www.science.az
24.08.2018 09:50

Azərbaycanın şimal-qərb rayonlarının təbii və mədəni dendroflorasının müasir vəziyyəti araşdırılıb

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun rəhbərliyi ilə müəssisənin bir qrup əməkdaşı “Azərbaycan dendroflorası” kitabının IV-V cildlərinin işlənib hazırlanması məqsədilə Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında elmi ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi qeyd edilən bölgələrin təbii və mədəni dendroflorasının müasir vəziyyətinin araşdırılması, yayılma areallarının dəqiqləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin invertarziyası olub.

Tədqiqatlar zamanı Marxal, Car meşələrində, eləcə də birinci və ikinci Tala kəndləri arasındakı meşə ərazisində, İlisu Dövlət Təbiət Qoruğunda ağac-kol bitkilərinin yayılma arealları “DJI Phantom 4” dronu vasitəsilə 30-400 metr yüksəklikdən çəkilib, əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri dendroxronoloji təhlil edilib.

Bundan əlavə, institutun əməkdaşları AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərliyi ilə birgə zəngin kolleksiya və təcrübə sahələri, o cümlədən tədqiqat laboratoriyaları ilə tanış olublar. Böyük Qafqazın dendroflorasının təhlili məqsədilə birgə layihənin hazırlanması müzakirə edilib.

Ekspedisiya zamanı təbii və mədəni dendrofloradan 870 herbari nümunələri toplanıb və fotoşəkillər çəkilib. Toplanmış herbarilər Dendrologiya İnstitutunun Herbari və toxumçuluq laboratoriyasının fonduna əlavə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.