www.science.az
27.07.2018 12:24

“Alimlər şəhərciyi”ndə tikinti işləri uğurla davam etdirilir

Azərbaycan Milli  Elmlər Akademiyasında (AMEA) əməkdaşların sosial şəraitinin yüksəldilməsi, xüsusən də gənclərin mənzil təminatı məsələsinin həlli, eləcə də onların asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü islahatlar həyata keçirilir. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) AMEA əməkdaşları üçün nəzərdə tutulan kooperativ yaşayış kompleksinin tikintisi bu tədbirlər çərçivəsində ən uğurlu layihələrdəndir. 

“Science city” yaşayış kompleksinin icraçı direktoru Fərid Vaqiflinin verdiyi məlumata görə, şəhərciyin inşası plana uyğun olaraq sürətlə davam etdirilir. Hazırda 12 mərtəbə,  iki  blok, 154 mənzildən  ibarət  olan ilk binanın dördüncü mərtəbəsində tikinti işləri görülür. Tikintisində yüksək keyfiyyətli materialların istifadə olunduğu binanın 2 il ərzində təhvil veriləcəyi gözlənilir.

Onun sözlərinə görə, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması,  “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunaraq memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklərin tətbiq edilməsi və müasir dizaynda 1, 2, 3 otaqlı mənzillərin tikilməsi planlaşdırılır.

F.Vaqifli yay aylarında təkcə AMEA əməkdaşlarının deyil, onların ailə üzvlərinin də istirahəti üçün şəraitin yaradılması və yay məktəblərinin təşkilinin prioritet məsələlərdən olduğunu deyib. Bildirib ki, ekoloji təmiz ərazidə yerləşən “Science City” yaşayış kompleksində müvafiq sosial infrastrukturun yaradılması, eləcə də ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektlər üçün qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.