Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun "Ovçu" tarixi romanı müzakirə olunub
19.07.2018 17:01
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun "Ovçu" tarixi romanı müzakirə olunub

İyulun 19-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun "Ovçu" tarixi romanının müzakirəsi keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Y.Oğuzun yaradıcılığından bəhs edib, “Ovçu" əsərinin 2016-cı ilin Aprel döyüşlərinə həsr olunduğunu bildirib.  Tanınmış yazıçının müstəqillik dövründə bədii nəsr sahəsində ardıcıl fəaliyyət göstərdiyini diqqətə çatdıran İ.Həbibbəyli bildirib ki, Y.Oğuz "Atabəylər", "Nadir şah", "Əmir Teymur", "Təhmasib Şah" kimi tarixi romanların müəllifidir. Onun əsərləri bu gün türk dünyasında, xüsusilə də Orta Asiya respublikalarında tanınır. 

Sonra Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözova "Ovçu" romanının əhəmiyyətindən danışıb. Bildirib ki, bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid övladların əziz xatirəsinə elegiyadır. Yazıçı "Ovçu" romanında bu günlə keçmiş arasında bir əlaqə yaradıb. 

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Mustafayev Y.Oğuzun əsərində müasirliklə tarixiliyin vəhdət təşkil etdiyini bildirib. Qeyd edib ki, böyük ideoloji mənası olan əsərdə üç dövr - Alp Arslan, Nadir şah və müasir dövr öz əksini tapır.

Azərbaycan tarixi ilə bağlı bədii, tarixi kitabların yazılmasına ehtiyac olduğunu bildirən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli "Ovçu" romanının Y.Oğuz yaradıcılığının ən dəyərli nümunələrindən olduğunu deyib.

Daha sonra Milli Məclisin deputatı, yazıcı Aqil Abbas “Ovçu" romanı haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu cür tarixi romanların kitabxanalara, xüsusilə tədris müəssisələrinə paylanması gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynaya bilər.

"Ovçu" tarixi romanının ərsəyə gəlməsinə görə Y.Oğuza təşəkkür edən Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev Aprel döyüşlərində qazanılan qələbənin davamlı olacağına inamını ifadə edib.

Sonda çıxış edən Yunus Oğuz “Ovçu” romanının müasir tariximizlə bağlı yazdığı ilk əsər olduğunu və gələcək fəaliyyətində bu mövzuya yenidən müraciət edəcəyini bildirib. O, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: