqətdir.

Böyük Heydər Əliyev millət və dövlət quruculuğunun bilavasitə şahidi olduğumuz mürəkkəb, təlatümlü, sürətli və sınaqlı tarixi dönəmində hətta çox-çox bacarıqlı dövlətçilərə xas olmayacaq bir qüdrətlə elə təməllər qurub, elə yollar açıb, elə dərin izlər qoyub ki, adı və boyu Azərbaycanın ən uzaq gələcəyindən də ucalacaq.

İstisnasız olaraq hər dövrdə və hər yerdə hər parlaq yaradıcının bədxahları, paxılları, gözügötürməyənləri də arada-bərədə baş qaldırır, zəhərini səpir, könül bulandırır, qan qaraldır.

Təbii ki, Vaqifin də.

Bir ara belə ağcaqanad xislətlilərdən bəziləri böyük Heydər Əliyevin Fəxri xiyabandakı məzarı qarşısında ikiqat əyilərək təzim edən Vaqif Mustafayevə bunu öz cılız aləmlərində guya irad tutaraq onu qınayırdılar.

Ehtiram, sevgi yalnız hisslərlə yox, həm də düşüncəylə, biliklə bağlı duyğulardır.

Heydər Əliyev o müstəsnalardandır ki, onun fövqəladəliyinin yeni-yeni qatlarına vardıqca, onu misilsiz bir şəxsiyyət olaraq özünçün daha artıq kəşf etdikcə daha çox vurulursan.

Vaqif Mustafayev Heydər Əliyevlə dəfələrlə təmasda olmuş, onu ən yaxın məsafədən müşahidə etmiş, mürəkkəb daxili dünyasına sirayət etməyə müvəffəq olmuş və təbii ki, bu gedişatda qəhrəmanını hamımızdan daha yaxşı tanımış, ona məftun kəsilmiş, qəlbən vurulmuş bir sənətkardır.

Heydər Əliyevi kim Vaqif Mustafayev qədər duya, dərk edə, yalnız sıradan olan bir insan kimi yox, həm də rejissor olaraq GÖRƏ bilsəydi, indi o unudulmaz şəxsiyyətin olmadığı günlərdə xatirəsini yalnız sonsuz sayğıyla təzim etməklə yox, diz çökərək ifadə edərdi!

O bələdliyin, o valehliyin, o heyrətin bəhrəsidir ki, Vaqif Mustafayev Heydər Əliyev haqqında 1999-2013-cü illər arasında bir-birindən maraqlı və təsirli, çoxseriyalı çox bədii filmlərdən daha maraq və diqqətlə seyr edilən, tamaşaçını ekrandan ayrılmamağa vadar qoyan silsilə yaratdı.

Onlardan bir neçəsinə Heydər Əliyev özü də baxdı və bəyəndi.

Tələbkar Heydər Əliyevəsə nəyisə bəyəndirmək, illah da özü barəsində olan əsəri bəyəndirmək sadə məsələ deyildi.

O, yalnız ən yaxşı olanı təqdir edirdi və Heydər Əliyevin cavan rejissorun bu əsərləri, ümumən yaradıcılığı ilə bağlı razılıq sözləri, məmnun qiymətləndirməsi, zənnimcə, Vaqif Mustafayevin sənət ömrü boyunca ən ali mükafatlarından hesab edilsə, doğru olar.

Çünki bu qiyməti qeyri-adi bir insan verib.

Özü tarix olan, tarix yaradan və sənəti də incəliklərinə qədər dərk edən, içərisindən keçirən, dəqiqdən dəqiq və ədalətlə dəyərləndirməyi bacaran şəxsiyyət!

Heydər Əliyevin - canlı klassikin, əngin zəka sahibinin tərifinin necə duyğulandıran, nə qədər şirin, hər təltifdən nə təhər canayatan olduğunu şəxsi təcrübəmdən bilirəm.

2001-ci il dekabrın 25-i idi. Respublika (indiki Heydər Əliyev) sarayında Rəsul Rzanın 90 illik yubiley mərasimi keçirilirdi. Prezident Heydər Əliyev də təntənəli gecəyə qatılmışdı. Şair haqqındakı bir neçə nitqdən sonra bədii hissə başlandı.

O axşam Rəsul Rza haqqında söz söyləyənlərdən biri də mən idim. Tədbir bitəndə ayağa qalxıb rəhbəri yola salırdıq. Gəlib mənə çatanda ayaq saxladı, əllərimi sıxdı, “Yaxşı danışdın! Sən elə həmişə yaxşı danışırsan”, - dedi.

Bu, sadə sözlər deyildi, bu, adi qiymət deyildi. Bu sözlər hər mükafatdan üstün idi.

Çünki bu sözləri özü natiqlər natiqi olan, sözün mahir zərgəri Heydər Əliyev söyləyirdi.

Heydər Əliyev adam sərrafı idi. Birgə iş əsnasında, çəkilişlər gedişindəki ünsiyyətlərdə Vaqifin  kimliyini, qabında nə olmasını, inadkar təbiətini aydınlığı ilə sezə bilmişdi.

Mənim bir ağsaqqal dostumun tövsiyyəsi var ki, heç vaxt axır sözünü əvvəldə demə.

İmkan daxilində həmişə özümü kökləməyə çalışıram ki, bu müdrik nəsihətə əməl edim.

Lakin Vaqifin Heydər Əliyevə həsr etdiyi sənədli filmlər silsiləsinin çəkilişlərindən birinə hazırlıq əsanasında Prezidentlə rejissor arasında baş tutmuş söhbət var ki, həmin ağıllı məsləhətə riayət etməmək kimi təsir bağışlayır.

Vaqif Mustafayev “Bir həsədin tarixçəsi” filminin çəkilişləri ərəfəsində məncə, ehtiyatsızlıq edərək, alınmama ehtimalını nəzərə almayaraq, öz gücünə güvənərək məhz axır sözünü əvvələ çəkərək Heydər Əlievə vəd edir ki, Mixail Qorbaçovdan müsahibə götürəcək və onun dilindən həqiqətləri alacaq.

Real vəziyyətdən, bunun təqribən mümkünsüzlüyündən agah olduğundan təcrübəli Heydər Əliyev cavan rejissoru tam da ruhdan salmamaq üçün sadəcə “Çətin olacaq”, - deyir.

Axı doğrudan da Mixail Qorbaçov kimi sürüşkən, Azərbaycan əleyhinə silahlı təcavüzə qərar vermiş, Heydər Əliyevə qarşı xəbisliklər etmiş bir şəxsin dilindən etiraflar qoparmağa nail olmaq ağlabatan deyil.

Heydər Əliyevin verilən mühüm sözləri unutmamaq və necə yerinə yetirilməsini yoxlamaq adətindən xəbərdaram və gümanımca,  cavan rejissorun bu riskli, bir az da özündən deyən kimi səslənən vədinin nə ilə nəticələnəcəyini gizli bir maraqla gözləyirmiş.

Mixail Qorbaçov hər kəsdən yaxşı bilirdi ki, həm Azərbaycan, həm Heydər Əliyev qarşısında hansı qəbahətləri var.

Ona görə də nəinki bu mövzularda müsahibə vermək, heç Azərbaycandan olan hansısa jurnalist, ya rejissorla görüşmək onunçün sərfəli deyildi.

Və Vaqif heç kimin edə bilməyəcəyinə müvəffəq olur.

O, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla nəinki görüşür, nəinki söhbət edir, hətta onunla müsahibə yox, “istintaq” aparır.

O boyda, o hiyləgərlikdə, söz altından sivişib çıxmaqda o qədər məharətli Qorbaçova özünü ifşa və rüsvay edən bütün lazımi sözləri dedizdirə bilir.

Buna da əminəm ki, unudulmaz Heydər Əliyev yalnız Mixail Qorbaçovdan belə məzmunda bir müsahibənin alınmasına görə deyil, Vaqif Mustafayevin verdiyi sözü yerinə yetirmə qətiyyətinə, çətin əməliyyat adlandırıla biləcək bir ağır işin öhdəsindən uğurla gəldiyinə görə xeyli xoşhal olubmuş.

Heç şey təsadüfi olmur. Məhz belə-belə xüsusiyyətlərinə, niyyətlərini gerçəkləşdirmək yolundakı ardıcıllığına, boyun olduğunu ali peşəkarlıqla yerinə yetirə bilməsinə görə Heydər Əliyev Vaqifi bir rejissor olaraq qəbul etmiş və ona inanmışdı.

Heydər Əliyev ömrü uzunu çox müsahibələr verib, kameralar və mikrofonlar önündə ən müxtəlif mətləblərdən, eləcə də öz başına gələnlərdən, taleyindən ötüb-keçənlərdən bəhs edib. Lakin müqayisə edin və görün onun daha əvvəllərdə Vaqifin filmlərindəki kimi açıq ürəklə, tam səmimiyyətlə, istiqanlılıqla danışdığı olubmu?

...Heydər Əliyevin çox abidələri var və yəqin, gələcəkdə yeniləri də yaranacaq. Amma Vaqif Mustafayevin filmləri ilə yaratdığı Heydər Əliyev abidəsi həmişə həmin abidələrin ən möhtəşəmlərindən olaraq qalacaq.

“Qalacaq”, bəlkə də, bu məqamda o qədər də sərrast, tam yerinə düşən söz deyil.

Axı bu, kinodur. Zaman ötdükcə, xatirə yükü artdıqca, nəsillər dəyişdikcə qiyməti artan kinolent.

Axı həmin kadrlarda canlı Heydər Əliyev var ki, o çağacan heç kəslə bölüşmədiyi məhrəm və xəlvət yaddaşlarını son dərəcə təbii tərzdə, doğma bir ahənglə kameranın böyründən ona baxan Vaqifə və həmin vəsilə ilə də bizə, sabaha, tarixə ürəyini açır.

Gəncliyindən, ailə gizlinlərindən, sevgisindən, həyatın onu tuş saldığı qəliz maneə və dolanbaclardan, Kremlin sirli divarlarının ardında cərəyan etmiş məkrli tələqurmalardan mücərrəd tamaşaçıya deyil, yaxınlarına, simsarlarına nağıl edən kimi danışır...

Heydər Əliyev hələ bizə vaxtca yaxındır. Bugünkü azərbaycanlıların çoxu onu canlı görüb, dinləyib.

Gələcəkdəkilər bu misilsiz şəxsiyyəti onlara nəfəsini duyacaq qədər yovuqdan, bütün əzəməti və daxili zənginliyi, mehribanlığı və səmimiyyəti, çoxçalarlığı və bütövlüyü ilə bunca əyani çatdırdığına görə Vaqifə minnətdar olacaqlar.

Bilənlər bilir ki, görkəmli dövlət və

siyasət xadimləri haqqında bunca təsirli və insani, inanımlı və bədii cəhətdən üstün əsər yaratmaq həddən ziyadə müşküldür.

Vaqif Mustafayev bəxtiyar sənətkardır ki, onun yaradıcılıq kitabında belə bir öyülməyə yaraşan səhifə də var.

Hələ Heydər Əliyev haqqındakı bədiifilmi görəsiniz!

2 saatdan artıq müddətdə nəzərlərinizi ekrandan ayıra bilməyəcəksiniz, ilk kadrından son kadrınacan sehrlənmiş kimi baxacaqsınız, mat qalacaqsınız.

Bir insanın timsalında, əslində,XX yüzildəki Azərbaycanın keşməkeşli taleyi haqqındakı hekayəti görəcəksiniz və inanmayacaqsınız.

Zənn edəcəksiniz bu film Hollivudda çəkilib, dünyanın ən məşhur ssenariçiləri, rejissorları, operatorları, montajçıları hamısı əl-ələ verərək bu şah əsəri yaradıblar.

İnanmayacaqsınız ona görə ki, indiyədək bizdə bu biçimdə, bu cazibədə, bu icra səviyyəsində film olmayıb.

Vaqif bu ilkə də imza atdı.

Baxın, təsirlənin, gücümüzə inanın və sevin!

O filmin dünyanı zəfərlə dolaşacağına da qətiyyən şübhəm yoxdur!

...Vaqifin müəllimi Eldar Ryazanovun bir şakəri vardı ki, adətən, filmlərində xırda bir epizodda da olsa özü çəkilirdi və həmin kadrlar da əsərə ayrı bir rəng qatır, əlavə təravət gətirirdi.

Vaqif rejissor, ssenariçi olmaqla bərabər, elə həm də aktyordur.

Bir sıra filmlərdə də görünüb - həm bədiilərdə hansısa rolda, həm də sənədli kinolentlərdə - elə özü kimi.

Kameranın, obyektivinbir qəribəliyi var ki, heç də adamı həmişə tam həyatda olduğu kimi göstərmir.

Birini əslində olduğundan daha qəşəng, kimisini gerçəklikdəkinə nisbətən daha kök, ya arıq, bir sözlə, fərqli.

Vaqif kamera ilə, obyektivlə nə qədər sirdaşlıq etsə də, bir neçə on il ərzindəki həmin ən dəyişməz, ən sabit həmdəmləriylə bunca çox oturub-dursa da, dostumuza münasibətdə onlar, mənim müşahidəmcə, çox da dəqiq deyillər.

Vaqifi əslində olduğundan daha yaşlı, daha oturuşmuş kimi göstərirlər.

Elə göstərirlər ki, guya, Vaqifin 60-65 yaşı var.

Hələ radioda danışanda Vaqif bundan bir az da yaşlı görünür.

Əslində isə belə deyil axı.

Vaqif Mustafayev qaynar həvəslə, istedadla, təzə fikirlərlə, yeni-yeni yaradıcılıq niyyətləri və əzmi ilə dolu cavan, qıvraq bir oğlandır.

O mənada bugünədək etdikləri hələ müqəddimədir.

Demək, Vaqifin və bütövlükdə milli kinomuzun fəth edəcəyi daha geniş üfüqlər də hələ irəlidədir.

Qarşıda onun millətimizə və sənətimizə bir-birindən gözəl töhfələr verəcəyi onillər dayanır.

Vaqifin yeni-yeni “milli bomba”larının əks-sədası hələ çox uzaqlardan eşidiləcək.

...Yadıma yenə də Vaqifin 40 il əvvəl zarafatyana dediyi, amma ömrü boyu ciddiyyətlə əməl etdiyi, həyat kredosuna çevrilmiş vədi düşür: “Mən daha yaxşısını edə bilərəm”.

Vaqif kino üçün yaranıb!

Kinomuz da avqustda doğulub, o da - 55 il fərqlə!..

Əvvəl kino üçün doğulduğundan xəbəri olmayıb, gedib 5 il vaxt sərf edib, Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Amma kinonun tilsimi daha güclü çıxıb, alıb Vaqifi ağuşuna.

Və sənətə bağlı olduğu 40 ildən artıq bir yol ərzində Vaqifi kino, kinomuzu Vaqif xoşbəxt edə bilib.

...Azərbaycan kinosunun 120 yaşının tamamında, 2018-ci ilin avqustu başlananda Vaqifə ölkənin ən ali təltiflərindən birinin verilməsi, onun “Şərəf” ordeninə layiq görülməsi çox rəmzidir.

Millətini və yurdunu şərəfləndirənlər, əlbəttə ki, ŞƏRƏFə layiqdir.

Rafael Hüseynov, akademik, Milli Məclisin deputatı 

525-ci qəzet