www.science.az
24.07.2018 14:03

Alimlər ölkəmizdə çayçılığın müasir vəziyyətini müzakirə ediblər

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu (TAİ) və Lənkəran Regional Elmi Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında çayçılığın və çəltikçiliyin inkşafına dair 2018-2027-ci illərdə Dövlət Proqramı” nın yerinə yetirilməsi ilə əlaqədar Lənkəranda növbəti elmi-praktiki seminar keçirilib.

Tədbirdə TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev, Azərbaycan Kənd Təsərüfatı Nazirliyinin Quba Meyvəçilik və Çayçılıq Elmi–Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Teyyub Rzayev və başqaları iştirak ediblər.

Seminarda çayçılığın inkişaf etdirilməsində rast gəlinən çətinliklər və onların aradan qaldırılması, əkin texnologiyaları və digər məsələlər müzakirə olunub. Çıxış edənlər çayçılığın inkişafı üzrə mühüm məsələlərin həll olunmasının və bu sahədə gələcəkdə birgə işlərin aparılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycanda 2027-ci ilədək 2000 hektar torpaqda çay əkilməlidir. Bunun üçün müvafiq torpaq tədqiqatı aparılmalı, çay tingləri hazırlayan müəssisələr olmalıdır.

Müzakirələrdə, eyni zamanda, çayçılığın elmi prinsiplər əsasında inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.