www.science.az
23.07.2018 17:04

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyinə və muzeyin qarşıdan gələn 80 illiyinə həsr olunan iki plakat hazırlayıb. Plakatlarda Ədəbiyyat Muzeyinin XX əsrin əvvəlləri və müasir dövrə aid görünüşü, bu məkanda keçirilən iclaslar, tarixi görüşlər, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətləri, şair və yazıçılarının şəkillərindən ibarət kollaj əks olunub.

Məlumdur ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi dünyada qədim zamanlardan bu günə qədər bir xalqın ədəbiyyatının keçdiyi inkişaf yolunu əks etdirən yeganə mədəniyyət ocağıdır. Muzeyin binası XIX əsrin ortalarında birmərtəbəli karvansara kimi inşa edilib. 1860-cı ildə Bakı Quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi əsasında binaya ikinci qat əlavə olunub. 1915-ci ildə mülki mühəndis Aleksandr Nikitinin yeni bir layihəsi əsasında isə tikiliyə bir mərtəbə də əlavə olunaraq, bina üçmərtəbəli “Metropol” mehmanxanasına çevrilib.

1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Ədəbiyyat Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları muzeyin hazırda “İstiqlal” zalı adlanan tarixi məkanında keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi məkanda qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.