www.science.az
04.05.2014 00:00

“Əyləncəli elm” Xaçmazda

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində Xaçmazda məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirildi. Şagirdlər üçün fizika, kimya və biologiyaya dair maraqlı təcrübələr nümayiş etdirildi. Susay kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova təhsilin inkişafına dövlət qayğısından danışdı. Bildirdi ki, Xaçmazda 25 min 375 nəfər şagird təhsil alır. Onlar hər il¬ fənn olimpiadaları və digər növ yarışlarda iştirak edirlər. Regionlarda təhsilin, intellektual gəncliyin inkişafı üzrə proqram və layihələr rayonda uğurla icra olunur.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov sözlərinə görə, akademiya regionlarda məktəblilər arasında elmin kütləvi təbliğini həyata keçirir. Məqsəd ölkədə gənc nəslin elmə marağının artırılmasıdır. Bununla əlaqədar, alimlərin ilk görüşü Şamaxıda təşkil olunmuşdur. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən irəli gəlir.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək akademiya haqqında, o cümlədən strukturu və görkəmli alimləri barədə məktəblilərə qısaca məlumat verdi. O, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışaraq, yeniyetmələr arasında elmə marağı artırmaq üçün səyləri birləşdirməyin vacibliyini vurğuladı. Bildirdi ki, elmin populyarlaşdırılması, o cümlədən orta məktəblərdə təbliği akademiyanın kadr siyasətinin tərkib hissəsidir. Qeyd etdi ki, gənclərin potensialından səmərəli istifadə, onların elmə cəlb edilməsi AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir.

Sonda AMEA-nın Fizika, Radiasiya Problemləri, Kataliz və Qeyri-Üzvi Kimya institutları, həmçinin Mərkəzi Nəbatət Bağının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirdilər. Mərkəzi Nəbatat Bağının gənc alimi Fərid Seyfullayev ağaclardan götürülmüş nümunələr əsasında onların yaşı, növü və yaşamış olduğu illərdə iqlim şəraitini müəyyən etməyin yollarını diqqətə çatdırdı. Məktəblilərə süni vulkan püskürmələri, rəngarəng maddələrin reaksiyaları, fiziki qurğuların “məharətləri” və digər təcrübələr də təqdim olundu. Nümayişlərin elmi izahları, məişət və istehsalatdakı rolu haqqında məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılandı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.