Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.08.2018 14:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Təbriz Universitetinin 70 illik yubiley tədbirində iştirak ediblər

Azərbaycanlı alimlər Təbriz Universitetinin 70 illik yubiley tədbirində iştirak ediblər

Avqustun 29-da Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə İranın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Tədbirdə İranın Elm və Tədqiqatlar Nazirliyinin nümayəndələri, Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliənnağı Hüseynov, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin baş konsulu Çağlar Fəxri, Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi tədbiri açaraq rəhbəri olduğu təhsil ocağının tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Qeyd edib ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir və burada tarix, ədəbiyyat, fizika-riyaziyyat, kimya-biologiya, tibb, hüquq və başqa fakültələr fəaliyyət göstərir. O, universitetin İranın Şərqi Azərbaycan vilayətinin ictimai-siyasi və iqtisadi həyatında önəmli rol oynadığını söyləyib.

Sonra çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər, o cümlədən təhsil sahəsində də inkişaf edir. O, birgə proqramlar və qrantlar üzrə qarşılıqlı əlaqələrin davam etdirildiyini, eləcə də tələbə mübadiləsinin həyata keçirildiyini deyib. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan Abel Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Təbriz Universitetinin 70 illik yubileyində Azərbaycandan iki akademikin iştirak etməsini hər iki dövlət arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Akademik İranın elmi mühitində Təbriz Universitetinin xüsusi yerinin olduğunu bildirib, müəssisənin müəllimlərinin məqalələrinin dünyanın nüfuzlu elmi jurnallarında dərc edildiyini vurğulayıb.

Təbriz Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında yaradılan əlaqələrin tarixinə nəzər salan akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün hər iki qurum birgə elmi layihələr və tələbə mübadiləsi həyata keçirir. Məhəmmədhüseyn Şəhriyarın, Şəms Təbrizin yubiley tədbirlərinin birgə keçirildiyini deyən İsa Həbibbəyli Azərbaycanın ali təhsil müəssisələri ilə Təbriz Universiteti arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Yubiley tədbiri çərçivəsində universitetlər arasında qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək üçün BDU ilə Təbriz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tədbir Təbriz Simfonik Orkestrinin iştirakı ilə mədəni proqramla davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: