www.science.az
07.11.2013 00:00

“Azərbaycan teatrı – 140” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Bu il milli dəyərlər sisteminə əsaslanan, milli mədəniyyətin inkişafında mühüm rol oynayan Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illiyi tamam olur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti 1 mart 2013-cü il tarixində “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün AMEA Rəyasət Heyətinin 11 aprel 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri əsasında Tədbirlər planı hazırlanıb. Bu haqda AMEA Rəyasət Heyətinin noyabrın 6-da keçirilən iclasında məlumat verilib.

Tədbirlər planına əsasən, 27 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Dövlət Teatr Muzeyi cəlb olunmaqla “Azərbaycan teatrı – 140” mövzusunda elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.