www.science.az
30.08.2018 11:13

Süni intellektə malik ekzoskelet təqdim edilib

“LG” şirkəti süni intellektlə təchiz olunmuş ekzoskeleti təqdim edib. Qurğu öz peşəsinə görə iş gününün çox hissəsini ayaq üstündə keçirməyə məcbur olan insanlar üçün nəzərdə tutulub.

Ekzoskeletin elementlərindən biri döşəmədə sürüşməni təmin edən və öz istifadəçisinin fizioloji xüsusiyyətlərinə avtomatik uyğunlaşan ayaqqabılardır. İstehsalçıların fikrincə, bunun sayəsində oynaqlara yüklənmə azalır. “LG CLOi SuitBot”a inteqrasiya edilmiş süni intellekt özü öyrənmək, istifadəçiyə və onu əhatə edən mühitə uyğunlaşmaq imkanına malikdir.

Qeyd edək ki, “LG CLOi SuitBot” ilk ekzoskelet deyil. “Honda”, “Panasonic”, “Lockheed Martin” və digər tanınmış şirkətlər analoji qurğuların istehsalı ilə məşğul olublar. Yeni ekzoskeletin imkanları haqqında hələ ki, ətraflı məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekzoskelet Almaniyanın paytaxtı Berlində keçiriləcək “IFA 2018” Beynəlxalq istehlak elektronikası sərgisində təqdim ediləcək.

www.techcult.ru