www.science.az
17.07.2018 11:31

Nizami və zərdüştilik mövzusunda ətraflı araşdırma

“Mütərcim” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” adlı kitabı işıq üzü görüb.

Monoqrafiyada Azərbaycanda ilk dəfə olaraq Nizami yaradıcılığında zərdüştilik elementləri geniş şəkildə tədqiq edilib. 

“Xəmsə”nin hər beş poemasından nümunələr göstərilərək zərdüştilik fəlsəfəsi təhlil edilib. “Nizaminin dini görüşlərinin ədəbiyyatşünaslıqda qoyuluşuna dair”, “Nizamidə zərdüştiliyin qaynaqları” və “Nizamidə zərdüştilik fəlsəfəsi və ehkamları” başlıqlı üç fəslin hər birində həmin məsələlər müfəssəl şəkildə araşdırılıb.

İ.Quliyev, həmçinin bu sahədə əcnəbi alimlərin yanaşmalarına da öz münasibətini bildirib. Əsərdə zərdüştilik görüşləri ilə yanaşı bu dinə xas ehkamlar, ayinlər, mərasimlər və terminlər ilk dəfə olaraq sistemli şəkildə araşdırılıb.

Kitab Nizaminin əsərlərinin farsca orijinalı əsasında yazılıb və Nizami irsinin araşdırılmasında yeni töhfədir.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları akademik Teymur Kərimli və professor Rafiq Novruzovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.