Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Vasif Babazadənin 80 yaşı tamam olur
03.09.2018 11:56
  • A-
  • A
  • A+

Akademik Vasif Babazadənin 80 yaşı tamam olur

Sentyabrın 2-də Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, Əməkdar elm xadimi, Dövlət mükafatı, "Şöhrət" və "Şərəf" ordenləri laureatı, akademik Vasif Babazadənin 80 yaşı tamam olur.

Babazadə Vasif Məmməd Ağa oğlu 2 sentyabr 1938-ci ildə Bakı şəhərində anadan olub. O, 1945-1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində təhsil alıb, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya- coğrafiya fakültəsində mühəndis-geoloq ixtisasına yiyələnib.

1959-1961-ci illərdə SSRİ Geologiya Nazirliyinin I saylı Geoloji-kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji-Kəşfiyyat ekspedisiyasının böyük kollektor, böyük geoloq, geoloji kəşfiyyat partiyasının rəisi, 1961-1964-cü illərdə BDU-nun kiçik elmi işçisi, 1973-1980-ci illərdə həmin universitetin Geologiya-coğrafiya fakültəsinin dekanı vəzifələrində işləyib. 1986-cı ildən indiyə kimi BDU-nun Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, eyni zamanda Yer ehtiyatların aerokosmik tədqiqatları ETL-nin elmi rəhbəri vəzifəsində çalışır.

V.Babazadə 1964-cü ildə "Kiçik Qafqazın ofiolit zolağının xromit yataqlarının geoloji əmələ gəlmə və yerləşmə şəraitləri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Sevan-Qarabağ zonasının endogen filiz formasiyaları (Kiçik Qafqaz)" mövzusunda doktorluq işini müdafiə edib. O, 1977-ci ildə professor elmi dərəcəsini alıb, 1989-cu ildə AMEA-nın müxbir, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Alim ilk dəfə olaraq yerin ofiolit qurşağının metallogeniyasını işləyib, Kiçik Qafqazın böyük uzunluqlu civə qurşağını ayırıb, Cənubi Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən edib. Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:600.000), faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsini (miqyas 1:600.000), Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsini (miqyas 1:200.000) tərtib edib. Ölkəmizin qızıl, mis, molibden və xromit yataqlarının proqnozlaşdırılmasını və sənaye perspektivliyinin qiymətləndirilməsini həyata keçirib, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırıb.

V.Babazadə 350-dən artıq elmi əsərin, o cümlədən 40 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Onun xaricdə çap edilmiş əsərlərinin sayı 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunan məqalələrin sayı isə 35-dir. Akademikin rəhbərliyi altında 30 fəlsəfə, 11 elmlər doktoru hazırlanıb.

V.Babazadə Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978), Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007), "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017), Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018) və "Şərəf" (2018) ordeni mükafatlarına layiq görülüb.

Görkəmli geoloq-alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: