www.science.az
18.07.2018 14:21

Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrini mükafatlandırıb

İyulun 18-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “AXC-100 işığında: MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” mövzusunda tədbir keçirilib.

KİV nümayəndələrinin, ziyalıların və ictimai xadimlərin iştirak etdikləri tədbir 22 iyul –Milli Mətbuat Gününə həsr olunub.

MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. L.İmanova kitabxananın mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açaraq, MEK-in Azərbaycana aid informasiyanın təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi təkliflər səsləndirib. O, MEK tərəfindən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirildiyini bildirib.

Sonra MEK-in əməkdaşları tərəfindən “AXC-100 işığında: MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” mövzusunda təqdimat keçirilib, kitabxananın müxtəlif şöbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələri barədə məlumat verilib. Sərbəst elektron resurslarla iş, beynəlxalq və ictimaiyyətlə əlaqələr, innovativ layihələr, informasiya resurslarına nəzarət və əlaqələndirmə şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub.

Tədbirdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən, müasir vəziyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan mediası dünyada və ölkədə baş verən hadisələrə kifayət qədər operativ yanaşır, respublikamızın, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. 

M.Ələsgərli kitabxananın fəaliyyətini yüksək dəyərləndirib, Mətbuat Şurasının hər zaman MEK ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskər isə çıxışında mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğıdan danışıb.

Sonra MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın bir illik oxucu kartı təqdim edilib. Mükafatlandırılanlar sırasında science.az portalı da var.

Çıxış edən jurnalistlər MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, kitabxana ilə əməkdaşlığın daha da sıx qurulmasının vacibliyini vurğulayıblar. MEK tərəfindən jurnalistlər üçün yaradılan şəraitə və diqqətə görə təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.