www.science.az
23.07.2018 14:34

Aqrar elm sahəsində aparılan innovativ yönümlü tədqiqatların nəticələrinin kənd təsərrüfatında tətbiqinə dair müzakirələr aparılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə Elmi Şurasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə Elmi Şuranın sədri, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov seminarı açaraq kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu bildirib. O, bu sahənin inkişafının yalnız müasir səviyyədə innovativ yönümlü elmi tədqiqatların aparılması və əldə edilən elmi nəticələrin intensiv tətbiqi ilə mümkün ola biləcəyini vurğulayıb.

Sonra Z.Əkpərov müasir dövrün çağırışları, ölkə başçısı tərəfindən aqrar elm və təhsil sistemi qarşısında qoyulmuş tələblər barədə danışıb. O, tədqiqatların daha yüksək səviyyədə istiqamətləndirilməsinin və koordinasiyasının vacibliyini önə çəkib.

Daha sonra çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bu kimi tədbirlərin elm və təhsilin inteqrasiyası, aqrar sahədə innovativ məlumatların əldə edilməsi və yüksək ixtisaslı gənc kadrların hazırlanmasında müstəsna rol oynayacağını qeyd edib.

Tədbirdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Aqrar elmi tədqiqatlardan alınmış nəticələr və innovasiyaların kənd təsərrüfatında tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi təmsil etdiyi mərkəzin strukturu, onun tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında aparılan araşdırmaların əsas strateji istiqamətləri və tədqiqat prioritetləri, qabaqcıl texnologiyaların təsərrüfatlara transfer olunması və s. barədə məlumat verib.

C.Təlai elmi-istehsalat xarakterli layihələrin və innovativ klasterlərin həyata keçirilməsi üçün İnnovativ Texnologiyalar Aqroparkının yaradılmasının zəruriliyini vurğulayıb.

Tədbirin sonunda ADAU, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi tədqiqat müəssisələrinin doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə edilib, tədqiqat işlərinin icrası ilə bağlı zəruri tövsiyələr verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.