www.science.az
06.05.2014 00:00

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli türkoloq-alim Tofiq Məlikli ilə görüş keçirildi

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli türkoloq-alim, Moskva Dövlət Linqvistika Universitetinin Türk dili və Mədəniyyətləri Mərkəzinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Tofiq Məlikli ilə görüş keçirildi.

Muzeydə pedaqoji və elmi təcrübə keçən Bakı Dövlət Universitetinin Şərqşünaslıq, Türk filologiyası fakültələri tələbələrinin iştirak etdiyi görüşdə görkəmli alimin elmi tədqiqatlarının uğurlu nəticələrindən danışılıb.

Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov Moskvada yalnız elmi araşdırmalar və təhsil məsələləri ilə deyil, geniş ictimai fəaliyyətlə də məşğul olan Tofiq Məliklinin “Ocaq” Moskva-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi fəaliyyətindən, Azərbaycan diasporunun fəal üzvü kimi gördüyü işlərdən söz açdı: “Tanınmış mədəniyyət xadimi, şair, türkoloq-alimin türk ədəbiyyatına həsr etdiyi monoqrafiyalar, eləcə də türk yazarlarının görkəmli nümayəndələrinin əsərlərini orijinaldan tərcümələri Azərbaycanda həmişə böyük rəğbətlə qarşılanıb. Alim, eyni zamanda Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədridir”.

R.Hüseynov bildirdi ki, Tofiq Məlikli türk ədəbiyyatının tədqiqi, rus və Azərbaycan dillərinə tərcüməsi, türk xalqları mədəniyyətinin təbliği ilə məşğul olmuş görkəmli alimlərdəndir. Moskva Dövlət Linqvistika Universitetində Qərb və Şərq ədəbiyyatları kafedrasının professoru, həmçinin Rusiya Federasiyası Türkologiya Komitəsinin “Beynəlxalq Elmi Əlaqələr” bölməsinin müdiridir.

T.Məlikli “Yeni türk şeiri və Nazim Hikmət”, “Köklər və budaqlar. Türk mədəniyyətlərində ənənə və novatorluq problemi”, “Türk ədəbiyyatı tarixi”, “Nazim Hikmət. Poeziya və poetika”, “Dahinin tənhalığı – Fazil Hüsnü Dağlarca” kimi monoqrafiyaların, türk ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı məqalələrin, türk ədəbiyyatının rus və Azərbaycan dillərinə, eləcə də Azərbaycan ədəbiyyatının türk dilinə bir çox tərcümələrinin müəllifi kimi tanınır.

Sonda R.Hüseynov ilk dəfə Bakıda keçirilmiş türkoloji qurultayın 90 illiyinin 2016-cı ildə Azərbaycanda keçirilməsi təklifini də irəli sürdü.

Görüşdə çıxış edən professor Tofiq Məlikli öz fəaliyyəti barədə məlumat verdi, tələbələrin suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.