Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tariximizi öyrənmək üçün dəyərli mənbə
20.07.2018 10:38
  • A-
  • A
  • A+

Tariximizi öyrənmək üçün dəyərli mənbə

Vətənimizdə ibtidai insanların məskunlaşmasının yaşı iki milyon ili ötüb keçir. O vaxtdan orta əsrlərə qədər çoxsaylı arxeoloji abidələr xalqımızın tarixi, maddi mədəniyyəti və məişətinin öyrənilməsində əsas mənbə sayılır. 

Bu baxımdan Qərbin böyük arxeoloqu Qordon Çayldın dəyərli bir fikrini xatırlatmaq yerinə düşər: “Arxeologiya tarix elmində çevriliş etdi. Teleskop astronomun görüş dairəsini genişləndirdiyi dərəcədə arxeologiya da tarix elminin üfüq sahəsini genişləndirdi. Mikroskop biologiya üçün böyük orqanizmin daxilində ən kiçik hüceyrələrin həyatının olduğunu açdığı kimi, arxeologiya da tarix üçün keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırdı. Nəhayət, arxeologiya tarix elminin həcm və məzmununda radioaktivliyin kimyada etdiyi dəyişikliklər kimi dəyişikliklərə səbəb oldu”.

Ötən onilliklər ərzində Azərbaycanda yaşı iki milyon ildən artıq olan Quruçay arxeoloji mədəniyyətindən başlayaraq çoxsaylı zəngin arxeoloji mədəniyyətlər tədqiq olunmuşdur. XX əsrin 50-ci illərindən etibarən qədim və orta əsrlər dövrü tariximizi öyrənən arxeoloq və etnoqraflarımız fədakarlıq göstərərək bu sahədə ardıcıl və sistemli şəkildə tədqiqat aparmışlar. Xatırladaq ki, qədim insan düşərgələri və oradan əldə edilən maddi mədəniyyət nümunələri təkcə Azərbaycan üçün deyil, bütövlükdə ümumdünya sivilizasiyasının və tarixinin aktual problemlərinin öyrənilməsində mühüm rol oynayır.

Müstəqillik illərində ölkəmizdə elmi tədqiqatların miqyası daha da genişlənib, arxeologiya elmi yeni uğurlu mərhələyə qədəm qoyub. Yenicə nəşrdən çıxan “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli və dərin məzmunlu əsər tarixşünaslıq baxımından böyük əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, istedadlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin qələmə aldığı bu kitabda minillikləri ötən tariximiz azərbaycançılıq ideologiyası əsasında işıqlandırılır, maraqlı fikirlər elmi dövriyyəyə gətirilir.  Kitabda tariximizin bütün dövrlərini özündə yaşadan çoxsaylı arxeoloji abidələr barədə ətraflı bəhs olunur. Xalq şairi, akademik Səməd Vurğun maddi irsimizi qiymətləndirərək yazırdı: “Üzərində tarixi qeyd, nəqş və ya təsvir olan hər bir qədim daş vaxtı ilə canlı, yaşayıb-yaradan insanın donmuş ürəyidir: o insan tarixin odu və alovundan keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır..”

Professor Qafar Cəbiyevin oxuculara təqdim olunan bu əsərində qədim Daş dövrünə aid Quruçay və Aşel mədəniyyətləri, Mustye dövrü abidələri kifayət qədər anlaşıqlı bir dildə xarakterizə edilir, çoxillik axtarışlar zamanı üzə çıxmış müxtəlif maddi-mədəniyyət nümunələri tipoloji baxımdan təhlil olunur. Qobustan qayaları və Damcılı mağarasının materialları əsasında Mezolit dövrü insanının həyat tərzi işıqlandırılır.

Tarixşünaslıqda “Neolit inqilabı” adı verilən mərhələ bir çox yenilikləri ilə, istehsal təsərrüfatına keçidin başa çatması ilə yadda qalıb. Təqdim olunan dərs vəsaitində Neolit dövrü abidəsi sayılan Qobustan, I Kültəpə, Əliköməktəpə, Babadərviş və Azərbaycan Respublikası ərazisində yerləşən digər abidələrlə yanaşı, Cənubi Azərbaycanın Urmiya gölü hövzəsindəki Həsənli, Hacı Firuz, Yanıqtəpə və digər yaşayış yerlərinə dair materiallar da təqdim edilir. Məlum olduğu kimi, təsərrüfat və mədəniyyətin yüksəlişi ilə müşahidə olunan Eneolit dövründə Azərbaycan ərazisində oturaq həyat tərzi hökm sürüb, tədricən metaldan istifadə başlanıb, boyalı gil qabların istehsalı genişlənib. Çoxsaylı Eneolit abidələrindən tapılan qadın heykəlləri bu dövrdə qadınların cəmiyyətdəki ictimai mövqeyini göstərir. Kitabda Eneolit dövrü abidələri son dövrün yeni tapıntıları və onların müqayisəli təhlili əsasında oxucuya çatdırılır.

Cəmiyyətin ictimai-iqtisadi və mədəni inkişafında əhəmiyyətli irəliləyişin baş verdiyi Tunc dövrü əsərdə mərhələlər üzrə tədqiq edilir. Bu dövrə aid olan Kür-Araz mədəniyyətinin izlərinə Qafqaz, İran yaylası, Şərqi Anadolu və daha geniş ərazilərdə rast gəlinməsi demoqrafik dəyişiklikdən xəbər verir. Tunc və Dəmir dövrlərində əkinçilik və maldarlıq təsərrüfatının inkişafı patriarxal münasibətləri nizamlayır. Maraqlıdır ki, müəllif arxeoloji tapıntılar əsasında qədim insanın inam və etiqadları barədə də oxucuda təsəvvür yaratmağa çalışıb və buna nail olub.

Dövlətçilik tariximizdə önəmli yer tutan Albaniya və Atropatenanın maddi və mənəvi mədəniyyəti, təsərrüfat həyatı haqqında kitabda verilən məlumatlar elmi əhəmiyyətilə diqqət çəkir. Burada orta əsr şəhərləri, şəhər tipli iri yaşayış məntəqələri, o cümlədən Cənubi Azərbaycan şəhərləri və qalaları barədə bilgilər də əksini tapıb. 

Kitabın maraqlı bölmələrindən biri XX əsr görkəmli Azərbaycan arxeoloqlarının həyat və yaradıcılıqları haqqında ilk dəfə verilən bioqrafik oçerklərdir. Ələsgər Ələkbərov, Davud bəy Şərifov, İshaq Cəfərzadə, Saleh ­Qazıyev, Osman Həbibullayev, Məmmədəli Hüseynov, Qara Əhmədov, Rauf Munçayev, İdeal Nərimanov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Hüseyn Ciddi, Rəhim Vahidov, Fazil Osmanov, İlyas Babayev və başqaları haqqında məlumat son dərəcə maraqlı və gərəklidir. Bu isə həm elmi, həm də tərbiyəvi əhəmiyyətə malikdir.

Kitabda müxtəlif dövrlərə aid abidələr və orada aparılan tədqiqatların nəticələri əksini tapıb. Mətnlə uzlaşdırılan 1000-dən artıq foto və rəsm əsərin əyaniliyini və elmiliyini daha da artırır, abidələr haqqında tam təsəvvür yaradır və onu daha oxunaqlı edir. Arxeoloji qazıntılara, çoxsaylı araşdırmalara əsaslanan bu əsər elm və təhsil ictimaiyyətinə təqdim edilən sanballı dərs vəsaiti, eyni zamanda, ciddi tədqiqatdır.

Fikrimizcə, arxeologiya ixtisası seçmiş doktorantlar, ali məktəblərin bakalavr və magistr pilləsində tarix ixtisasını üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti kimi işlənmiş bu əsər elə geniş oxucu kütləsi üçün də maraqlı ola bilər. Mübaliğəsiz deyə bilərəm ki, öz siqləti ilə seçilən bu sanballı əsər tariximizi dərindən öyrənmək yolunda gənc nəslimizə qiymətli töhfədir.

Teymur Bünyadov, akademik

"Xalq qəzeti", 19 iyul 2018-ci il
 
 
  • Paylaş: