www.science.az
03.09.2018 15:19

Alman alim Genetik Ehtiyatlar İnstitutunda olub

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Almaniyanın Münhen Universitet Klinikasının Eksperimental Cərrahiyyə tədqiqat qrupunun rəhbəri, professor Aleksandr Bajinlə görüş keçirilib.

Görüşdə GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, həmin müəssisənin Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov və Azərbaycan Tibb Universitetinin Xarici tələbələrlə iş üzrə dekanı, GEİ-nin İnsan Genetikası laboratoriyasının aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev iştirak edib.

M.Abbasov GEİ-nin strukturu, müasir istiqamətdə aparılan tədqiqatlar, əldə edilən nəticələr, son illərdə institut əməkdaşlarının beynəlxalq jurnallarda dərc edilən elmi məqalələrinin müsbət dinamikası, o cümlədən müasir genetikanın müxtəlif sahələri üzrə yeni yaradılmış laboratoriyaların fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, institutda AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə bitki genetik ehtiyatlarının toplanması, saxlanması və hərtərəfli tədqiqi ilə yanaşı, insan genetikası sahəsində də geniş fundamental tədqiqat işlərinə başlanılıb və çox sayda xaricdə təhsil almış gənc mütəxəssislər tədqiqatlara cəlb olunub. Bundan əlavə, institut beynəlxalq layihələrdə aktiv iştirak etməklə yanaşı, həm də ölkə daxilində iri şirkətlər və klinikalarla da sıx əməkdaşlıq edir.

Professor A.Bajin Münhen Universitetində biotibb üzrə aparılan tədqiqatlar və əməkdaşlıq imkanları haqqında məlumat verib və bildirib ki, onun laboratoriyasında dünyanın müxtəlif ölkələrindən çox sayda tədqiqatçı elmi işlərini yerinə yetirirlər. Onun elmi rəhbərliyi ilə professor Orxan İsayevin apardığı tədqiqatların əhəmiyyəti haqqında da məlumat verib və 2017-ci ildə mühüm bir məqalənin yüksək impakt faktorlu jurnalda nəşr olunduğunu diqqətə çatdırıb. Hazırda O.İsayevin kök hüceyrələri üzrə apardığı tədqiqatların böyük əhəmiyyətə malik olduğunu deyən A.Bajin yaxın gələcəkdə ilkin nəticələrin nəşr ediləcəyini vurğulayıb.

Müzakirələr zamanı Avropa Komissiyasının "HORİZON-2020", "Erasmus+" kimi böyük layihələrində birgə iştirak və Almaniya səfirliyinin koordinasiya etdiyi DAAD və s. proqramlar çərçivəsində institutun gənc tədqiqatçılarının Münhen Universitet Klinikasının Eksperimental Cərrahiyyə şöbəsinə müxtəlif xarakterli tədqiqatların aparılması məqsədilə göndərilməsi haqqında ilkin razılığa gəlinib.

Daha sonra GEİ-nin Biotexnologiya şöbəsinin tərkibində fəaliyyət göstərən Genomika, İnsan genetikası və Komputer genomikası laboratoriyalarına baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.