www.science.az
16.07.2018 10:31

“Poisk” qəzetinin növbəti sayında Gəncə haqqında məqalə dərc olunub

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti sayında qədim Gəncə şəhəri haqqında geniş məqalə dərc edilib.

Materialda Böyük İpək Yolu üzərində yerləşən, dahi Nizami Gəncəvinin doğulduğu bu şəhərin əsrlər boyu Azərbaycanın tarixində mühüm rol oynadığı bildirilir. Məqalədə, həmçinin Nizami Gəncəvinin əsərləri barədə danışılır, böyük şairin məqbərəsinin bu şəhərin yaxınlığında olduğu bildirilir. 

Yazıda Gəncənin tarixi haqqında da söhbət açılır. Qədimliklə müasirliyin qovuşduğu Gəncədə Karvansaray, Çökək Hamam, Şah Abbas Məscidi, Cavad xan Türbəsi, “İmamzadə” Dini Kompleksi və Nizami Məqbərəsi ilə tanış olan müəlliflər oxuculara şəhərin tarixi barədə ətraflı məlumat veriblər. 

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, Əməkdar rəssam Şərif Şərifov Gəncədə görkəmli şəxsiyyətlərin şərəfinə ucaldılmış abidələr, bu qədim diyarda fəliyyət göstərən muzey və mərkəzlər, həmçinin müasir memarlıq nümunələrindən bəhs ediblər. 

www.poisknews.ru