www.science.az
18.07.2018 09:18

Yeni monoqrafiya kimyaçı alimlər tərəfindən maraqla qarşılanıb

Azərbaycanda elmin inkişafı üçün bir cox mühüm amillərdən biri də digər ölkələrin alimləri ilə birgə fəaliyyət göstərmək, qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqdır. Birgə fəaliyyət mübadilə elminə çox böyük təkan verir. Kimya elmi Azərbaycanda hələ qədimdən geniş vüsət tapmış və inkişaf etmişdir. Bu da kimya sahəsində çalışan ölkəmizin görkəmli akademik-alimləri Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Vahab Əliyev, Əli Quliyev və digərlərinin dünya miqyasında kimyanın müxtəlif sahələrində tanınmış məktəblər yaratmalarının məntiqi nəticəsində mümkün olmuşdur.

Sovet dövründə Azərbaycan kimyaçılarının SSRİ Elmlər Akademiyasının və bir sıra respublikaların elmlər akademiyalarının kimya institutları və kimyaçıları ilə geniş elmi əlaqələri olmuşdur.

Bu məktəblər çərçivəsində yeni-yeni gənc istedadlı kimyaçılar fəaliyyətə başlamış, yüksək elmi dərəcə və adlar qazanmış, böyük elmi nailiyyətlər əldə etmişlər. Bu alimlər, eyni zamanda Azərbaycan elminin SSRİ-nin müxtəlif elmi mərkəzləri ilə əlaqələrini genişləndirmişlər.

Bunun əyani sübutu Bakı Dövlət Universitetinin professoru, kimya elmləri doktoru İsmayıl Əliyevin və Rusiya Elmlər Akademiyası Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları - kimya elmləri namizədi L.A.Oparina və akademik B.A.Trofimov ilə birgə müəllifi olduqları “Aromatik tiollar və onların törəmələri” (Novosibirsk, “Akademik nəşriyyat” QEO-2018, 295 s.) adlı monoqrafiyasıdır.

Professor İsmayıl Əliyev 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olmuş, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla universitetdə saxlanılmış, Üzvi kimya kafedrasında üç ay baş laborant vəzifəsində işləmiş, 1973-cü illərdə həmin kafedranın əyani aspiranturasında oxumuşdur.

1976-cı ilin may ayında Azərbaycan Dövlət Universitetində Üzvi kimya ixtisası üzrə akademik Əli Quliyevin rəhbərliyi ilə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir.

1965-ci ildən başlayaraq onun bütün həyatı Bakı Dövlət Universiteti ilə bağlı olub. Aspiranturanı bitirdikdən sonra yenə təyinatla universitetdə saxlanılmış, laborant, axşam və qiyabi şöbədə metodist, 1979-cu ilin sentyabrından başlayaraq universitetin Üzvi kimya kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər yüksəlmişdir. 

İsmayıl Əliyev 1990-cı ildə İrkutsk Dövlət Universitetində Üzvi kimya ixtisası üzrə “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası” mövzusunda doktorluq dissertasiya işi müdafiə edib.

Professor İ.Əliyevin əsas tədqiqat sahəsi aromatiktiolların, kükürdün II, IV və VI valent vəziyyətdə aromatik törəmələrinin və analoqlarının fiziki-kimyəvi xassələri ilə reaksiya qabiliyyətləri arasında əlaqələrdir. Məqsədyönlü yanaşma sayəsində 500-dən artıq aromatik tiolların, onların törəmələrinin və analoqlarının funksional əvəz olmuş törəmələri sintez edilərək geniş və hərtərəfli müasir fiziki tədqiqat üsulları ilə araşdırılaraq maraqlı və əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Onun tərəfindən üçlü alkilarılsulfidlərin yeni asan alınma üsulları müəyyən edilmişdir. Kükürd üzvi birləşmələrin aromatik törəmələrinin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. Bu üzvi maddələrdən 300-dən artığı ilk dəfə olaraq professor İsmayıl Əliyev tərəfindən sintez edilmiş, bəzi üzvi maddələrin tətbiq sahələri müəyyən olunmuşdur. İlk dəfə olaraq alkiltioarıketoksimlərə “Trofimov reaksiyası” əsasında asetilenin, vinilhalogenidlərin və 1,2-halogenalkanların təsiri öyrənilərək əvvəllər məlum olmayan alkiltioarilpirrollar və onların N-vinil törəmələri sintez olunaraq geniş tədqiq olunmuşdur. Sintez edilmiş ariltioasilatlar neft məhsullarında antimikrob aşqar kimi, bəzi arilorqanilsulfidlərin isə sürtkü yağlarına aşqar kimi tətbiq sahəsi tapılmışdır. Tərkibində kükürd saxlayan yeni pirrollar analitik reaktiv kimi perspektivlidir. Aparılmış tədqiqatlar gələcəkdə məqsədyönlü şəkildə arzu olunan xassəyə malik maddələrin sintezinin aparılmasına imkan verir.

Professor İ.Əliyev 250-dən çox elmi əsər, o cümlədən 1 monoqrafiya, 3 dərslik, 6 dərs vəsaiti, 9 patent və 2 müəlliflik şəhadətnaməsinin həmmüəllifidir.

SSRİ dövründə Rusiya Elmlər Akademiyası Şərqi Sibir bölməsinin A.E.Favorski adına İrkuts Kimya İnstitutu ilə başladığı əməkdaşlığı Sovetlər İttifaqı dağıldıqdan sonra da professor bugünə kimi davam etdirmiş və birgə əməkdaşlığın bəhrəsi olaraq üzvi kimya sahəsində yüksək nəticələr əldə etmişdir. Uzun illərin uğurlu əməkdaşlığı üzvi kimyaya dəyərli töhfə verən monoqrafiyanı ərsəyə gətirmişdir.

İ.Ə.Əliyev, L.A.Oparina, B.A.Trofimov “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq bölməsinin akademik katibi, “Uspexi ximii” jurnalının baş redaktoru akademik Mixail Petroviç Yeqorovun redaktorluğu ilə nəşr olunmuşdur.

Monoqrafiyanın rəyçiləri REA Ural bölməsinin Üzvi Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Oleq Nikolayeviç Çupaxin, Rusiya Elmlər Akademiyası Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun professorları N.K.Qusarova və S.V.Amosovadır. Professor İ.Əliyevin həmmüəllifi olduğu monoqrafiya onun 50 il ərzində “Aromatik tiollar və onun törəmələri” sahəsində apardığı fundamental elmi tədqiqat işinin bir hissəsidir.

Monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunmuşdur. Bir sıra hallarda müqayisə üçün oksigen və selen analıqları da sintez edilmişdir. Əsas diqqət sintez üsullara ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyayagirmə qabiliyyətlərinin tədqiqinə yönəlmişdir. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyaları göstərilir. Kitabın əhəmiyyətli hissəsini müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir.

Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlər vasitəsilə əvəzləyicilərin təsir effektləri analiz edilir.

Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvi sintezlərdə ilkin maddələr kimi analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılır.

“Müxtəlif oksidləşmə dərəcəli kükürd atomunun qonşu aromatik sistemlərlə qarşılıqlı əlaqəsilə bağlı nəzəri məsələlərə həsr olunmuş fəsil xüsusi elmi önəmə malikdir. Burada çox vaxt korrelyasiya analizi incəliklə tətbiq edilməklə, 1H, 13S, 17O, 19F, 33S nüvələrində NMR spektrləri, NKR, İQ spektrləri, həmçinin rentgen fluoressensiyasına dair məlumatlar yüksək peşəkarlıqla təhlil edilir. Bütün bu məlumatlar toplusu aromatik sulfidlərin elektron və konformasion quruluşunun anlaşılması üçün unikal materialdır, həmçinin onların reaksiya qabiliyyətini və mümkün praktik tətbiq istiqamətlərini öncədən müəyyən etməyə imkan verir”. 

Həqiqətən də professor İ.Əliyevin bu sahədə apardığı tədqiqat işi üzvi kimyada “kompas” rolunu oynayır və əvvəlcədən istənilən xassəli və keyfiyyətli maddələri sintez etməyə istiqamət verir.

Monoqrafiya kimyaçı-sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmakologiya sahəsində çalışan kimyaçılara ünvanlanmışdır. Kitab həmçinin mühəndis-texnoloqlar, biznesmenlər, element kükürdün utilizasiyası ilə məşğul olanlar, müəllimlər, doktorantlar, magistrantlar və tələbələr üçün faydalıdır.

Sözügedən monoqrafiyanın ərsəyə gəlməsi Azərbaycan elminin dünya elminə inteqrasiyasının bariz nümunəsidir, professor İsmayıl Əliyevin simasında Azərbaycan alimlərinin dünya alimləri sırasına daxil olmasının sübutudur.

Dünya kimyaçılarının marağına səbəb olacaq bu kitab təkcə onun müəlliflərinin deyil, Azərbaycan elminin nailiyyətləri, Azərbaycan-Rusiya alimlərinin dostluğunun bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Vaqif Fərzəliyev, AMEA-nın Kimya Elmləri bölməsinin akademik-katibi v.i.e., akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik

"Azərbaycan" qəzeti, 18 iyul 2018-ci il