www.science.az
01.08.2018 11:33

AMEA ilə Rusiya EA Ural şöbəsinin Udmurtiya Federal Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub.

Nümayəndə heyətinin üzvləri Böyük Vətən müharibəsi zamanı həlak olmuş əsgərlərin xatirəsini yad edərək, Udmurtiyanın döyüş və əmək abidəsini ziyarət ediblər. Qonaqlar üçün respublikanın Parlament binasında Parlamentarizm muzeyinin ətrafında ekskursiya təşkil edilib.

Səfər çərçivəsində AMEA ilə Rusiya Elmlər Akademiyası Ural şöbəsinin (REAUŞ) Udmurtiya Federal Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və REAUŞ-in Udmurtiya Federal Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini icra edən Aleksey Seminixin imzalayıblar.

Keçən əsrin 50-ci illərində yazıçı-tərcüməçi Mixail Petrov tərəfindən udmurt dilinə tərcümə edilərək Udmurtiya səhnəsində tamaşaya qoyulmuş “Arşın mal alan” operettasının xüsusi cildə salınmış orijinal surəti akademik İsa Həbibbəyliyə hədiyyə edilib. 

Müqavilənin imzalanması mərasimində REAUŞ-nin Federal Araşdırmalar Mərkəzinin Udmurtiya Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Lyudmila Bextereva, Elm və təhsil nazirinin müavini İrina Kroxina, respublika Milli siyasət nazirinin müavini Nelli Mamayeva, Kamsk Humanitar və Mühəndis Texnologiyaları İnstitutunun rektoru, professor Valeri Nikulin və başqaları iştirak ediblər.

Səfər çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Jurnalistlər İttifaqı arasında Anlaşma memorandumu imzalanıb. Memorandumu MŞ sədri Əflatun Amaşov və Udmurtiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko imzalayıblar.

Daha sonra nümayəndə heyəti məşhur “Buranovskiye babuşki” xalq musiqi kollektivinin qonağı olub və onların fəaliyyətini əks etdirən ekponatlara baxıblar. Azərbaycanda keçirilmiş “Avrovijn” müsabiqəsində ikinci yer qazanmış “Buranovskiye babuşki” kollektivinin udmurt dilində ifa edilən Müslüm Maqomayevin "Mənim Azərbaycanım" mahnısı qonaqların böyük marağına səbəb olub. "Buranovskiye babuşki"nin rəhbəri Olga Tuktareva qeyd edib ki, bu mahnını onlar Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq ifa ediblər.

Səfər çərçivəsində Udmurtiyadakı “Dostluq” Azərbaycan İctimai Mərkəzinin fəalları ilə də görüş keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.