www.science.az
24.07.2018 09:03

Dövlət dili siyasətində yeni addım

Müstəqil dövlət üçün dil siyasəti ölkənin və xalqın milli-mənəvi varlığının təmin edilməsi və inkişaf etdirilməsinin ən zəruri şərtlərindən biri kimi mühüm əhəmiyyətə malikdir. Ana dilinin dövlət dilinə çevrilməsi və geniş tətbiq imkanlarına malik olması xalqın və dövlətin əsas nailiyyətidir. Müşahidələr göstərir ki, dünyada mövcud olan müstəqil dövlətlərin, o cümlədən yeni müstəqillik qazanmış ölkələrin heç də hamısında bu məsələ tam, axıradək həll olunmamışdır. 

Dövlət dili olaraq ikidilli, hətta üç dilə istinad edən dövlətlərin mövcudluğu məlumdur. Yeni müstəqil dövlətlərin bir çoxunda dövlət dili statusunda “ikinci ünsiyyət dili” faktoruna da yer ayrılmasına dair reallıqlar vardır. Yaxud müstəqil dövlətlərdə vahid əlifba, türkdilli ölkələrdə isə latın əlifbasına keçid məsələləri də hələlik heç də arzu olunan səviyyədə həll edilməmişdir.

Azərbaycanda isə ana dili - dövlət dili münasibətlərinin dilin daşıyıcısı olan xalqın konstitusiya hüquqları səviyyəsində həlli təmin edilmişdir. Ana dilindən dövlət dili səviyyəsində istifadə olunması və xalqın dilinin dövlət dili səviyyəsinə qaldırılması Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan tarixi xidmətdir. Ulu öndər Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində müttəfiq respublika rəhbərləri içərisində ilk dəfə olaraq dövlət əhəmiyyətli tədbirlərdə ana dilində nitq söyləməsi, rəsmi idarələrdə ana dilində yazışmalara meydan açması keçmiş sovetlər ittifaqı miqyasında baş verən qeyri-adi hadisələr idi. Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin 1978-ci ildə, SSRİ-nin ən inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin dövlət dili kimi respublikanın Konstitusiyasında rəsmi olaraq xüsusi maddə kimi qəbul etdirməyi bacarması zamanına görə mühüm tarixi hünərdir. 

Bakı Dövlət Universitetində görkəmli dilçi alimlər tərəfindən hazırlanmış çoxcildlik “Azərbaycan dili” dərsliklərinə görə həmin sanballı nəşrin müəlliflərinin respublika Dövlət mükafatına layiq görülməsi də sovet hakimiyyəti çərçivəsində ölkə rəhbərinin milli siyasət aparmağı bacarmaq istedadının bariz nümunəsi, konkret əməli nəticəsidir. Müstəqillik dövründə azərbaycançılıq məfkurəsinin dövlət ideologiyası səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin apardığı milli siyasətin möhtəşəm yekunudur. Ölkəmizdə latın qrafikasına keçid də dövlət dili siyasətinin üzvi tərkib hissəsi olub, ana dilinin işlək imkanlarının daha da genişləndirilməsinə, dünya azərbaycanlıları ilə əlaqələrin intensivləşdirilməsinə geniş imkan yaradan dövlətçilik baxımından çox əhəmiyyətli tədbirdir. 

Dövlət dilinin daha da inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı müstəqil siyasətin aparıcı istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev yeni tarixi epoxada ana dilini dövlət səviyyəsində inkişaf etdirmək məsələsinə qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi kimi strateji vəzifələrdən biri, bəlkə də birincisi kimi baxır. Bu mənada dövlət rəhbərinin qəbul etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə dil siyasətinin möhkəmləndirilməsi ilə yanaşı, dilçilik elminin inkişaf etdirilməsi baxımından geniş üfüqlər açmışdır. 

Azərbaycan Milli Elmlər Akademiyası sistemində, xüsusən Nəsimi adına Dilçilik İnstitutunda, eyni zamanda ali məktəblərimizdə, tərcümə mərkəzlərində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunur. Xüsusən, milli terminologiyanın formalaşdırılması, təkmilləşdirilmiş ali və orta məktəb dərsliklərinin yaradılmasına doğru addımların atılması, qədim dillərin öyrənilməsi müasir dövrün əhəmiyyətli gedişləridir. Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili” internet portalının istifadəyə açılması, kompüter dilçiliyinin inkişaf etdirilməsi bu sahədə əldə olunan mühüm nəticələrdir. 

Dilin daxili imkanlar hesabına daha da inkişaf etdirilməsi, ana dilinin bütün zənginliklərinin üzə çıxarılaraq işlək istifadə sferasına cəlb edilməsi, kütləvi informasiya vasitələrində ana dilinin imkanlarından istifadənin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi müasir dövrün mühüm vəzifələri sırasında dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki nitqində ana dilinin saflığının qorunması və dilimizin zənginliklərindən istifadə imkanlarının genişləndirilməsinə dair çağırışları elmi və ədəbi-mədəni mühitdə böyük əks-səda doğurmuş, dilçilik elminin müasir inkişafına təkan verilmişdir.

Kütləvi informasiya vasitələrində ana dilindən düzgün istifadənin daha da yaxşılaşdırılması istiqamətində Nəsimi adına Dilçilik İnstitutunda, Mətbuat Şurasında həyata keçirilən müzakirələr, aparılan monitorinqlər bu sahədə ciddi irəliləyişə kömək göstərir. Bundan başqa, son illərdə Milli Elmlər Akademiyasında dilçilik sahəsində lüğətçilik işinin genişlənməsi, alınma sözlərin, terminoloji, türkmənşəli ifadələrin lüğətlərinin, dialektoloji atlasın hazırlanıb nəşr edilməsi dilin daxili zənginliklərinin üzə çıxarılmasına və dövriyyəyə daxil edilməsinə meydan açmışdır. Orfoqrafiya lüğətinin və yeni orfoqrafiya qaydalarının hazırlanması üzrə aparılan genişmiqyaslı müzakirələr və mübahisələr də nəticə etibarilə dövlət dilindən istifadə prosesində ədəbi dil normalarının gözlənilməsinə və dilimizin daxili imkanlar hesabına zənginləşdirilməsinə və ən başlıcası isə alınma sözlərin dildə istifadəsinin təkmilləşdirilməsinə zəmin yaradır, yol açır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamları ilə klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin, habelə dünya ədəbiyyatı örnəklərinin dövlət səviyyəsində latın qrafikası ilə kütləvi tirajla nəşr edilib ölkəmizin bütün dövlət və özəl kitabxanalarına göndərilməsi də yeni nəsillərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm strateji əhəmiyyətə malik olan tədbirdir.

Nəhayət, ölkəmizdə Dövlət Dil Komissiyasının yaradılması və bu nüfuzlu komissiyaya ölkə rəhbərinin sədrlik etməsi dövlət dilinə müstəqil Azərbaycan Respublikasının hansı səviyyədə yüksək münasibət bəslədiyini bütün dolğunluğu ilə ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”kı 17 iyul 2018-ci il tarixli sərəncamı ölkəmizdə ardıcıl olaraq aparılan dövlət dili siyasətinin məntiqi davamı olub, həm də bu istiqamətdə yeni tarixi şəraitdə qarşıda duran vəzifələri müəyyən edən tarixi sənəddir. Bu, strateji mənada, müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı böyük nüfuzu və ölkəmizə olan cəlbedici maraqları nəzərə almaqla dünya ölkələri ilə əlaqələrin daha da genişləndirilməsinə hesablanmış mühüm addımdır. Bu, Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiya proseslərinin daha da sürətləndirilməsinə yol açan əhəmiyyətli qərardır. Bu, ölkəmizdə təhsil almaq istəyən xarici ölkə vətəndaşlarının əvvəldən Azərbaycanı bütün yönləri ilə yaxından öyrənib tanımalarına, təhsil almaq üçün münasib ali məktəb seçimi etmələrinə əlverişli şərait yaratmaq deməkdir. Bu, sözün geniş mənasında beynəlxalq tələbə mübadiləsi bazarında Azərbaycanın layiqli yer tutmasına geniş imkanlar açmaq üçün düşünülmüş addımdır. Bununla son illərdə turist axını baxımından mühüm nailiyyətlər qazanmış Azərbaycan bundan sonrakı mərhələdə tələbə axını dalğasına da, necə deyərlər “tələbə turizminə” də nail ola biləcəkdir. Azərbaycan Respublikasında xarici tələbə kontingentinin genişləndirilməsi istər-istəməz ali məktəblərimizdə maddi-texniki bazanın və təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir. Bu işin əhəmiyyəti yalnız ali məktəblərin maliyyə imkanlarının genişləndirilməsi ilə deyil, həmçinin ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsi, ölkələrarası körpülərin yaradılması və möhkəmləndirilməsi baxımından da son dərəcə qiymətlidir. 

Beynəlxalq əhəmiyyət daşıyan və ölkəmiz üçün faydalı və əhəmiyyətli olan bu strateji işin uğurla həyata keçirilməsi üçün sərəncamda qeyd olunan “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın yüksək elmi-metodiki və texniki səviyyədə hazırlanmasına xüsusi diqqət yetirilməsi uyğun qurumların böyük borcu və məsuliyyətli vəzifəsidir. Azərbaycan Milli Elmlər Akademiyasında və respublikamızın ali təhsil müəssisələrində həmin layihənin gerçəkləşdirilməsi üçün kifayət qədər yüksəkixtisaslı mütəxəssislər potensialı və təcrübə mövcuddur. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və digər qurumları Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, habelə “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın hazırlanması, daim əlavə materiallarla zənginləşdirilməsi, yeniləşdirilməsi baxımından üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. İndiki səviyyədə Prezident sərəncamında əsas icraçı kimi adı qeyd olunan Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də ölkəmizdən ötrü əhəmiyyətli olan bu layihəni icra etmək üçün kifayət qədər imkanlara malikdirlər. Qarşıda duran əsas vəzifə müxtəlif qurumların bu sahədəki potensialını əlaqələndirmək və səyləri birləşdirməklə dünya dilləri içərisində böyük imkanlara malik olan Azərbaycan dilini əlçatan səviyyədə beynəlxalq aləmə təqdim etməkdən ibarətdir. Hesab edirəm ki, əsasən xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşları, xüsusən diasporun yeni nəsli üçün də faydalı və əhəmiyyətli olacaqdır. Belə ki, hazırlanacaq Azərbaycan dili portalı dünya azərbaycanlılarına, xarici ölkələrdə doğulub əcnəbi dillərdə orta təhsil alan yeni nəslə həm Azərbaycan dilini daha münasib şəkildə öyrənmək, həm də ölkəmizdə ali təhsil almaq baxımından da əlavə imkanlar yaradacaqdır. Düşünürəm ki, son vaxtlarda yeniləşmə istiqamətində səmərəli addımlar atan Diaspor ilə İş üzrə Dövlət Komitəsi də “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”ndan öz funksiyalarına uyğun şəkildə faydalanacaqdır.

Beləliklə, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”kı Prezident sərəncamı ölkəmizin dünyaya açılan daha bir geniş və cəlbedici pəncərəsidir. “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” respublikamızda dövlət dili siyasətinin strateji vəzifələrini həyata keçirməyə meydan açan dövlət əhəmiyyətli proqramdır. Bu, daim dövlət dilinin keşiyində dayanan, ana dilimizin inkişaf etdirilməsinə həmişə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin istiqamətdə atdığı və nəticə etibarilə ölkəmizin dünya birliyi ilə əlaqələrinin daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır. Azərbaycan ziyalıları, dilçi alimlərimiz möhtərəm Prezidentimizin ana dilinə - dövlət dilinə açdığı yeni imkanları geniş mənada vətənimizin, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsinə, ölkəmizin böyük gələcəyinin təmin edilməsinə dövlət səviyyəsində göstərdiyi böyük qayğının əməli ifadəsi kimi yüksək qiymətləndirirlər.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

"Azərbaycan" qəzeti, 24 iyul 2018-ci il