www.science.az
17.07.2018 15:43

Rusiyanın "Mexatronika, avtomatlaşdırma, idarəetmə" elmi-tədqiqat və sənaye jurnalının baş redaktoru ilə görüş keçirilib

AMEA İdarəetmə Sistemləri İnstitutunda Rusiyanın "Mexatronika, avtomatlaşdırma, idarəetmə" elmi-tədqiqat və sənaye jurnalının baş redaktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professoru Nikolay Filimonov ilə görüş keçirilib.

Görüşdə institutun direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi müəssisədə yerinə yetirilən elmi-tədqiqat işləri barədə qonağa ətraflı məlumat verib.

Daha sonra professor N.Filimonov İdarəetmə Sistemləri İnstitutunun təklif etdiyi layihələr, burada hazırlanan cihaz və qurğular, həmçinin əməkdaşların monoqrafiyaları, xarici nüfuzlu jurnallarında dərc olunmuş məqalələri və s. materialları əks etdirən sərgi ilə tanış olub.

Anomal seysmik proseslərin qeydə alınması üçün quraşdırılan telemetrik seysmostansiyaların iş prinsipi və zəlzələnin baş verəcəyi zonaların parametrlərinin qeyd olunması mexanizmi qonağın xüsusi marağına səbəb olub.

Prof. N.Filimonov, həmçinin "Yenilməz riyaziyyatlaşdırılma və müasir idarəetmə nəzəriyyəsinin çoxşaxəli trendi" mövzusunda təqdimatla çıxış edib.

Görüşdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.