www.science.az
19.07.2018 12:27

Avropa Komissiyasının "Horizon: 2020" proqramı çərçivəsində bolqarıstanlı alimlərlə birgə elmi seminar təşkil olunub

İyulun 18-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Avropa Komissiyasının "Horizon: 2020" Maria Skladovskaya Küri proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Azərbaycanda elmi ezamiyyətdə olan Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Neofit Rilski adına Cənub-Qərb Universitetinin bir qrup aliminin iştirakı ilə elmi seminar keçirilib.

Elmi seminarda Azərbaycan tərəfini layihədə təmsil edən AMEA Arxeologiya və Etnoqrafiya və Tarix institutlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova cari ilin may ayında AMEA-nın geniş tərkibli nümayəndə heyətinin elmi əməkdaşlıq çərçivəsində Sofiyada görüşlər keçirdiyini, həmçinin rəhbərik etdiyi müəssisə ilə Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutu (muzey ilə birgə) arasında əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladıb. O, Azərbaycan-Bolqarıstan elmi əməkdaşlığının perspektivlərindən söz açaraq, seminarın işinə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan və Bolqarıstan alimləri XIX və XX əsrləri əhatə edən dövrdə Azərbaycan tarixi, mədəniyyəti, elm tarixi ilə bağlı apardıqları tədqiqatlardan bəhs ediblər.

Bolqarıstanlı alimlər “1918-1920-ci illərdə Azərbaycan Milli hökuməti və Sovetləşmənin ilk illərində dil siyasəti və milli quruculuq”, “XIX-XX əsrin əvvəllərində Cənubi Qafqaz bölgəsinin sosial tarixinin problemləri”, “XX əsrdə Azərbaycanda dəfn mərasimi: ənənə və yenilik”, “Azərbaycan kinematoqrafiyasının təşəkkülü”, “1918-1920-ci illərdə Azərbaycan Milli hökumətinin təhsil siyasəti”, “XX əsrin 1-ci yarısında Cənubi Qafqazda azsaylı etnik toplumların tədqiqi” və “XX əsrin 1-ci yarısı Azərbaycan cəmiyyətində qadın” mövzularında elmi məruzələrlə çıxış ediblər.

Elmi seminarda çıxış edən azərbaycanlı tədqiqatçıların elmi məruzələri əsasən “XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda ictimai-mədəni islahatlar”, “İlk tunc dövrü Cənubi Qafqazda qloballaşmanın təzahürü: Kür-Araz mədəniyyəti üzrə yeni məskənlər”,  “Müasir Azərbaycan cəmiyyətində arxeologiya (neolit dövrü üzrə yeni kəşflər)”, “Sovet və post-sovet məkanında arxeoloji nəzəriyyə: primordializmin təzahürü və yeni arxeologiya”, “Azərbaycanda metal pul zərbi: numizmatik materialın dövrlərə görə təsnifi” mövzuları ətrafında olub.

Tədbirdə qarşıdakı fəaliyyət mövsümü ərzində layihə üzvlərinin tədqiq edəcəyi mövzular, həmçinin birgə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.