www.science.az
20.08.2018 12:27

“Həkim Ömər Xəyyam və rübailəri” kitabı İranda çapdan çıxıb

Dünya elmi və ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazananlardan biri, on ikinci əsrin misilsiz riyaziyyatçısı, filosofu və şairi Ömər Xəyyamın bu il 970 yaşı tamam olur. Ömər Xəyyam, ilk növbədə, orta əsrlərin universal zəkalı böyük alimi olsa da, dünyada şair, rübai ustası kimi daha çox şöhrət tapıb. O, Şərq şairləri arasında əsərləri Avropa dillərinə ən çox tərcümə edilən söz ustasıdır.

Təbrizdə yenicə nəşr olunan “Həkim Ömər Xəyyam və rübailəri” adlı irihəcmli kitab dahi sənətkarın ildönümünə layiqli hədiyyə sayıla bilər.

Kitaba AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov geniş müqəddimə yazıb. Akademikin müfəssəl “Ön söz”ündə göstərilir ki, tanınmış ədəbiyyat məftunu və naşir Əli Polad (Əliəsğər Vahabzadə) son illərdə Ömər Xəyyam şəxsiyyəti və irsinin təbliği istiqamətində səmərəli və əhatəli iş görür. Onun tərtibində Xəyyam rübailəri Tehranda farsca, İstanbulda türkcə, Moskvada rusca, Təbrizdə Azərbaycan dilində ərəb əlifbasında nəşr edilib. Eləcə də həmin silsilədən 2009-cu ildə Bakıda XX əsrdə yaşamış müxtəlif Azərbaycan şairlərinin tərcüməsində Ömər Xəyyam rübailəri gözəl tərtibatda işıq üzü görüb.

Qeyd etmək lazımdır ki, sadalanan nəşrlərin hamısı akademik R.Hüseynovun yazdığı və Ömər Xəyyamın həyat və yaradıcılığından, dünya şöhrətindən bəhs edən ətraflı giriş məqalələri ilə başlayır. Son Təbriz nəşrinin özünəməxsusluğu ilə bağlı Rafael Hüseynov yazır: “İlk dəfə olaraq bir kitab içərisində Ömər Xəyyam rübailərinin müxtəlif türk xalqlarının dillərinə tərcümələri toplanıb. Kitabda 34 şairin Xəyyam irsindən etdiyi seçmə rübailərin çevirmələri yer alır. Azərbaycan və Türkiyə türkcəsində, özbək dilində Xəyyam rübailəri əvvəllər dəfələrlə ayrıca kitab halında nəşr olunsa da, ilk dəfədir ki, tatar, qaşqay, xələc, qaqauz və digər türk xalqlarının təmsilçilərinin etdiyi tərcümələrlə eyni bir kitabda qovuşur. Həm də tərcümələri bu kitabda əksini tapan şairlərin xeyli fərqli dövrlərdə yaşaması onun göstərcisidir ki, Xəyyamın müdrik rübailəri türk xalqları arasında həmişə oxunub, sevilib, özününkü hesab edilib”.

İran rəssamlarının məxsusi olaraq bu kitablar silsiləsi üçün çəkdiyi cazibəli miniatürlərlə bəzənmiş yeni kitabda Ömər Xəyyamın şeirlərinin tərcüməsi ilə yanaşı, orijinalları da verilib ki, bu da tutuşdurma aparmağa, çevirmələrin səviyyəsi barədə doğru qənaət əldə etməyə imkan verir.

Bu ilin noyabrında Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ömər Xəyyama həsr edilən beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. Həmin konfrans çərçivəsində “Həkim Ömər Xəyyam və rübailəri” kitabının da təqdimatı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.